Heydər Əliyev Fondundan bir ricam var…

Heydər Əliyev Fondunun Afrikaya yardım etdiyini eşitdim, qürurlandım. Belə humanist addımlara bəşəriyyətin çox ehtiyacı var. Ancaq həddim olmasa da, təşəbbüslərin daha səmərəli olması üçün bir təklif vermək istəyirəm.
Hörmətli Fond rəhbərliyi! Intizamlı vətəndaş kimi, mən hər gün AzTV-nin xəbərlərini, analitik proqramlarını dinləyirəm.  Oradan öyrəndiyimə görə, Almaniya bu dəqiqə ən pis gündə yaşayan ölkələrdəndir.
Almaniyada hazırda işsizlik kəllə-çarxa çıxır; sosial müavinətlər gecikdirilir; Ümumi Daxili Məhsul azalıb; insanların sabaha inamı tükənib… Bundan başqa, əhalinin xeyli hissəsində sağlamlıq sığortası olmadığından müxtəlif xəstəliklərdən əziyyət çəkirlər…
Bəşəriyyətə dahilər bəxş etmiş alman xalqı gözümüzün önündə yarıtmaz idarəetmə ucbatından fəlakətin bir addımlığında dayanıb. Mən başa düşürəm ki, Almaniyada bizim günü-gündən rövnəqlənən, çiçəklənən iqtisadiyyatımıza paxıllıq edən siyasətçilər var, onlar bu arada bizi çox əsəbiləşdirdilər. Hesab edirəm ki, Heydər Əliyev Fondu həmişə olduğu kimi, indi də cılız intriqalara uymayaraq, Afrika ilə yanaşı, Almaniyaya da öz əlini uzatmalıdır.
Xaricə işləmək necə olur?
Tənqidçi medianı, müxalifəti gözdən salmaq üçün hakimiyyətin təkrarladığı bir söz var: bunlar xaricə işləyir! Hüquqda qaydadır: ittiham olunanın yox, ittiham edənin borcudur ki, ittihamı əsaslandırsın. Yəni, Azərbaycandan kimsə rahatlıqla xaricə işləyirsə və nəticədə xalqın mənafeyinə zərbə vurusa, bunun məsuliyyətini hökumət daşıyır. Əziyyət çəkib o adamları tapsınlar, cəzalandırsınlar.
Demək istədiklərimsə ayrıdır. Hakimiyyət həmişə demirmi ki, bu müxalifət Azərbaycanın problemlərini xaricdə qabartmaqla onun imicini ləkələmək istəyir?
Demirmi ki, xarici mətbuatda problemləri işıqlandırmaqla erməni dəyirmanına su tökür?
Demirmi ki, “ev bizim sirr bizim” olmalıdır?
Deyir!
Bəs arxadaşlar, Rəhim Qazıyevin dünən “Azadlıq”da yayımlanan müsahibəsinə niyə onların sözü yoxdur?
R.Qazıyev deyir, 1992-ci il mayın 13-də Heydər Əliyev əcnəbi “Reuters”ə müsahibəsində dövlətin müdafiə imkanlarını itirdiyini, Qarabağ döyüşünü aparmaq gücü olmadığını söyləyib. Necədi sizin üçün?
Hə, ani şübhəniz yaransa ki, Qazıyev bunu uydurur, o zaman mən sizi mübarək “Axundov” kitabxanasına dəvət edirəm. O zamankı “Vışka” qəzetində həmin bəyanatı oxumaq olar.
Xahiş edirəm, YAP-ın gülməşəkər funksionerlərindən, buyursunlar, açıqlama versinlər. Izah etsinlər, neyçün “dünyanın bir nömrəli, dahi və öncəgörən siyasətçisi” ermənilərin asanlıqla xəbər tutacağı bir xarici mənbəyə elə sözlər deyib?
Niyə dövlətin daxili sirrini ifşa edib?
Qızıl
Möhtərəm “Azadlıq” radiosunun Azərbaycanın qızıl yataqları ilə bağlı araşdırmasını dünən oxudum və çökdüm. Ilham Əliyev ora da əl qoyub, qızılın 80 faizi onun övladlarının adına rəsmiləşdirilir. Biz Ilham Əliyevin pulunu sayıb qurtara bilməzkən, oradan onun qızıl yataqları çıxdı.
Kasıbın işi nədir, xəyal qurmaq… Mən də o araşdırmanı oxuyandan sonra özüm-özümə deyindim.
Əcəba, Əli Insanovun evindən çıxan qızıl külçələr Ilham Əliyevin sexində istehsal olunmayıb ki?
O qızıllardan teşt düzəldəcəksinizmi, əlahəzrət?
Onu xoşbəxt saymaq olarmı? Qızıldan bəxti də var, taxtı da.
Onun atasının əli dəmir idi. Özünün isə sağ əli də, sol əli də qızıldır.