Fərhad Əliyev yenidən məhkəməyə müraciət edib

Sabiq nazir Avropa Məhkəməsinin qərar və tövsiyyələrinə əməl olunmamasından şikayətçidir

2005-ci ildə həbs olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycan dövləti ilə yenidən məhkəmə çəkişməsinə start verib. Səbəb Azərbaycanın Avropa Məhkəməsinin çıxardığı qərar və tövsiyələrə əməl olunmamasıdır.
Müstəqil Informasiya Agentliyinin yaydığı məlumata görə, bununla belə sabiq nazir şikayətində ölkənin siyasi rəhbərliyi ilə münasibətlərini yenidən kəskinləşdirməmək üçün iddia ərizəsini xeyli yumşaldıb. O, cavabdeh qismində Azərbaycanın siyasi hakimiyyətini və ya Ədliyyə Nazirliyini deyil, Insan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu göstərib. Fərhad Əliyev məhkəmədən Avropa Məhkəməsinin çıxardığı qərarın icra edilməməsinin qanunsuz olduğunun təsdiq edilməsini və həmçinin, buna görə şəxsinə vurulmuş maddi və mənəvi təzminat tələb edir. Lakin birinci instansiya məhkəməsi, yəni 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi onun iddialarını haqlı saymayıb. Ona görə də sabiq nazir apellyasiya şikayəti verib.
Avropa Məhkəməsinin Fərhad Əliyevlə bağlı qərarı 2010-cu il noyabrın 9-da çıxarılıb. Məhkəmə sözügedən qərarında Fərhad Əliyevin həbs olunarkən və həbsdə saxlanıldığı vaxt azad və təhlükəsiz yaşamaq hüququnun, təqsirsizlik prezumpsiyasının pozulduğunu təsdiqləyib. Məhkəmə həmçinin bu hüquq pozuntularıyla əlaqədar Azərbaycan hökumətinin üzərinə Fərhad Əliyevə vurulan mənəvi ziyana görə 16 min, çəkilən xərclərə görə isə 25 min avro (cəmi 41 min avro) təzminat ödəmək öhdəliyi qoyub.
Ancaq üç aya yerinə yetirilməli olan iş il yarımdır ki, yubadılır. Bir-necə ay əvvəl Aropa Şurası Nazirlər Komitəsinin Strasburqda keçirilən toplantisinda da bu məsələ müzakirə olunub.
Məsələ ilə bağlı hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev “Azadlıq”a açıqlamasında ümumiyyətlə Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrası sahəsində ciddi problemlərin olduğunu bildirib: “Azərbaycan hökuməti bu qərarlarla bağlı qurbanlara kompensasiya ödəməklə işini bitmiş sayssa da, həmin qərarların icrası dövlətlərin üzərinə konkret xarakterli tədbirlərlə yanaşı, ümumi xarakterli tədbirlər görmək öhdəliyini də qoyur. Öhdəliklərin icrasına nəzarəti isə Avropa Şurasının Nazirlər Komitəsi Strasburq Məhkəməsi həyata keçirir. Bu qurum  qərarlarının icrasıyla bağlı Məhkəmənin müəyyən etdiyi kompensasiyanın ödənilməsi ilə yanaşı qərarda göstərilən pozuntunun aradan qaldırılması və zərərçəkmiş üçün pozuntudan əvvəl olan şəraitin bərpa edilməsi məqsədilə fərdi tədbirlərin həyata keçirilməsini, Məhkəmənin qərarında müəyyən olunan pozuntuya analoji olan yeni və ya davam edən pozuntuların qarşısının alınması üçün ümumi tədbirlərin həyata keçirilməsini yoxlayır”.
Intiqam Əliyevin sözlərinə görə, siyasi motivli işlər Ali Məhkəmənin Plenumuna çıxarılmır. Bununla da qanunvericiliyin tələbi kobud surətdə pozulur. Hüquqşünas bildirib ki, Fərhad Əliyevin işi də bu kateqoriyadandır.