VHP-də qalmaqal

Sədr müavini ilə təşkilat şöbəsinin müdiri arasında «Almaniya davası»

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) funksionerləri – partiya sədrinin müavini, deputat Fəzail Ibrahimli ilə partiyanın Təşkilat şöbəsinin müdiri Samir Əsədli arasında mübahisə düşüb.
APA-nın məlumatına görə, mübahisəyə səbəb S.Əsədlinin “facebook” sosial şəbəkəsində F. Ibrahimli haqqında yazdığı status olub. O, F. Ibrahimlinin Milli Məclisdəki (MM) çıxışını özündə əks etdirən yazının linkini paylaşıb. F. Ibrahimlinin həmin çıxışı AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin Azərbaycana qarşı tutduğu mövqe ilə bağlı olub. F. Ibrahimlinin sözlərinə görə, Almaniyadakı bəzi qüvvələrin Azərbaycana qarşı apardığı kampaniyanın arxasında erməni lobbisi durur.
S. Əsədli isə öz “facebook” sosial şəbəkəsində Almaniya tərəfdən Azərbaycanla bağlı bəyanatların arxasında erməni lobbisinin durmadığını yazaraq bu fikri söyləyən F. Ibrahimlini tənqid edib. O əlavə edib ki. F. Ibrahimlinin dedikləri VHP-nin mövqeyini əks etdirmir.
VHP sədrinin müavini, deputat Fəzail Ibrahimli isə APA-ya açıqlamasında partiyada Samir adlı şəxsi tanımadığını deyib: “Mən neçə illərdir VHP-dəyəm, orda elə adamı tanımıram. Indi kimsə mənim haqqımda bir düşüncə yazacaq. Mən də ona cavab verəcəyəm? Tanımıram onu”.
APA-nın əldə etdiyi məlumata görə isə S. Əsədlinin “facebook” sosial şəbəkəsində F. Ibrahimli haqqında yazdığı statusdan sonra bu barədə məlumat deputata çatıb. F. Ibrahimli bundan əsəbiləşərək S. Əsədliyə telefon açıb. Tərəflər arasında ciddi mübahisə düşüb.
S.Əsədli isə hələlik bu barədə açıqlama vermək istəməyib.