93-dən bu ölkədə Demokratik Respublika yerinə Ailə hakimiyyəti – mafiya dövləti quranlar özlərinin son sığınacaqlarına doğru sıxışdırılmaqdadırlar. Rusiyaya satılmaqla, Dağlıq Qarabağ başda olmaqla, ölkəmizi Rusiyaya satıb hakimiyyətə gələnlər, Rusiyanın Ruşaylolu, Lebedevli yardımları ilə hakimiyyət sürənlər dünyanı gəzib-dolanandan, illərlə aldadıb barmaqlarına dolayandan sonra yenidən əski sığınacaqlarına sığınmaq soraqları sərgiləməkdədirlər. Düzünə qalsa, 19 illik hakimiyyətləri boyunca onlar özlərinin əski Rusiya sığınacaqları ilə üzülüşməmiş, eləcə qopub ayrılma görüntüsü yaratmışdılar – özlərini demokratik dünyaya sırımaq, demokratik dünyanı aldatmaq üçün.
Indi, illər sonrası, demokratik dünya, demokrartik dünya birliyi bunların çoxillik demokratiya yalanlarından bezərək ortaya konkret iş qoymalarını istəyir. Avropa da, Amerika da bunların indiyədək görmədikləri dirəniş göstərməkdədir: demokratiya, insan hüquqları! Buna görə Avropa Şurası, Avropa Birliyi, NATO bunların gözünə düşmən kimi görünməkdədir. Buna görə ölkənin çoxsaylı, çözülməsi çətindən çətin problemlərinin üstündən saymazyana keçərək çağdaş dünyanın siyasi arenasında epizodik rolları ilə tanınan ölkələrin yolsuzluqdan yaratdığı NEYTRALLAR blokuna qoşulmuşdular. Qoşulmuşdular, özü də necə bir pəhəpəhlə! Bunu bunların qoşulduğu çoxsaylı birlik-blokların sonuncusu saymaq olardı. Olardı – bizim düşüncəmizə görə. Bunların birlik-blok fantaziyasının bir belə geniş, bitib-tükənməz olduğunu bilməzdik.
Yeni birlik-blok yolçuluğundan danışırlar. Özü də xarakter özəlliklərinə, dünyagörüşlərinə uyğun olaraq, bir daha yalana əl atmaqla: “Azərbaycan xüsusən qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha çox dəstək almazsa, qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və yeni bloka daxil ola bilər”, – bunu PA-nın “beynəlxalq” sözçüsü deyir. Kəlbəcər başda olmaqla, Dağlıq Qarabağı 7 qıraq rayonla birgə verib hakimiyyətə gəliblər, sonra da bu dönüklük faktını Batını şantaj faktoruna çevirirlər! Yada “Qoğalın nağılı” düşür:
– Undum, qoğal olmuşam; süd ilə yoğrulmuşam; nənədən də qaçmışam; babadan da qaçmışam: özümə yol açmışam. Indi səndən də qaçaram.
– Hara qaçarsan?
– Gətir, qulağına deyim: indi qaçacaq bircə yer qalır – Rusiya.
Bax beləcə, bunlar indilikdə Azərbaycana gərəkən, az-çox işimizə yarayacaq bütün qurumlardan – Avropa Şurasından, Avropa Birliyindən, NATO-dan qaça-qaça gedirlər. Necə? Lap o nağıldakı qoğal kimi. Sizə qoğalın sonundan danışım. Öz bildiyinə görə, hamını aldadan, hamıdan qaçan qoğal sonda gedib bir ŞIMAL tülküsünə ürcah olur. Yağlı qoğalı görən tülkünün ağzının suyu axır, dadlı dillə qoğala üz tutur: gəl çıx, o gözəl mahnını burnumun üstündə oxu, dinləyim. Qoğal tullanıb çıxır tülkünün burnunun üstünə. Ağzını açıb oxumaq istəyincə tülkü “hopp” eləyib onu udur.
Antimilli Məclisdə də yekə bir qalmaqal, çığır-bağır yaşanıb. Batını yetərincə yıxıb sürüyüblər. Ən gözəl, ən sanballı çıxış da, sözsüz, deputatbaşı Oqtay Əsədovun çıxışı olub. O, Ştrasserin iç üzünü açıb töküb, onun necə “səviyyəsiz” olduğunu deputatlara çatdırıb. Bunlardan rüşvət, korrupsiya yoldaşlığı ummayanların hamısının potensial “səviyyəsiz” olduğu bizə çoxdan bəllidir. O.Əsədov bütün demokratik dünyanın Azərbaycana “qərəzlə” yanaşdığını yana-yana bildirib, ölkəmizlə bağlı demokratiyadan, insan hüquqlarından çox danışsalar da, “bir milyona yaxın qaçqının problemi barədə bir kəlmə də danışmırlar”, – deyə od püskürüb.
Ah, qaçqınlar, qaçqınlar! Sizə görə, sizin dərdinizdən bu hakimiyyət ölkədə rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu DÖVLƏT SIYASƏTINƏ çevirib, demokratiyaya tüpürüb, insan hüquqlarını ayaqlar altına atıb. Yalnız sizə görə…

Satqın siyasətlərin sonuncu sığınacağı: Rusiya
•