Ölkə daxilində hər hansı bir yerə gedəndə “Xoş gəlmişsiniz!” şüarı ilə bərabər, prezidentin atası ilə olan şəkli də gələn qonağı salamlayır. Fərqi yoxdur, bu, ən məşhur şəhər, rayon da ola bilər, çoxdan unudulmuş kənd də, YAP-a dəxli olmayan idarə də. Hətta bir dəfə mən iki-üç səfirliyin yerləşdiyi binanın girişində Heydər Əliyevin büstünü də görmüşəm və yaxşı yadımdadır, onda möhkəm çaşmışdım. Çünki həmin binaya gedəndə özümü Sokratın, Aristotelin, Diogenin, …şəkillərini, büstlərini görməyə kökləmişdim.
Amma mümkün deyil, ONLAR hər yerdədir, həm də həmişə ayaq üstə. Həmin heykəlləri eyni qəlibdə istehsal edənlərin, şəkilləri eyni kadrdan çıxardanların nə zövqü var, nə də fantaziyası. Əcəba, ONLAR heç oturmadılarmı, kitab, qəzet oxumadılarmı, xəyala dalmadılarmı?.. Bizlər öyrəncəliyik, soyuq daşlarla baş-başa qalmağa vərdiş etmişik. Amma incəsənətə dəyər verməyi bacaran, heykələ zövq almaq üçün baxan əcnəbilərdən ayıbdır. Kompüterdəki “heykəllər” qovluğumda dünyanın müxtəlif ölkələrində olan heykəllərin şəkillərini toplamışam. Internetdə heykəl axtarışı edəndə kiçik bir əcnəbi şəhərində bəlkə, yüzlərlə müxtəlif heykələ rast gəlmək olar, amma bütöv Azərbaycanda ancaq bir adamın heykəlinə.
Yəqin çoxu fikir verib, qohum-əqrəbanın, dost-tanışın evinə qonaq gedəndə isə gündüzlər bir-birinin ətini yeməyə hazır olan, gecələr ayrı-ayrı otaqlarda yatan ərlə-arvadın böyük çərçivəyə salınan qoşa təbəssümlü şəklini evin ən görkəmli yerində divardan asılır. Bəlkə də elə evimizin divarına vurduğumuz şəkillərin ani xoşbəxtliyinə aldandığımızdan, vərdiş etdiyimizdəndir ki, faciələr içində “xoşbəxtcəsinə” bir ömür yaşaya bilirik. Təsəvvür edin, ərlə arvad ölüm-dirim savaşına başlayır və bu zaman hər ikisi divardan onlara baxan özlərini – iki xoşbəxtin şəklini görəndə bozarmış üzlərindən, qızarmış gözlərindən utanıb, tərki-silah olurlar. Və beləcə şəkildəki bir saxta təbəssüm xətrinə canlarını dişlərinə tutub it-pişik kimi yaşamağa illərlə davam edirlər.
Yeri gəlmişkən, bu yaxınlarda yeni ev alan bir tanışımgilə qonaq getmişdim. Evə girəndə, tanışımın köhnə evindəki “qoşa xoşbəxtlər” şəklini görmək fikri ilə istər-istəməz divarlara baxdım. Yuxarı başda, böyük çərçivəyə salınan it şəklini görəndə diksindim. Elə bildim, ər-arvadın illərlə it-pişik kimi yaşamasını bildiyimdən məni qara basır. Evin xanımı heyrətimi hiss etdi. Və xoşbəxtcəsinə gülüb dedi ki, bu, Qaşqadı. Xanım “Qaşqa” deyən kimi o biri otaqdan balacaboylu, uzunsov formada olan bir it qaça-qaça gəlib qarşımızda dayandı. Xanım ona dedi ki, Qaşqa, narahat olma, get otağına, səninlə işim yoxdur. Sonra başladı Qaşqanın bioqrafiyasını danışmağa. Dedi ki, Qaşqa çox qanacaqlı, tərbiyəli itdir, heç vaxt yataq otağımıza girməz, paltarlarımızı dəyişəndə gözlərini yumur. Tanışım arada qarğış da etdi: “Qaşqanın qada-bəlasını aparsın ədəbsiz televiziya rəhbərləri! Uşaqlar televiziyanın üzünə həsrət qalıblar, Qaşqa ilə başlarını qatıram”. Xanım onu da əlavə etdi ki, iyunun 1-i, saat 12.00-da Qaşqanın 6 yaşı tamam olacaq. Bu münasibətlə hər il onun şəklini “Space” telekanalına yollayırıq, onlar da təbrik edirlər. Bəzən elə olur ki, kefimizə düşür, onu bayram günlərində də “Space” vasitəsi ilə təbrik edirik. Xanım, demək olar, övladları haqqında heç nə danışmadı, mövzusu ancaq Qaşqa bala oldu: “Təbrikə xərclənən 5-10 manat Qaşqanın kəklinə qurban, onun sayəsində daha nə döyülürəm, nə də ağır söz eşidirəm. Bir-iki dəfə ərim mənə hücum edəndə Qaşqanın çox üzüldüyünü görmüşük, hətta kədərdən ulayıb. Odur ki, sevimli Qaşqamıza psixoloji əzab verməmək xətrinə daha dalaşmırıq. Ailəmizdə it ilindən, əkizlər bürcündən təkcə Qaşqadır”. Bu zaman əri xanımı çağırdı. Xanım yerindən tərpənincə Qaşqa həyətə qaçdı və geri qayıdıb həyəcanla xanımın üzünə baxmağa başladı. Sanki demək istəyirdi ki, bir az tələs, vacib işdir. Əlbəttə, elə zirək köməkçini kim çox istəməz ki.
Ayrılanda isə tanışım dedi ki, yadındadır, bir dəfə oğlumun doğum gününə tort bişirmişdin. Bax, istəyirəm ki, Qaşqam üçün o tortdan da böyüyünü, qəşəngini, dadlısını bişirəsən. Üstündə də yekə hərflərlə yaz: “Doğum gününün kutlu olsun, Qaşqa!”. Sözün düzü, şirniyyatla məşğul olduğum müddət ərzində birinci dəfə idi, it üçün tort sifarişi alırdım. Çox məsuliyyətli sifariş idi. Indidən əminəm ki, sifarişi böyük sevgi ilə yerinə yetirəcəyəm. Çünki elə dəyərli it üçün nəinki tort bişirmək, hətta heykəl qoymaq, adına nəğmələr yazmaq, haqqında film çəkmək olar. Ən azı bir ailəni xoşbəxt etməyi bacarıb, onları faciələrdən, qəm-qüssədən qoruyur. Amma təəssüf ki, ölkəmizdə ailələri faciələr içində boğanlara heykəl qoyulur, şəkilləri televiziya ekranlarının, ölkə divarlarının yuxarısında görünür. Bu ölkədə yaşayan ağıllı itin də bəxti qara yazılıb…

Qaşqanın qara bəxti
•