Oqtay Əsədov Səudiyyə Ərəbistanına niyə gedib?

Hakimiyyət ABŞ-a yaxınlaşmaq üçün ərəb şeyxlərinin dəstəyindən yararlanmağa çalışır

Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 4-dən 8-dək Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olacaq. Bu barədə APA-ya MM-in mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Sahibə Qafarova, Imamverdi Ismayılov, Çingiz Əsədullayev, Aydın Mirzəzadə, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər zamanı nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin sədri Abdullah bin Məhəmməd bin Ibrahim Al Şeyxlə, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri və ölkənin digər rəsmi şəxsləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Burada keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, qanunvericilik sahəsində təcrübə, informasiya mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Milli Məclisin nümayəndə heyəti Şura Məclisinin fəaliyyəti ilə yaxından tanış olacaq, Məclisin iclasında iştirak edəcək.
Səfər müddətində nümayəndə heyəti Ciddə və Mədinə şəhərlərində olacaq, buradakı müqəddəs yerləri ziyarət edəcəklər.
“Azadlıq”a daxil olan məlumatlarda isə deyilir ki, Səudiyyə Ərəbistanına səfərin arxasında başqa məqsədlər dayanır. Bildirilir ki, Azərbaycan hakimiyyəti Qərbin demokratiya çağırışlarını sərtləşdirməsindən narahatdır. Xüsusilə, Avropa strukturlarının ardıcıl bəyanatları hökuməti təşvişə salıb. Bu bəyanatlar həm də Qərblə hakimiyyət arasında münasibətlərdə gərginlik yaradıb. Hakimiyyət düşünür ki, vəziyyətin bu cür davam etməsi onlar üçün acınacaqlı sonluqla bitə bilər. Bu baxımdan qabaqlıyıcı tədbirlər görmək planlaşdırılıb. Hakimiyyət ilk növbədə hər vəchlə ABŞ-la dil tapmaq istəyir. Bunun üçün bütün vasitələrdən istifadə edən iqtidar indi də Yaxın Şərqdə ABŞ-la daha sıx əməkdaşlıq edən Səudiyyə Ərəbistanından yararlanmaq niyyətindədir.

Azad