“Sevinc Osmanqızı daim mənə problematik mövzuda reportajlar hazırlamağa imkan vermir”

“Mənim ətrafımda olan insanlar da müxtəlif cür hədələnirdilər. Vəziyyət o yerə çatdı ki, mən Gəncə Media Mərkəzini də tərk etməli oldum. Çünki Mərkəz yerli QHT-nin nəzdində fəaliyyət göstərirdi və son zamanlar şəhərdə QHT-lərin fəaliyyətində də ciddi problemlər müşahidə edildiyindən, mən, birgə çalışdığım dostarımı risk altına atmaq istəmədim. Onları qorumaq, hədələrə son qoymaq üçün bu işimdən də uzaqlaşmağa qərar verdim”.
Jurnalist, son illər tək onun deyil, Gəncədə fəaliyyət göstərən əksər müstəqil jurnalistlərin ciddi problemlər yaşadığını deyir. Onun sözlərinə görə, Gəncədə artıq məmurların jurnalistlərə qarşı çox açıq, çəkinmədən təzyiq göstərməsi adi hal alıb. Bütün bunlar əvvəllər də olsa da, Gəncəyə yeni İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev təyin olunandan sonra dəfələrcə güclənib:
“Mənə qarşı ilk hədəni də o özü şəxsən, zəng vuraraq göstərib. Birinci dəfə bu, ötən ilin yazında, hələ ANS televiziyasında çalışan zaman, vətəndaşların heç bir kompensasiya ödənilmədən eyvan və müxtəlif tikililərinin sökülməsi haqda reportaj hazırlayarkən baş verib. Daha sonra isə eyni hal, Gəncənin XVIII əsrin tarixi abidəsi hesab olunan Memarlar İttifaqının yerli şöbəsinin uçurulması zamanı təkrarlandı. Bu zaman Elmar Vəliyev təhdidlə yanaşı, bir qədər də irəliyə gedərək məni və televiziya rəhbərliyini təhqir etmişdi”.
Jurnalistin sözlərinə görə, onun bu cür təzyiqlərə məruz qalmasına baxmayaraq, çalışdığı ANS televiziyası nəinki onu müdafiə etmir, əksinə redaksiyada onun bu cür haqsızlıqlara qarşı reportajlar işləməsinə, ümumilikdə fəaliyyətinə çətinliklər yaradılır, hətta onu telekanalla İcra Hakimiyyəti arasındakı münasibətləri korlamaqda ittiham edirdilər:
“Tarixi abidənin uçurulması zamanı çəkiliş apararkən Elmar Vəliyevin göstərişi ilə Icra Hakimiyyətinin əməkdaşları, polis təzyiqlər edərək, bizə hadisə yerində işləməyə imkan vermədilər. ANS isə mənim təkidimdən sonra, nəhayət ertəsi gün, bu haqda gündüz xəbərlərində, yalnız polisin çəkilişə mane olması kimi cəmi bir neçə kəlmədən ibarət məlumat verdi. Həmin vaxt bölgə müxbirlərinin baş redaktoru Sevinc Osmanqızı idi. O, mənim bu olay haqda mediaya açıqlama verməyimdən çox hiddətlənmişdi. Çünki mən, ANS-dən fərqli olaraq təzyilərin bir başa Icra Hakimiyyətinin başçısı tərəfindən edildiyini bildirmişdim. Sevinc Osmanqızı mənə “Sənin bizim İcra Hakimiyyəti ilə münasibətlərimizi pozmağa nə haqqın var?” deyərək, yalnışlıqda ittiham etmişdi”.
Bu olaydan sonra redaksiya ilə münasibətləri kəskinləşən Təhminə Tağızadə, ANS-i də tərk etməli olur:
“Sevinc Osmanqızı daim mənə problematik mövzuda reportajlar hazırlamağa imkan vermir, tez-tez heç bir ciddi səbəb olmadan qərəzlilikdə suçlayaraq, Icra Hakimiyyətinin xətrinə dəyməyəcək sujetlər çəkməyimi tələb edirdi. Bu səbəbdən, bəzən mətnlərimi yumşaltmaq məqsədi daşıyan redaktələrə görə tez-tez mübahisələrimiz olurdu, hətta buna görə sujetlərimin efirə getməsindən imtina edirdim. Mən ANS-i tərk etdiyim ərəfədə, televiziyadan xüsusi çəkiliş qrupu gəldi və Elmar Vəliyevin “quruculuq” fəaliyyətinə həsr olunan geniş reportaj hazırlayaraq efirə verdi”.
Təhminə Tağızadənin sözlərinə görə, bu reportaj onun tənqidi materiallarına təkzib xarakteri daşıyıb və İcra Hakimiyyəti ilə ANS-in onun sayəsində pozulmuş münasibətlərini bir növ bərpa edib.
İnformasiya Şöbəsi