Hollandiyada alternativ “Eurovision” olacaq

Yarışmanın final günü olacaq konsert Azərbaycanda diktaturaya etiraz xarakteri daşıyır

Hollandiyanın Utrext şəhərində “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı və Utrext Universitetinin beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığıyla “Azərbaycanda ”Eurovision” mahnı müsabiqəsi və insan haqları” mövzusunda mühazirə keçirilib. Bu barədə məlumat verən azərbaycanlı siyasi mühacir Isa Yusifli bildirib ki, sözügedən toplantıya Azərbaycanın Hollandiyadakı səfiri də dəvət olunmuşdu, lakin o, debatda iştirakdan imtina edib.
Əvvəlcə tədbir iştirakçılarına Azərbaycan haqda qısa məlumat verilib. Daha sonra “Amnesty International”ın Hollandiya şöbəsinin Qafqaz departamentinin əməkdaşı xanım Alhafaci Azərbaycanda insan haqlarının vəziyyətindən danışıb. Bu ölkədə insanların siyasi baxışlarına görə həbs olunduğunu deyən xanım Alhafaci “Amnesty International”ın Azərbaycandakı vicdan məhbuslarının azadlığa çıxması istiqamətində səylərini davam etdirdiyini bildirib.
Isa Yusifli də öz növbəsində Azərbaycanda insan haqları sahəsindəki vəziyyət, o cümlədən hakimiyyətin son illərdə daha da artan repressiv siyasəti, azad mətbuatın müxtəlif yollarla boğulması istiqamətində atılan addımlar və s. barədə tədbir iştirakçılarına məlumat verib. Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrdən Belarus və Ukraynanın bu layihədən kənarlaşdırılmasına dair müzakirələrin getdiyini yada salan I.Yusifli Azərbaycandakı vəziyyətin həmin ölkələrdən heç də yaxşı olmadığını vurğulayıb. O, Avropa Birliyinin Azərbaycana qarşı da eyni cür prinsipial mövqe ortaya qoyacağına, bunun da ölkədə müsbət dəyişikliklərə gətirib çıxaracağına inamını ifadə edib.
Daha sonra Azərbaycanda keçiriləcək “Eurovision” musiqi yarışması ərəfəsində Hollandiya mətbuatına təsir yolları, bu ölkənin həm ictimai rəyində, həm də siyasi arenasında diqqətin Azərbaycandakı diktatura rejiminə yönəldilməsi barədə fikir mübadiləsi aparılıb. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycandakı diktatura rejiminə etiraz əlaməti olaraq, mayın 26-da – Bakıda “Eurovisin” musiqi yarışmasının finalı keçirilən gün Hollandiyanın paytaxtı Amsterdamda da alternativ “Eurovision” konserti keçiriləcək.

Informasiya şöbəsi