“Qərbin səbrinin tükəndiyini hakimiyyətə ünvanlanan mesajlar göstərir”
Leyla Əliyeva: “Əliyev Lukaşenkonun yolunu gedərək demokratik dövlətləri şantaj edir”
«Hakimiyyət yürütdüyü siyasətlə beynəlxalq aləmdə demokratiyaya qarşı münasibətlərin dəyişilməsini nəzərə almır, bu isə çox təhlükəlidir»
Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərində kəskinləşmə hər ötən gün daha da artmaqdadır. Hakimiyyətin Qərbə qarşı “soyuq müharibə”si xarici diplomatların Ictimai Palata təmsilçiləri görüşündən sonra daha kəskinləşib. Halbuki bu görüş demokratik ölkələrdə adi hal kimi qarşılanardı. Amma Azərbaycan hakimiyyəti ənənəsinə sadiq qalaraq baş verənləri başqa ampluada təqdim etməyə çalışır. Müsahibimiz politoloq Leyla Əliyevadan öncə bu reaksiyanın səbəblərini soruşduq:
– Azərbaycanda hər ötən il demokratikləşmənin vəziyyəti daha da pisləşib. Durum acınacaqlıdır. Amma son zamanlar hakimiyyət özünü narahat hiss etməyə başlayıb. Bütün bunlar beynəlxalq aləmdə geosiyasi ab-havanın dəyişməsindən irəli gəlir. Azərbaycan hakimiyyəti əvvəl ona görə arxayın idi ki, müəyyən yollarla beynəlxalq dairələrdən gələn tənqidləri neytrallaşdırmağa nail olacaq. Bir çox hallarda bu, bəzi xeyriyyəçilik addımlarının atılması, fondlara pul köçürülməsi hesabına edilirdi. Azərbaycanın xeyriyyəçiliyi birinci ledinin və hökumətin bəzi şəxslərinin timsalında Azərbaycanın sərhədlərini aşmışdı. Bütün bu addımların nəticəsində hakimiyyət müəyyən dəstək alırdı. Iqtidar görür ki, əvvəlki metodlarla Qərbin iradlarından yayınmaq olmaz. Amma beynəlxalq təzyiq daxildəki narazılıqla bağlıdır. Əgər Azərbaycan cəmiyyətində hazırkı situasiya ilə bağlı narazılıq olmasaydı beynəlxalq təzyiq də olmazdı. Çünki Azərbaycanda insan hüquqlarının vəziyyəti daha da pisləşməkdədir. Mülkiyyət hüququqlarının pozulması ilə bağlı Azərbaycandan Avropaya ciddi mesajlar getməkdədir. “Ərəb baharı”ndan sonra Qərbdə demokratik dəyərlərin pozulmasına, insan haqlarının tapdanmasına ciddi reaksiya verirlər. Bu isə hakimiyyəti olduqca narahat edən amildir.
Iqtidar Almaniya ilə münasibətləri bilərəkdən korlayır
– Xüsusilə Almaniya ilə münasibətlər kritik həddədir. Milli Məclisin son ssesiyasında Almaniyaya qarşı münasibətin necə radikal olduğunu hiss etdik. Almaniya ilə münasibətlərin bu dərəcədə pisləşməsi digər ölkələrlə Azərbaycanın münasibətlərinə necə təsir göstərə bilər?
– Almaniyanın Azərbaycanda baş verən olaylara kəskin reaksiya verməsi hakimiyyəti qıcıqlandırıb. Almaniya mətbuatında, xüsusilə “Şpigel”də gedən məqalələr iqtidarı narahat edib. Almaniya mətbuatı hakimiyyətin real üzünü göstərib. Ərəb ölkələrində baş verən hadisələrin fonunda Azərbaycan hakimiyyətinə beynəlxalq təşkilatlardan, dövlətlərdən ünvanlanan təzyiqlər həssaslıqla qarşılanır. Iqtidar baş verən prosesləri özünə təhlükə sayır.
– Artıq Fransa səfiri Qabriel Keller də Azərbaycan hakimiyyətinin davranışlarına mövqeyini ifadə edib. Fransa səfiri bildirib ki, hakimiyyətin bu addımları onu şoka salıb və almaniyalı həmkarına dəstək olduğunu deyib. Sizcə, hakimiyyətin siyasəti bu istiqamətdə davam edərsə, Avropa dövlətləri və Amerika da bu dəstəyə qoşula bilərmi?
– Hazırda Azərbaycan hakimiyyətinin getdiyi yoldan bir müddət əvvəl Lukaşenko da istifadə etmişdi. Amma bəlkə də sevindirici haldır ki, Lukaşenkodan fərqli olaraq Azərbaycanda bu təbliğatı yalnız hakim partiya aparır. Belarusda bu təbliğatı məhz prezident özü aparırdı. Düşünürəm ki, bu məqam digər səfirləri Almaniya səfirinə dəstək verməkdən saxlayır. Amma bu səfirlərin də, Amerikanın nümayəndəsinin də səbri nə zamansa tükənə bilər. Hakimiyyətin reaksiyasını heç cür izah etmək olmur. Rasional məntiqə uyğun deyil bütün bunlar. Sanki hakimiyyət bilərəkdən Avropanın nəhəng dövləti ilə münasibətləri korlamaq istəyir. Düşünürəm ki, hakimiyyət sadəcə, reallıq hissini itirib. Bu reallıq hissini itirmək ilk növbədə arxayınlıqdan irəli gəlir. Onlar hesab edirlər ki, Azərbaycan indi güclü ölkədir. Azərbaycana hazırda müxtəlif istiqamətlərdən təkliflər gəlir. Avropa Azərbaycanda NABUCCO layihəsini icra, digər enerji layihələrində yardım etmək istəyir. Azərbaycanın geosiyasi sahədə rolu artıb. O anlayır ki, hazırda bir sıra nüfuzlu dövlətlərin regionda maraqları var. Bütün bunları nəzərə alaraq Azərbaycan öz vacibliyini hiss edir. Hakimiyyət bütün sərhədləri aşıb, artıq özlərini reallıqdan uzaq hiss edirlər. Iqtidar münasibətləri kəskinləşdirdikcə, bütün diplomatik və etik normalar barədə unudur. Bu isə yaxşı heç nə vəd etmir.
Azərbaycana münsibətdə demokratiya prioritetə çevrilib
– Fransa səfiri “ərəb baharı”nın Azərbaycanda baş verməsinin mümkünlüyünə dair suala cavabında qeyd edib ki, bu barədə Azərbaycan vətəndaşları özləri qərar verməlidirlər. Azərbaycan vətəndaşları özləri, gələcəkləri, gələcək nəsillər və ölkələri üçün arzu etdiklərinə uyğun tədbirlər barədə özləri qərar verməlidirlər. Fransa və beynəlxalq ictimaiyyət bu prosesdə onları yalnız müşayiət edə, azadlıq və demokratiya dəyərlərini müdafiə edə bilər. Bu açıqlamanı necə qiymətləndirmək olar?
– Fransa və başqa dövlətlər demokratiyanı dəstəkləməlidirlər. Əgər bu ölkələr də demokratiyanı dəstəkləməsələr, kim bunu etməlidir? Bu, demokratik dövlətlərin missiyasıdır. “Ərəb bahar”ı ilə bağlı sualın ünvanlanması çox təhlükəli məqamdır. Çünki elə hakimiyyətin ən çox qorxduğu məqam Azərbaycanda oxşar hadisələrin təkrarlanmasıdır. Əlbəttə, Qərb demokratiyaya dəstək verməyə hazırdır. Bu dəstəyin daha ciddi olması üçün cəmiyyətin aktivliyi lazımdır. Əgər hakimiyyət bu zaman cəmiyyətə qarşı çıxarsa, əlbəttə, hakimiyyətin addımları dəstəklənməyəcək. Demokratik ölkələr əvvəlcədən demokrtikləşməni digər dövlətlərə münasibətdə birinci yerə qoymalı idilər. Fransa səfirinin açıqlamasının mesajı ondan ibarətdir ki, əgər demokratiya onlar üçün əvvələr üçüncü-dördüncü yerdə idisə, indi bu ardıcıllıq dəyişib. Indi bu dəyərə münasibət dəyişib.
– Nə baş verib ki, son zamanlar Azərbaycana münasibətdə demokratikləşmə ön sıralara keçib?
– “Ərəb baharı”ndan sonra demokratikləşməyə münasibət dəyişib. Azərbaycan sözdə Avropaya inteqrasiya kursunu seçdiyini bəyan etsə də, bu siyasət sadəcə bir imitasiyadır. Azərbaycan özünü Avropa ölkəsi elan etsə də dövlət daxilində bu bəyanatlara riayət etmir. Digər tərəfdən, Qərb dövlətlərinə münasibətdə özünü yanlış aparır. Şərq Tərəfdaşlığı proqramında yalnız Belarusdan öndədir. Qərbin də Azərbaycana münasibətdə səbri tükənib. Ona görə Qərb mesaj ünvanlayır ki, onlar üçün demokratiya ön sıralardadır. Artıq Qərb bəyan edir ki, Azərbaycana münasibətdə enerji maraqları ilə yanaşı demokratiya prinsipləri də təmin olunsun. Yəni artıq yalnız enerji maraqlarının təmini Qərb üçün yetərli deyil.
Hakimiyyət gözlənilməz hadisələrdən qorxur
– Qərbin Azərbaycandan əsasən tələb etdiyi demokratiya hörmət, insan haqlarının qorunması, siyasi məhbus probleminin həllidir. Amma hakimiyyət bütün bu tələblərə müqavimət göstərir. Hətta cüzi islahata getməklə bağlı belə inadkarlıq nümayiş etdirir.
– Hakimiyyət özünə arxayın siyasət yürüdür. Görürlər ki, regionda geosiyasi durum onların xeyrinədir. Amma hakimiyyət beynəlxalq aləmdə demokratiyaya qarşı münasibətlərin dəyişilməsini nəzərə almır, bu isə çox təhlükəlidir.
– Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan xüsusən qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha çox dəstək almazsa, qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və “yeni blok”a daxil ola bilər. Bu açıqlama nə dərəcədə reallığa uyğundur?
– Əslində bu, məntiqə uyğun açıqlama deyil. Çünki hakimiyyət özü etiraf edib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı qətnaməsi dövlətimizin maraqlarına uyğundur. Bu açıqlamadan sonra isə belə bir bəyanat verilir. Yox əgər Qarabağ danışıqlarına dair hər hansı gizli proseslər gedirsə, o zaman niyə ictimaiyyətə belə açıqlama verirlər? Əgər nəsə qaydasında deyilsə, o zaman cəmiyyətin bu barədə xəbəri olmalıdır. Ona görə mən inanmıram ki, Novruz Məmmədov Qarabağ prosesinə görə bu cür açıqlama ilə çıxış edib. Bu bir oyundur və demokratikləşmə ilə bağlı gələn mesajlara cavabdır.
– Novruz Məmmədov eyni zamanda bildirib ki, Azərbaycana müəyyən bloklara daxil olmaqla bağlı təkliflər var. Sizcə, söhbət Putinin yaratdığı Avrasiya Ittifaqı blokundan gedə bilərmi? Hakimiyyət bu dərəcədə kəskin və birmənalı şəkildə Rusiyanı seçə bilərmi?
– Azərbaycan hakimiyyəti bunu etməyəcək. Bu addım atılsa, hakimiyyət öüzünə ziyan vuracaq. Öncə onu deyim ki, bu, Heydər Əliyevin siyasi kursuna zidd addım olardı. Ikincisi, hakimiyyəti Qərblə birləşdirən çoxlu məqamlar var. Bu sıraya həm enerji təhlükəsizliyini, həm maliyyə maraqlarını daxil etmək olar. Hamıya məlumdur ki, Azərbaycan dövləti və xalqı öz mənliyini, adət-ənənəsini yalnız Avropaya inteqrasiya kursunu seçməklə qoruya bilər.
– Bir çox ekspertlərin fikrincə, Suriyadan sonra demokratik dəyişikliklər üçün növbə Azərbaycanındır. Bəlkə hakimiyyət bu cür proqnozlardan ciddi narahatlıq keçirir?
– Ola bilər. Amma ekspertlər onu da düşünür ki, postsovet məkanında proseslər başqa istiqamətdə inkişaf edir. Çünki bir çox amillərə görə, Yaxın Şərqlə bu ölkələri birləşdirən tellər çox azdır. Və postsovet məkanında proseslər başqa məcrada inkişaf edəcək. Hələ Rusiya var və neft resursları hakimiyyəti saxlayır. Amma hətta Rusiya özü belə kövrək dayaqlar üzərindədir. Rusiyanın da özünə arxayınçılığı möhkəm deyil. Onu da qeyd etmək laımdır ki, heç kim Yaxın Şərqdə bu cür proseslərin baş tutacağını gözləmirdi. Postsovet məkanındakı hakimiyyətlər gözlənilməz hadisələrdən çəkinir. Hər şeyi proqnozlaşdırmaq olar. Gözlənilməz hadisələrdən başqa. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hər ötən il neft hasilatı aşağı düşür. Ona görə bu hakimiyyətlərin proseslərə nəzarəti bir az çətin olacaq.
– “Eurovision” yarışması ərəfəsində beynəlxalq təşkilatların bir çox tələblərinin yerinə yetiriləcəyi gözlənilirdi. Amma bu baş vermədi. Hakimiyyət hətta siyasi məhbus problemini belə həll etməyi özünə rəva görmür. Iqtidar bunun geri çəkilmək kimi qiymətləndiriləcəyindən narahatdır. Bu nə dərəcədə məntiqli yanaşmadır?
– Onlar sadəcə düşünürlər ki, hər kəsi satın ala bilərlər. Bu dünyada pul hər şeyi həll edir. Bu siyasət sovet dövrünü xatırladır. Amma bu çox təhlükəli siyasətdir. Çünki iqtidar bir qism adamları satın ala bilər, amma bütün dünyanı satın almaq iqtidarın gücündə deyil. Bu, yanlış yanaşmadır. Bu, sovetlərdən qalma yanaşma tərzidir.
Xəyal Şahinoğlu