Avropa Yayım Birliyi Azərbaycana görə tənqid olundu (VİDEO)

“Human Right Watch” təşkilatı Avropa Yayımları Birliyini Azərbaycana görə tənqid edib.  “Avropa Yayım Birliyi “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyinə hazırlaşan Azərbaycanın ifadə azadlığı sahəsində dəhşətli göstəricilərinə dair öz mövqeyini bildirməlidir,” deyə təşkilatın bəyanatında bildirilir.   Təşkilatın yayımladığı video bəyanatda İlham Əliyev hökumətinin müstəqil jurnalistlərə və dissidentlərə qarşı repressiya kampaniyası tənqid olunur.
“Human Rights Watch” bildirir ki, AYB Dünya Mətbuat Azadlığı Günündə Cenevrədə seminar keçirib.  Amma Azərbaycan hökumətini söz azadlığı sahəsində törətdiyi qanun pozuntularına görə cavabdeh tutmayıb.
“AYB-nin mövcudluğu məhz söz azadlığından asılıdır,” deyə “Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktoru Hyu Vilyamson bildirib.  “Birliyin Azərbaycanda pisləşən media azadlıqlarına dair prinsipial, aydın və qəti mövqe bildirməməsi onun bu prinsiplərə sədaqətini sual altına qoyur.”
“Human Rights Watch”un Azərbaycan media azadlıqlarının bərbad durumuna dair hazırladığı reportaj AYB-nin keçirdiyi seminarda təqdim olunmalı idi.  Amma qurum texniki səbəbləri əsas gətirərək bu videonu göstərməkdən boyun qaçırıb. Birlik həmçinin Azərbaycan hökumətinin təqdim etmək istədiyi təbliğat videolarını da göstərməyib.
“Human Rights Watch”un  hazırladığı videoda tanınmış jurnalist İdrak Abbasovun dövlət neft şirkətinə məxsus əməkdaşlar tərəfindən döyülməsi, Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılovaya qarşı şantaj əməliyyatı, roker Camal Əlinin həbsi və döyülməsi təsvir edilir, Azərbaycan hökumətinin bu əməllərlə bağlı fəaliyyəti tənqid olunur.
Bəyanatda vurğulanır ki, İlham Əliyev hökuməti Azərbaycanda söz azadlığına qarşı sistematik repressiya kampaniyası aparır (“Amerikanın səsi”).