Böyük pulların onların əlində cəmləşməsi Vaşinqtonu bu məsələyə diqqət yönəltməyə vadar edib
Mayın 2-də Vaşinqtonda yerləşən Ceymstaun Fondunda keçirilən müzakirələrdə ABŞ Dövlət Departamentinin yüksək rəsmisi Daniel Fridman Azərbaycan iqtisadiyyatına diqqət çəkib. “Turan”ın məlumatına görə, Dövlət Departamentinin rəsmisi hazırda Azərbaycan iqtisadiyyatının 5-6 oliqarxın əlində cəmləşdiyini bildirib.
Bir müddət əvvəl ABŞ-ın ölkəmizdə səfiri olmuş Metyu Brayza Azərbaycanda mərkəzi hakimiyyətin olmadığını bildirmişdi. Keçmiş səfir təxminən belə bir fikir işlətmişdi ki, ölkəmizə gələn sahibkarlar biznes layihələri ilə bağlı kiminlə danışmaq lazım olduğunu bilmir.
Metyu Brayzadan sonra Dövlət Departamentinin yüksək rəsmisi Daniel Fridmanın Azərbaycan iqtisadiyyatının 5-6 oliqarxın əlində cəmləşdiyini söyləməsi ABŞ-ın bu məsələyə ciddi diqqət verdiyini, iri pulların oliqarxların əlində toplanmasından narahat olduğunu deməyə əsas verir. Görünür, ABŞ hesab edir ki, bu hal sonda mənfi nəticələrə səbəb ola bilər. ABŞ-ın əsas narahatlığı bu idarəolunmaz pulların terrorun dəstəklənməsinə yönəldilə biləcəyidir. Bu baxımdan ABŞ bu məsələyə çox həssas yanaşır.
Daniel Fridman açıqlamasında heç bir ad çəkməsə də, Azərbaycan cəmiyyətinə həmin 5-6 oliqarx yaxşı tanışdır. Bunlar iri şirkətlər və holdinqlərin sahibləri olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, “Azəryolservis”in şefi Cavid Qurbanovdur. Bu sıraya daha bir neçə məmur-oliqarxın adını əlavə etmək olar. Lakin böyük pullar əsasən yuxarıda sadaladığımız şəxslərin əlində cəmləşib. Bu barədə “Wikileaks” saytının açıqladığı məxfi yazışmalarda bəhs olunub.
Informasiya şöbəsi



