Nə üçün mətbuat azadlığı cəmiyyəti daha sağlam edir
Adam Sterlinq, ABŞ Səfirliyinin Müvəqqəti Işlər Vəkili
Məlumat gücdür. Azad məlumat axını olmadan yaşamaq, öz hökumətini cavabdeh saxlamaq və ya övladlarına tərbiyə vermək çətindir, hətta, demək olar, mümkünsüzdür. Vətəndaşlara etibar edə biləcəkləri dəqiq, vaxtlı-vaxtında, müstəqil xəbərlər lazımdır. Biznes və bazarlara da həmçinin. Hökumətlərə də həmçinin.
Mətbuat azadlığı cəmiyyətləri və iqtisadiyyatları canlı, enerjili və sağlam saxlayır. Xəbər və məlumatların azad axınının qarşısı alınanda fərdlər əziyyət çəkir. Cəmiyyət əziyyət çəkir. Iqtisadiyyat əziyyət çəkir.
Bununla belə, bütün dünyadakı insanlar UNESCO-nun Tunisdə keçirdiyi 3 may – Dünya Mətbuat Azadlığı Gününü qeyd edərkən jurnalistlərə qarşı təhlükələr artmaqdadır. Keçən ilin dekabr ayında Jurnalistləri Müdafiə Komitəsi dünya üzrə 179 jurnalistin həbsdə olduğunu açıqlamışdı. Xəbər vermək istədiklərinə görə jurnalistlərə olan hədə, hücum, onların “yoxa çıxması” və qətlə yetirilməsi halları davam edir.
Keçən il dünya həm azad mətbuat imkanlarının, həm də ona olan təhlükənin şahidi oldu. Orta Şərq və Şimali Afrikada jurnalistlər, blogerlər, film rejissorları və mütəxəssislər regionda baş verən etirazları qeydə alırdılar; sadəcə mobil telefonla silahlanmış bəzi vətəndaşlar isə həqiqəti mətn şəklində, ictimai şəbəkələr vasitəsilə və ya şəkillər formatında yerləşdirməklə öz həyatlarını riskə atırdılar.
Belə etməklə onlar 1948-ci il Insan Haqları Ümumdünya Bəyannaməsinin qoruduğu fundamental azadlıqdan istifadə edirdilər. Bəyannamədə deyilir: “Hər kəsin rəy və ifadə azadlığı hüququ var; bu hüquqa müdaxiləsiz rəyə sahib olmaq azadlığı və sərhədlərə baxmayaraq, istənilən vasitədən məlumat və fikir axtarmaq, almaq və ötürmək daxildir”.
Buna baxmayaraq, bir çox hökumətlər birbaşa və ya dolayısı ilə mətbuatı senzuraya salmağa çalışırlar. Çox sayda araşdırıcı jurnalistlər susdurulur; çoxu yerli, dövlət və ya milli hökumət səviyyəsində korrupsiyanı ifşa etdiyinə görə susdurulur. Jurnalistlərə olan çoxsaylı hücumlar və qətl hadisələri cəzalandırılmamış qalır.
Azərbaycanda aprel ayında jurnalist Idrak Abbasova hücum və mart ayında araşdırmaçı jurnalist Xədicə Ismayılovanı şantaj cəhdi kimi son hadisələr jurnalistlərin öz mühüm işlərini görərkən üzləşdikləri təzyiqləri xatırladır. Abbasov və Ismayılovaya olan hücumların hökumət tərəfindən qınanılmasını alqışlayırıq; bu əməllər tez və əsaslı cinayət istintaqı tələb edir. Biz həmçinin ümid edirik ki, 2005-ci ildə öldürülmüş redaktor Elmar Hüseynovun qətlinin üstü açılacaq.
Jurnalistlərə hədə-qorxu gələndə, hücum ediləndə, onlar həbs ediləndə və ya yoxa çıxanda digər jurnalistlər özlərinə senzura qoyurlar. Onlar hadisələrdən xəbər vermirlər. Hadisələrin mahiyyətini azaldırlar. Təfərrüatları daxil etmirlər. Mənbələr onlara köməyi dayandırır. Onların redaktorları məlumatı çap etməkdən çəkinir. Qorxu həqiqəti əvəzləyir. Bütün bizim cəmiyyətlər əziyyət çəkir.
Dünya Mətbuat Azadlığı Günü yaxınlaşdıqca, Amerika Birləşmiş Ştatları bütün hökumətləri müstəqil jurnalistlərin təqib və zorakılıq qorxusu olmadan işlərini görməsi üçün lazım olan şəraiti yaratmaq üçün gərəkli addımlar atmağa çağırır. Biz başqalarının həqiqəti öyrənməsi üçün öz həyatlarını, sağlamlıqlarını və ya azadlıqlarını qurban vermiş cəsur jurnalistləri, blogerləri və vətəndaşları ehtiramla anırıq. Biz davamlı demokratiyaların və açıq, sağlam cəmiyyətlərin yaranmasında azad və müstəqil medianın rolunu hörmətlə qeyd edirik.