Imişli rayonunun bir qrup şəhid ailəsi, Qarabağ müharibəsi veteranı, YAP fəalları və sel köçkünləri Oqtay Gülalıyevin həbsini pisləyən müraciət yayıblar. Müraciət dövlət başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova və fövqəladə hallar naziri Kəmaləddin Heydərova ünvanlanıb(Turan).
Müəlliflər 2010-cu ilin sel daşqınlarından əziyyət çəkən insanlara yardım məqsədilə yaradılan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru O.Gülalıyevin həbsini Sabirabad rayon məmurlarının və polis orqanlarının şəri sayırlar. Bu il yanvarın 7-də “Kür” qərargahı Sabirabadda forum keçirmək istəyib. Amma Sabirabad Rayon Icra Hakimiyyəti tədbiri sel daşqınlarından əziyyət çəkənlərlə polis qarşıdurmasına çevirib. Nəhayət, forum fevralın 28-də baş tutub. Burada qarşıdurmaya edilən cəhdin qarşısını O.Gülalıyevin aldığı qeyd edilir. Həmin tədbirdə seldən əziyyət çəkənlər yerli Icra Hakimiyyətlərini korrupsiya, rüşvət və ayrı-seçkilikdə ittiham ediblər.
Sənəddə onun barəsində üsyana çağırış maddəsilə cinayət işinin qaldırılması şər hesab edilir. Müəlliflərə görə, bu həbs ölkəni həm daxildə, həm xaricdə rüsvay edib. Sabirabad rayon icra başçısı bu addımı ilə qanunları pozduğunu nümayiş etdirib. Müəlliflər dövlət başçısından Sabirabad hadisələrilə bağlı komissiyanın yaradılmasını, O.Gülalıyevin həbsinə səbəb olanların məsuliyyətə cəlb olunmasını, ona bəraət verilməsini xahiş edirlər.
“Vətəndaşları üsyana sürükləyənlər ərizə və şikayətlərə məhəl qoymayan məmur özbaşınalığıdır” deyən müəlliflər Minbaşi kənd sakinlərinin etirazına haqq qazandırırlar.
İmişli YAP-çıları Oqtay Gülalıyevi müdafiə etdi
•


