İctimai Palataya istədiyi yer verilmədi

6 may mitinqi ilə bağlı son qərar bu gün bəlli olacaq

Bakı Şəhər Icra Hakimiyyəti Ictimai Palatanın mayın 6-na təyin etdiyi aksiya ilə bağlı müraciəti cavablandırıb. Müsavat başqanının müavini Gülağa Aslanlı “Media forum”a bildirib ki, meriya yürüş-mitinqin Ictimai Palatanın istədiyi yerlərdə keçirilməsinə icazə verməyib: “Aksiyanın 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib. Koordinasiya Şurası mayın 4-də toplanaraq son qərarını verəcək”.
Ictimai Palata Bakı Şəhər Icra Hakimiyyətindən Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindən – keçmiş “Inqilab” kinoteatrının qarşısından başlayaraq Süleyman Sani Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışınadək, Nizami rayonunun 8-ci kilometr qəsəbəsindən – Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydanadək, Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkınadək olan yerləri istəmişdi. Meriya bu məkanlarda nəqliyyatın intensiv hərəkət etdiyini əsas gətirərək onları aksiya üçün uyğun saymayıb.
G.Aslanlının sözlərinə görə, Bakı Şəhər Icra Hakimiyyəti Ictimai Palatanın mayın 7-də meriyanın qarşısına təyin etdiyi piketə icazə verməyib. Bu qərarını da Ictimai Palatanın mayın 6-da keçirməyi planlaşdırdığı mitinqlə əsaslandırıb: “Mitinqin ”20-ci sahə”də keçirilməsini təklif ediblər. Piketlə bağlı cavab məktubunda isə yazıblar ki, mitinqlə piketin şüarları eynidir. Meriya hesab edir ki, ona görə də piket keçirilməsinə ehtiyac yoxdur.
Amma Bakı Şəhər Icra Hakimiyyətinin cavabı qanunsuz və absurddur. Çünki mitinqlə piket ayrı-ayrı günlərdə keçiriləcək. Bundan başqa aksiyaların şüarları da tamamilə ayrıdır və üst-üstə düşmür. Mitinqdə “Yeni parlament seçkiləri”, “Qarabağa azadlıq”, “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşmaq azadlıqları təmin edilsin”, “Əmanətlər birə-bir qaytarılsın”, “Əmlakımıza toxunmayın”, “Korrupsiya və rüşvətxorluğa son” şüarları səsləndiriləcək. Piket isə Bakı Şəhər Icra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı qanununu pozmasına etiraz olaraq keçiriləcək və şüarlar da bununla bağlıdır”.
Meriyanın qarşında piket olub-olmayacağına da Ictimai Palatanın Koordinasiya Şurasının mayın 4-də keçirilən toplantısında qərar veriləcək.
AXCP sədrinin müavini Asəf Quliyev mitinq keçirmək üçün Bakı Icra Hakimiyyətinin təklif etdiyi ərazi ilə razılaşmadıqlarını deyir. A.Quliyev həmin ərazidə iki dəfə mitinq keçirildiyini və həmin sahənin polis zorakılığının göstərilməsi üçün münasib yer olduğunu deyib. Əvvəlki mitinqlər zamanı insanların polis zorakılığına məruz qaldığını, mitinqə gələn insanlar üçün yollarda maneələrin yaradıldığını deyən A.Quliyev Ictimai Palatanın “20-ci sahə”ni mitinq keçirmək üçün məqsədəuyğun hesab etmədiyini  bildirib.