Əli Eyyuboğlu (“Milliyet”)
Azərbaycanda mayın 1-dən etibarən xarici seriallara qadağa qoyulması qardaş Türkiyə ictimaiyyətində rezonans doğurub. Ölkənin aparıcı media qurumları Azərbaycanın qərarını baş xəbər kimi təqdim etdi və Azərbaycandan bu addımın gözlənilməz olduğunu bildirdi. Türkiyənin nüfuzlu qəzetlərindən biri olan “Milliyet”in tanınmış köşə yazarı Əli Eyyuboğlu məqaləsində bu məsələyə toxunub. Köşə yazarının məqaləsinin olduğu kimi təqdim edirik:
Türk seriallarına qoyulan ilk qadağa
Türk seriallarını xarici bazarda gözləyən təhlükəyə diqqət çəkdiyim yazının mürəkkəbi qurumadan ilk rəsmi qadağa gəldi. Bu qadağanın hansı ölkədən başladığını yazdıqda əminəm, çox çaşacaqsınız. 1 may 2012-ci ildən etibarən bütün xarici serialların qadağan edildiyi ölkə Azərbaycan oldu. “Bəs iki dövlət, bir millət idik?”, “Qardaş idik?..”
Təəssüf ki, gerçək budur…
Əslində, cümə axşamı gəlişi çərşənbədən deyil, ta bazar ertəsindən bəlli idi. Bu, Azərbaycanı idarə edənlərin 6 ay əvvəl aldığı bir qərar idi…
Sonda Azərbaycan rəhbəri Ilham Əliyev imzanı atdı və qadağa başladı. Azərbaycanın xarici serialları qadağan etməsinin səbəbi barədə aldığım məlumat belədir: hədəf bir tərəfdən yerli serial sektorunu canlandırmaq, digər tərəfdən də xarici serialları izləyib, onların təsirinə düşən gənclərə yenidən Azərbaycan mədəniyyətini aşılamaqdır.
Azərbaycanda xarici serialları yayımlayan irili-xırdalı səkkiz kanal var. Azərbaycan televiziyalarında Amerika, Braziliya serialları də yayımlanırdı, amma əsas Türk seriallarına üstünlük verilirdi. Hər Azərbaycan telekanalı gündə təxminən 3-4 serial göstərirdi.
Qadağanın səbəbləri nələrdir?
Azərbaycan hakimiyyəti Türkiyəni nümunə göstərərək, bu qadağa qərarını verib. Qanunu hazırlayanların müdafiə etdiyi tezis belədir: “Türkiyədə də xarici serial bolluğu var idi. Zamanla yerli serial sektoru etiraza qalxdı və Türkiyə bu gün 76 ölkəyə serial ixrac edir. Bu yolla ildə 60 milyon dollar qazanan bir dövlət halına gəlib. Azərbaycan olaraq, biz niyə bunu etməyək?”
Azərbaycanı idarə edənlər xarici seriallara yayım qadağasıyla birlikdə yerli serial sektoruna dövlət dəstəyi verməyi qərara aldı. Bundan sonra Azərbaycan dövləti yerli serial çəkib yayımlayan telekanallara ildə 1 milyon avroya yaxın maddi dəstək verəcək. Azərbaycandakı yerli serialların xərcləri bizimkilərə nisbətən çox ucuzdur. Azərbaycanda yerli serialların hər bölümünün xərcləri 13-15 min avro civarındadır. Bizdə telekanallarda gündüz saatlarında yayımlanan qısametrajlı serialların bölüm xərclərinə belə az xərcləyərək, “prime-time” üçün serial çəkmək olar. Azərbaycan seriallarının bizdən digər fərqləri də serialların müddətidir.
Azərbaycan serialları 45 dəqiqə…
Bizdə iki ildir ki, texniki qrupundan ssenari müəllifinə, rejissorundan aktyoruna qədər bir çox insan “Yerli dizi yersiz uzun” deyib, 90-120 dəqiqə arasındakı bölüm müddətlərinin 45 dəqiqəyə endirilməsi üçün çalışırlar. Azərilər bunu çoxdan həyata keçiriblər. Azərbaycan seriallarının müddəti ən çox 45 dəqiqədir. Azərbaycan telekanallarının xarici serialları yayımlamasına qadağa qərarı çıxarıldıqda azərbaycanlılar bundan sonra Türk seriallarını izləyə bilməyəcək?
Istəyən, sevdiyi Türk serialını çanaq antenaları və ya internetdən izləyə biləcək. Bu qadağayla Azərbaycan Türk serialları üçün pul gətirən bazar olmaqdan uzaqlaşdı. Türk seriallarının xarici bazara açılmasına ön dayaq olan Dubaydakı “MBC” belə, “Türk serialları getdikcə baha başa gəlir, amma bizim reklam bazarımız bu qədər böyümədi” deyib. Azərbaycan kimi “qardaş ölkə” yerli istehsala yönəlirsə, serial sektorumuz üçün bazar olmaqdan çıxırsa, sabah digər ölkələrin buna bənzər addımlar atması kimi ciddi təhlükə var.
Azərbaycanlılar sadə anten ilə TRT-nin yayımladığı serialları izləyə bilir. Bu baxımdan ən şanslı Türk telekanalı TRT-dir. Digər Türk telekanalları da ya TRT kimi sadə antenalarla izlənilə bilmə üçün işlər görməli, ya da indidən xarici bazarı itirməmək üçün lobbi fəaliyyətinə başlamalıdır. Həm də heç vaxt itirmədən…