Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Növruz Məmmədovun sözlərinə görə, Azərbaycan artıq başqa siyasi ittifaqa qoşulmaq təklifi alıb: “Biz hazırkı məqamda bu təklifləri qəbul etməmişik. Lakin belə davam edərsə, biz bu təklifləri 5-10 il ərzində qəbul edə bilərik. Biz Qərbdən Dağlıq Qarabağ məsələsində dəstək gözləyirik”.
Novruz Məmmədov açıqlamasa da, bu siyasi ittifaq Rusiya, Ermənistan, Tacikistan, Qırğızstan, Özbəkistan, Belarus və Qazaxıstanıın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Azərbaycan bu təşkilata daxil olarsa, avtomatik olaraq… Ermənistana ediləcək hər hansı hərbi müdaxilədə… ona hərbi yardım etmək öhdəliyi götürür. Bu da o deməkdir ki, işğal olunmuş Qarabağ və ona bitişik rayonları qaytarmaq, Ermənistanın “vicdanına buraxılır”.
Başqa hərbi-siyasi ittifaqlar isə çox uzaqlarda yerləşir… Antiqua və Barbudo, Barbados, Qrenada və daha üç dövlətin daxil olduğu RSS, ərəb ölkələrinin Iran körfəzindəki CCASG blokları barədə danışmağa dəyməz, çünki bunlar, demək olar, simvolik və və Azərbaycandan çox-çox uzaqlarda yerləşən birliklərdir.
Şanxay birliyi də ticarət ağırlıqlı təşkilatdır, belə bir təşkilat bütün materiklərdə var.
Təhdid, yoxsa yalvarış?
Novruz Məmmədovun nə demək istədiyi sonrakı cümlələrdən aydın olur – dolayı yolla bildirilir ki, “bizi demokratiya ilə təhdid etməyin, 10 il daha bizə hakimiyyətdə qalmağımıza göz yumun”.
Qarabağ məsələsinə gəldikdə isə, Avropanın Qarabağla bağlı münasibəti hər kəsə bəllidir, onlar Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyirlər. Sadəcə, hakimiyyət özünün çətin günlərində Qarabağı Ermənistandan, Rusiyadan yox, Avropadan “tələb edir”.
Əgər Azərbaycan hakimiyyəti son 20 ildə siyasi hakimiyyətlərinin ömrünü uzatmağa sərf etdikləri potensialın cüzi bir hissəsini Qarabağa xərcləsəydi, çox fərqli mənzərənin şahidi olardıq. “Qaçqınkom” adlı qurumun rəsmilərinin saysız-hesabsız özəl şirkətləri, şadlıq evləri, villaları, ticarət obyektlərinin olması bu gün heç kəsə sirr deyil. Bunun əldə edilməsinə şərait yaradan və eyni zamanda bəhrələnən hakimiyyət rəsmiləri çox vaxt Qarabağ məsələsində müxalifəti də ittiham edir. Görünür, Avropa da alışmalıdır.
Doğrudanmı azad seçki, sərbəst toplaşma azadlığı, insanların mülkiyyət hüquqlarını təmin etmək, iqtidar üçün Ermənistanın da daxil olduğu alçaldıcı birliyə girməkdən daha təhlükəlidir?
5-10 il də imkan verin, talayaq…
Novruz Məmmədov beş-on il ərzində Qərbə, Azərbaycan hakimiyyətinə qarşı münasibətdə loyal olmağı “məsləhət” görür. Əks tədqirdə, Azərbaycanı da götürüb, bir türk mahnısında deyildiyi kimi, “getdiyimiz yerə” götürəcəkləri ilə hədələyirlər.
Bu çox incə bir mesajdır, aydın məsələdir ki, iqtidar Azərbaycanı heç bir yerə “apara bilməz”, burada yalnız Qərbin ən pis halda 5 il, ən yaxşı halda 10 il, bu hakimiyyətə şans tanımasından söhbət gedir.
Fikir verirsinizsə, artıq alman xalqı “yada düşüb”, onların Azərbaycan hakimiyyətini sevməyənlərin cavabını verəcəkləri (!) vurğulanır.
Ehtiyat variant kimi, ABŞ-la münasibətlərin qaydaya salınması “görüntüsü” yaradılır. Bu o deməkdir ki, Bəxtiyar Sadıqovu çox yaxında yeni ampluada görəcəyik, hələlik isə, məlum mətbu orqanlarında özlərinin söz yarışmasının “mütləq qalibi” sayanların müxtəlif kombinasiyalarını seyr etməkdəyik – “Obamaya el yardımı davam edir”.
Çox güman ki, son karvanda Məzahir Pənahovun da gedəcəyini yazacaqlar…
Bu, sadə xalqa ünvanlanmış bir proyektdir, yəni “Qərblə danışa bilirəm və dil tapmaq üçün bütün vasitələr tükənməyib”.
Xarici səfirliklərin nümayəndələri müxalifətin görüşünə gəlir, iqtidar rəsmiləri təğyiri-libas olub Qərbə və Amerikaya gedir və hakimiyyətdə qalmaq üçün möhlət istəyir.
Bu günün reallığı budur, istəsəniz də, istəməsəniz də!

Avropaya hədə… Obamaya “el yardımı”
•