Sənin üzün bir yana, mənim üzüm bir yana

Bu, Azərbaycan xalqının, əliyevçi hakimiyyətə, əliyevçi hakimiyyətin Azərbaycan xalqına oxuduğu mahnının başlıca vurğusudur. Xalq gələcəyə üz tutur, hakimiyyət onu keçmişə sürükləyir. Xalq hələ gücünü işə salmayıb, hakimiyyət bütün gücüylə xalqı keçmiş adlı uçuruma yuvarlatmağa çalışır. Davudoğlu legitimlikdən uzaq əliyevçi hakimiyyətə çox aydın bir mesaj göndərdi: “Legitimliyi xalqın iradəsinə deyil, yiyələndiyi gücə söykənən hakimiyyətin sonunun gəldiyi ortaya çıxıb”.
Bu gün ərəb ölkələrində baş verənlər də, bu sayaq uyarı-mesajlar da istər Ilham Əliyevə, istərsə də onun R.Mehdiyevli komanda yoldaşlarına yuxu kimi gəlir. Buna görə ölkə əliyevçi rüşvət-korrupsiya yolunda inamla, iri addımlarla irəliləməkdədir. Irəliləməkdədir, ancaq geriyə, keçmişə doğru!
Ölkəni bürümüş qanunsuzluqlar üzündən, Azərbaycan xalqından da qat-qat dözümlü olan Avropa əliyevçi hakimiyyətə dözümsüzlük sərgiləməyə başlayıb. Öndə Avropanın ən qanunçu ölkəsi olaraq tanınan Almaniya gedir. Rejim özünü yığışdırmaq yerinə, Avropaya qarşı bütün cəbhə boyu yaylım atəşlərinə start verdi. Basın toplarının üzü başlıca olaraq Almaniyaya tuşlandı. Bununla bağlı Almaniyanın Azərbaycandakı elçiliyi bildirgə yaydı. Bildirgədə ölkənin iç durumunu bilməkdən gələn arxayınçılıqla deyilirdi: “Almaniyanın imicini qaba pisləmələrlə korlamağa çalışmaq azərbaycanlıların intellekti qarşısında keçərsizdir”. Olduqca gözəl dəyərləndirmədir. Bu dəyərləndirmə legitimlikdən uzaq, ANTIMILLI, ANTIDEMOKRATIK əliyevçi hakimiyyətə XALQIN baxışını sərgiləyir. Bu, ortadakı əliyevçi gerçəkliyə uyğun, bu gerçəkliyə bütünlüklə tən gələn baxışdır.
Bütün qanunlara, ən başlıcası, Konstitusiya normalarına tüpürən bir hakimiyyət Almaniya elçiliyinin quşu gözündən vuran dəyərləndirməsinə reaksiyasız ötüşə bilməzdi. Ailə hakimiyyətinin (buna Azərbaycan hakimiyyəti demək cinayətdir!) Berlindəki elçiliyi də oxşar bir bildirgə yaydı. Burada ağ yalana əl atmaqla bildirilir: “Almaniyada olduğu kimi, Azərbacanda da mətbuat müstəqildir və Azərbaycan hökumətinin mətbuat orqanlarına təsir göstərmək səlahiyyətləri yoxdur”. Belə bir ağ yalana əl atmaqla əliyevçi Ailə hakimiyyətini qınaqlardan sığortalamağa çalışırlar. Bunlar 19 ildən bəri PLANLI olaraq bütünlüklə rüşvətə bürüdükləri təhsil sistemi ilə, I.Əliyevin yalnız YAĞLI mətbəx verilişlərini izlədiyi yalan, yaltaqlıq televiziyalarıyla xalqı elliklə SÜRÜYƏ çevirdiklərini düşündüklərindən, ortadakı gerçəkliyi danmaqla yalan yolu tuturlar. Bütün mass-medianın, demək olar, bütünlüklə Ailə hakimiyyətinin kontrolunda olduğu, bu kontrola qarşı çıxanların öldürüldüyü, döyüldüyü, tutulub dustaq edildiyi, başqa gözəgörünməz yollarla repressiya obyektinə çevrildiyi çoxdan bəllidir. Burada bizdəki MƏTBUATIN necə MÜSTƏQIL olduğunu bilmək üçün H.Əliyevin böyük, yenilməz ardıcılı, başlıca ideya daşıyıcısı administrator-filosof R.Mehdiyevdən bircə alıntı gətirmək yetərlidir: “Mətbuat hakimiyyətin siyasi maraqlarından kənara çıxmamalıdır”. Necədi sizinçün?!
Macarıstanın prezidenti bugünlərdə ortaya çıxan xırdaca bir plagiat faktına görə prezidentlikdən getdi. Ata-oğul Əliyevlər PLAGIATLA hakimiyyətə gəliblər, PLAGIATLA hakimiyyətdə qalırlar. “Plagiat” ədəbi oğurluq deməkdir. Əliyevlər 1969-dan üzü bəri siyasi oğurluq yoluyla hakimiyyətlərini sürdürməkdədirlər. Sözügedən bildirgədə də onlar yalana əl ataraq, Almaniyada rejimə qarşı çıxan yazıları Azərbaycana, Azərbaycan xalqına qarşı yönəlmiş yazılar kimi anlatmağa çalışırlar. Keçməz! Son 19 ildə Azərbaycanda rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu DÖVLƏT SIYASƏTINƏ çevirənlərin Almaniyada Azərbaycanın “imicini” qorumağa qalxmalarının özü də bir oğurluqdur – yalana bürünmüş oğurluq!