Üzeyir Cəfərov: «Cabbarın hərbi xidmətə aparılmasının səs-küyü çox böyük olacaq»
“Cabbar Savalanlının hərbi xidmətə aparılması hakimiyyətin ordudan da cəza aparatı kimi istifadə etdiyini göstərir”. Bunu, hərbi ekspert Üzeyir Cəfərov AXCP Gənclər Komitəsinin üzvü, keçmiş vicdan məhbusu C.Savalanlının aprelin 30-da qabaqcadan heç bir xəbərdarlıq etmədən əsgərliyə aparılmasına münasibət bildirərkən deyib. Qeyd edək ki, eşitmə qabiliyyətində ciddi problem olmasına və bu barədə mötəbər həkim rəyinin möcvudluğuna baxmayaraq hərbi komissarlıq onu ordu üçün yararlı hesab edib.
Ü.Cəfərov deyir ki, C.Savanlanlı ilə bağlı baş verənlər vəzifəli şəxslərin ordudan öz məqsədləri üçün istifadə etdiyini bir daha ortaya qoyur: “Ordunu lazım olmayan məsələlərə qatırlar. Eynilə seçki prosesində olduğu kimi. Çox təəssüflər olsun ki, 21 əsr olmasına baxmayaraq Azərbaycanda hələ də özbaşınalıq hökm sürür. Vaxtilə Zamin Hacını, Eynulla Fətullayevi, Əkbər Həsənovu, Emin Ələkbərovu və digərlərini ordu mövzusunda tənqidi yazılar yazdıqlarına görə məcburən ordu sıralarına aparmışdılar. Indi də Cabbar Savalanlı ilə bağlı eyni şey təkrarlanır. Siyasi mövqeyinə görə qanunsuz olaraq hərbi xidmətə aparmaqla onu cəzalandırmaq istəyirlər”.
Ü.Cəfərov hesab edir ki, bu məsələnin çox böyük səs-küyü olacaq: “Tibbi komissiyanın rəyi əsasında Cabbar xidmətdən daha çox müalicə müəssisələrində olacaq. Yenə də ordunun adı mənfiyə hallanacaq. Ordunu belə proseslərə qatmaq olmaz. Vəkilinin verdiyi məlumata görə, Cabbarın eşitmə problemi var. Onu məcburən hərbi xidmətə aparmaqla Azərbaycanın adını növbəti dəfə ”qara siyahıya” salacaqlar. Sanki hansısa vəzifəli şəxslər Azərbaycanın adının bu cür hesabatlarda görünməsindən həzz alırlar. Çox təəssüf edicidir ki, ordunu belə siyasi işlərə qatırlar”.
C.Savalanlının qanunsuz olaraq hərbi xidmətə aparılması ilə bağlı Gənclərin Hüquqlarının Müdafiə Komitəsi mayın 2-də saat 14:00-da Repartyorların Azadlığı və Təhlükəsizliyi Inistitunda (RATI) mətbuat konfransı keçirəcək.
Mətbuat konfransında C.Savalanlının valideyni, hüquq müdafiəçiləri, diplomatik korpus nümayəndələri və gənc fəallar iştirak edəcəklər.


