Hakimiyyət Avropa Birliyi ilə münasibətləri korlayır

Rahim Hacıyev: «Almaniyaya belə münasibət qurumun Azərbaycan hakimiyyətinə qarşı ciddi təyziqlərə başlayacağına gətirib çıxaracaq»

Hakimiyyətin Almaniyaya qarşı hücumları getdikcə kəskinləşir. Artıq bu ölkənin ünvanına səslənən ittihamlar təhqir xarakteri almaqdadır. Rəsmi mətbuat isə Almaniyada faşizm meyllərinin günləndiyini belə deməkdən çəkinmir. Artıq rəsmi şəxslərin dilindən də bu tipli bəyanatlar eşitmək mümkündür. Bəs Avropa Birliyinin aparıcı dövlətinə qarşı belə kampaniya bu qurumla rəsmi Bakının münasibətlərinə necə təsir edə bilər?
Avropa Birliyinə daxil olan ölkələrin vahid mövqedən çıxış etdiyini deyən siyasi ekspert Rahim Hacıyev Almaniyanın bu qurumun siyasətinin həyata keçirilməsində olduqca mühüm rol oynadığını bildirdi. Belə olan halda Avropa Birliyinin hansısa ölkəsinə qarşı bu tip addımlar cavabsız qalmır.
Ekspertin sözlərinə görə, Avropa Birliyinin xüsusilə son iki ildə Qarabağla bağlı çox ciddi sənədlər, Ermənistanın işğal edilmiş torpaqlardan çıxarılmasını tələb edən qətnamələr qəbul etməsinə baxmayaraq, Azərbaycan hakimiyyəti bu məsələdə də yalnız öz maraqlarını güdür. Demokratiya tələbləri sərtləşən kimi hakimiyyət nəinki Almaniya, bütün Avropa Birliyi ilə münasibətləri artıq xeyli gərginləşdirib.
Avropa Birliyinin dünyada gedən proseslərdə çox ciddi rol oynadığını qeyd edən ekspert bu qurumun ABŞ-la eyni mövqedən çıxış etdiyini də vurğuladı. Ekspertin fikrincə, Azərbaycan iqtidarının Avropa Birliyinə, onun aparıcı dövləti olan Almaniyaya qarşı belə münasibət göstərməsi bu qurumun Azərbaycan hakimiyyətinə qarşı çox ciddi təyziqlərə başlayacağına gətirib çıxaracaq.

Fizzə