Bu günlərdə Misirdə parlamentdəki radikal dindarlar iyrənc bir qanun layihəsi təşəbbüsü ilə çıxış etdilər, həmin layihədə kişilərə ölmüş qadınları ilə sonuncu dəfə seks hüququ tanınması təklif edilirdi.
Demokratiyanın üstünlüklərindən biri budur: o, qeyri-azad, geridəqalmış, cahil toplumların illərlə palaz altına süpürülən, üstü malalanan anormallıqlarını, ruhi və əqli problemlərini suyun üzərinə çıxarır. Inkişafın yolu budur: cəmiyyətin ağrıyan yerlərini tapacaqsan ki, onu sağalda biləsən. Yoxsa onilliklər boyu bir xalqı öz dini və mental bataqlığında boğub, onun necə geyinməsindən tutub nə yeyəcəyinə, nə içəcəyinə, nə danışacağına, hətta necə sevişəcəyinə qədər hər şeyə qarışarsansa, öz insanlarına həyatın heç bir sahəsində azadlıq, sərbəstlik tanımazsansa, sonunda olacağı budur: toplum azacıq özgürlük hiss edən kimi onun içinə yığılan mənfi enerjini çölə püskürməlidir.
Misirdə baş verən budur və qarşıda bundan da əcaib təkliflərin, təşəbbüslərin səslənməsi heç kimi təəccübləndirməməlidir. Totalitar rejimlərin süqutu ilə birgə onun travmaları da bir-bir ortaya çıxacaqdır. Bu, demokratiyanın qaydası və bir daha deyirəm, üstünlüyüdür.
Amma indi baxırıq sosial şəbəkələrdə, internet saytlarında “Bu da Qərbin Misirə gətirmək istədiyi demokratiya!” deyərək tumanını başına geyinənlər, yeri-göyü inlədənlər var.
Əvvəla, guya inqilabın baş vermədiyi diktatura rejimlərində zaman-zaman iyrənc təkliflər ortaya çıxmırmı? Təzəlikcə Səudiyyə Ərəbistanının baş müftisi qızların 10 yaşında ərə verilməsini təklif etmədimi? Bu təklif də demokratiyanınmı təzahürü idi? Səudiyyə Ərəbistanının demokratiya ilə nə əlaqəsi var? Bəzi toplumların öz dini və mental zehniyyəti bu cür iyrəncliklərin önünü açırsa, demokratiya buna neyləsin?
Ikincisi, Qərb demokratiyasına nifrin püskürənlər, onu əxlaqsızlıqla eyniləşdirməyə çalışanlar və “milli mənəvi dəyərlərin aşınması”nın baiskarı kimi qələmə verənlər qoy zəhmət çəkib bu suallara da cavab versinlər: camaatın intim görüntülərini, ayıb yerlərini pik saatlarda el-aləmə Qərbmi göstərir? “Lider” Qərbinmi telekanalıdır?
Necə olur, əxlaqsızlığı Qərb yayır, amma ən əxlaqsız sözləri biz Obamanın yox, Əhəd Abıyevin dilindən eşidirik? Buyurun, cavab verin.
Riyakarlığın beləsi
Indi də Qərbi şantaj edirlər – “Ya bizimlə yaxşı yola gedin, ya da biz gedib başqa siyasi bloka qoşulacağıq”.
Ünvanı konkret göstərmirlər, amma söhbətin Putinin “yeni SSRI” modeli kimi qiymətləndirilən Avrasiya Birliyindən getdiyinə şübhə yoxdur. Azərbaycanı aparıb yenidən Kremlin boğazına bağlayacaqları ilə hədələyirlər, bir sözlə.
Çox uzatmaq istəmirəm, qısaca yazım: Bunlar başqa vaxt demirdilərmi ki, “Bizə müstəqil siyasət yürütdüyümüzə görə təzyiq edirlər?” Deyirdilər. Amma indi görürsünüz ki, hakimiyyətlərinə azacıq təhlükə yaranan kimi, başlarını başqa birinin qoltuğuna vermək üçün necə əldən-ayaqdan gedirlər. Bir anda özləri öz “müstəqil siyasətlərinə” necə tüpürürlər.
Tarix belə riyakarlığı nə görüb, nə də görəcəkdir.
Toyuq hini məsələsi
Gədəbəyin keçmiş padşahı Kamran Rzazadənin müsahibəsi dərc olunub “Yeni Müsavat”da. Müsahibədə gülməli bir məqam var. Deyir ki, “mənim heç toyuq hinim də yoxdur”.
Guya ona və yaxud qeyri-icra başçısına indiyədək kimsə irad tutub ki, sizin niyə toyuq hininiz yoxdur? Xalqı o düşündürür, o qəzəbləndirir ki, niyə sizin toyuq hinindən başqa hər şeyiniz var?
Qubanın keçmiş icra başçısının timsalında biz görürük ki, əyalət padşahlarının məhz toyuq hinləri olmur, əllərində olanları dəbdəbəli villalardır, fermer təsərrüfatlarıdır, istirahət mərkəzləridir.
Yeri gəlsə, bizi heç kiminsə toyuq hininin olub-olmadığı da maraqlandırmır. Bu saat camaatın dərdi ölkədə toyuq hinlərinə girən tülkü və çaqqalların çoxalmasıdır.

Demokratiya “əxlaqsızlıq” yayırsa, bəs “Lider” niyə ona qarşıdır?
•
•