İctimai Palata “Yeni Azərbaycan”ı məhkəməyə verir

İctimai Palata (İP) hakim Yeni Azərbaycan partiyasının orqanı olan “Yeni Azərbaycan” qəzetində qurum rəhəbrliyinin ünvanına olan böhtanları pisləyən bəyanat yayıb.
Bu il aprelin 27-də adı çəkilən qəzetdə “Diplomatik sifariş: müxalifət, “Eurovision”a hazır ol!” başlıqlı məqalə dərc edilib. Məqalənin İP rəhbərliyi ünvanına  iftira üzərində qurulduğu, müxalifət partiyalarını, azad düşünən vətəndaş cəmiyyəti və mətbuatını gözdən salmağa yönəldiyi deyilir. Qəzetdəki kollajda Almaniyanın Azərbaycan səfirinin, Almaniya ombudsmanının, Azərbaycan demokratik müxalifət partiyalarının liderlərinin Adolf Hitlerin şəkli ilə yanaşı yerləşdirilməsi rüsvayçılıq adlandırılır.
İctimai Palata məqalədə yer alan müxalifətin Almaniya dövlət fondları tərəfindən maliyyələşdirilməsi iftiralarını qətiyyətlə rədd edir. Birmənalı olaraq bildirir ki, belə bir məsələ yoxdur və heç vaxt olmayıb. İP qəzetin iddiaların ciddi qəbul edərək, müxalifəti gözdən salan cəhd və iftiraya görə məhkəmə çəkişməsinə başlamağı nəzərdə tutur. Bu addımalr “İlham Əliyev avtoritar rejiminin ortaya atdığı növbəti siyasi xarakterli iftira” adlandırılır.  
İP məqalədə yer alan təhqiredici foto-kollajı Azərbaycanın Avropada və onun sərhədlərindən kənarda imicinə, reputasiyasına ciddi zərbə sayır.
İP alman həmkar və dostlarına Azərbaycan hakim siyasi qüvvələrinin bu addımlarına təəssüfləndiyiyini bəyan edir. “Qeyri-demokratik Əliyev rejiminin əl atdığı  belə məqalələrin Azərbaycan xalqının baxış və rəyi, Azərbaycan cəmiyyətinin reallıqlarını əks etdirmədiyini” nəzərə çatdırır. Bunu ancaq iqtidara xidmət edən bir qrup insanın fikir və düşüncəsi adlandırır (contact.az).