Bərdəni dərdə salan icra başçısı

Vidadi Isayev rayon sakinlərinin qanına susayıb

Bərdə rayonunun icra başçısı Vidadi Isayevin qanunsuz hərəkətləri barədə rayon sakini Adil Abdullayev redaksiyamıza məktub göndərib. Məktubda deyilir:
“Icra başçısı Bərdəyə gələn gündən rayon əhalisinə qənim kəsilib. H.Aslanov küçəsində yaşayan Gülü adlı bir xanım evinin qarşısında şəhid qardaşının adına bulaq tikdirib.  V.Isayevin göstərişiylə həmin bulaq söküldü, Zoya adlı xanımın mağazası da qanunsuz olaraq söküldü və hər iki xanım elə işgəncəyə məruz qaldı ki, Ermənistan vətəndaşlığını qəbul etmək üçün rayonu tərk etdilər. Lakin MTN işçiləri onları Tərtər ərazisindən geri qaytardılar. Poçtda işləyən H.Cəfər adlı şəxs icra başçısının qanunsuz hərəkətlərinə etiraz olaraq  icra hakimiyyəti binasına benzin töküb yandırmaq istəyəndə polis tərəfindən  tutuldu və vəhşicəsinə döyülərək üstünə oğurluq atılıb 3 il həbs cəzası verildi.
Kərbəlayi Nadir adlı şəxs  evinin qarşısında Həzrət Əli adına bulaq tikdirib. V.Isayev gələrək  “Mən Əli-Vəli tanımıram, sökülsün!” deyib. Nadir kişinin oğlu buna etiraz olaraq özünü yandırmağa cəhd etsə də yanğınsöndürənlər onu xilas edib. Bütün dünyanın pərəstiş etdiyi N.Gəncəvinin büstü götürüldü, adını daşıyan kinoteatr  söküldü. Hazırda rayonda kinoteatr yoxdur. Rayon əhalisi şəhidlərimizin adını əbədiləşdirmək üçün  pul yığaraq rayon mərkəzində şəhid parkı  yaratmışdı. V.Isayevin göstərişiylə  o da söküldü, mərmər lövhələr satıldı və yerində əli səhəngli qadın büstü qoyuldu. Abadlaşdırma adıyla hər müəllim, həkim, idarə və müəssisə işçilərindən, mağazası olanlardan pul yığdırır, adı da olur abadlaşdırmanı dövlət edir. Büdcədən ayrılan pullar  rayona gəlib çatmır, bütün bunlar həyat şəraiti ağır olan rayon əhalisinin boğazından kəsilir.
Bərdədə təhsil yox səviyyəsindədir.  10-11-ci siniflər  dərsə buraxılmır, hazırlıq kursu adıyla valideynlər soyulur və son nəticədə orta məktəb attestatı təhsil şöbə müdiri R.Ismayılova tərəfindən pulla satılır, olmayan isə avara qalır.
Səhiyyədən isə danışmağa da dəyməz. Pul yoxdursa xəstə ölməlidir, hətta təcili yardım maşını benzin pulu ilə xəstə üstünə gedir.
Mən deputat Z.Orucun üzünü də görməmişəm. Deputat rayonda bir neçə obyekt və 200 hektar torpaq sahəsini qohumlarının adına keçirib. Novruz bayramında bir az səməni satıb ailəmlə bayram keçirmək istədim, icra başçısının göstərişylə səmənilər dağıdıldı. Icra əməkdaşı Mürsəl adlı şəxs iki maşın polislə mənə hücum çəkdi və təhqir edərək dedi ki, başçının göstərişidir, H.Əliyev prospektində alver etmək olmaz. Başa düşə bilmirəm, H.Əliyev prospektində yaşayanlar acından ölməlidir, onsuz da rayon əhalisinin yarısı çörəkpulu dalınca xarici dövlətlərə gedib, qalanlar isə xəstə və qocalardır.
V.Isayevin əməllərinin cüzi bir hissəsini yazıram, onu da bilirəm ki, bu hərəkətlərə cavab verəcək qeyrətli bir şəxs yetişəcək və o, torpaqlarımızı da işğaldan azad edəcək, xalqımıza da xoş güzəran verəcək. Allah xalqımı və bərdəliləri belə  kafirlərdən qorusun”.

Sosial şöbə