Bakı mağazalarında erməni yağları

«Azadlıq» Avropanın satışına qadağa qoyduğu məhsulların Azərbaycana necə gəlməsini araşdırdı

Azərbaycana xaricdən idxal olunan, xüsusilə də Rusiya və Ukraynadan ölkəmizə gətirilən yağların keyfiyyəti heç də dünya standartlarına uyğun gəlmir. Təsadüfi deyil ki, həmin yağların Avropa bazarlarında satışına qadağa qoyulub. Bunlar Rusiyadan idxal olunan “Avetov”, “Zlato”, “Premium Zolotoe Semeçka”, “Yantar”, həmçinin Ukaynada istehsal olunan “Olenya” yağlarıdı.
Maraqlıdır ki, “Avetov” və “Zlato” yağlarının Azərbaycanda satışına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti Idarəsi qadağa qoyub. Idarənin 26 yanvar 2010-cu ildə mətbuata verdiyi açıqlamada bildirilir ki, “Marko” MMC-nin idxal etdiyi “Zlato” və “Avedov” günəbaxan yağ məhsuları AZS Milli Sertifikatlaşdırma Sisteminin tələblərini tətbiq etməyib, müəssisə sertifikatlaşdırmadan yayınıb və məhsulların markalanması qanunvericiliyə uyğun aparılmayıb. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı müəssisə rəhbərliyinə iradnamə, satışın qadağan edilməsi barədə tələbnamələr verilib və inzibati protokol tərtib olunaraq 4 min manat cərimə tətbiq edilib.

Avropa bu yağların satışına niyə qadağa qoyub?

Ancaq buna baxmayaraq bu gün də Bakının bütün marketlərində bu yağların satışı davam etdirilir. Biz Bakının bir sıra market və ərzaq dükanlarını gəzdik. Əksər dükanlarda, demək olar, hər iki məhsul satılır. Satıcılardan sertifikat tələb etdikdə isə “sertifikat müdriyyətdədir” cavabını aldıq. Ancaq çox dükan və marketlərdə müdriyyət yerində deyildi, yerində olan bizə sertifikatı göstərməyə borclu olmadığını söylədi.
“Azadlıq”a daxil olan məlumatlara görə, ölkəmizdə satışa çıxarılan “Avetov”, “Zlato”, “Premium Zolotoe Semeçka”, “Yantar”, “Olenya” yağlarının sertifikatı yoxdur, olanlar isə saxtadır.
Avropanın qadağa qoyduğu “Avetov”, “Zlato”, “Premium Zolotoe Semeçka” və başqa yağların xammalı Ukraynadan gətirilir və həmin xammal əsasən Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışdan sonra radiasiyalanmış ərazilərdə yetişdirilir və emal olunur. Bu yağların əsas satış bazarından biri isə məhz Ermənistandır. Ancaq Ermənistana bu yağların idxalını Rusiyadakı erməni diasporu həyata keçirir ki, bu da maraqlı nüanslar ortaya qoymaqdadır.

Bakıda satılan məhsulların ermənilərə faydası

Adları salanan yağların əsas özəlliyi isə Rusiyada ermənilərin daha çox məskunlaşdığı ərazilərdə istehsal olunmasıdır. “Avetov”, “Zlato”, “Premium Zolotoe Semeçka”, “Yantar”, “Olenya” yağlarının istehsalını təşkil edən şirkətlərin əsas sərmayə payı erməni iş adamlarının əlindədir. 1980-ci illərdən başlayaraq Beynəlxalq Erməni Diasporu davamlı olaraq Rusiyada qida sektoruna sərmayə qoyub. Bu sərmayələrin içində isə ermənilərin daha çox məskunlaşdığı Krasnodar, Stavropol diyarlarında və Rostov vilayətində istehsal olunan “Avetov”, “Zlato”, “Premium Zolotoe Semeçka”, “Yantar” yağları öndə gəlir. “Olenya” yağına gəlincə, 2001-ci ildən başlayaraq ermənilər Dnepropetrovsk vilayətində bu yağın istehsalı ilə məşğuldurlar. Bu şirkətlərin rəhbər strukturlarında başqa millətlərin nümayəndələri olsa da, şirkətlərin səhmləri tam olaraq Erməni Diasporunun nəzarətindədir.
Maraqlı bir faktı da qeyd edək. On minlərlə türkün qatili, Naxçıvanda və Zəngəzurda onlarla kəndin əhalisini uşaqlı-böyüklü qətlə yetirən Andranikin Soçi şəhərinin Lazerevski rayonunun Volkonka kəndində abidəsinin qoyulması üçün vəsaiti “Avetov” şirkəti ayırıb. Baxmayaraq ki, həmin abidəni qoyulandan bir neçə gün sonra Soçi şəhərinin meri sökdürüb. Faktiki olaraq belə bir işə maliyyəni Azərbaycanda satışda olan bir məhsulun baş ofisi ayırıb.
Bundan başqa, bu şirkətlərin gəlirlərindən milyonlarla dollar Erməni Diasporunun Rusiyadakı və Avropadakı tədbirlərinə ayrılır.
Araşdırmamızın nəticəsi olaraq onu da bildirək ki, “Avetov”, “Zlato”, “Zoloto Premium”, “Yantar”, “Olenya” yağları ölkəmizə gizli yolla gətirilir. Belə ki, gömrükdən bu yağlar başqa ad altında keçirilir. Bu barədə bizə məlumat verən mənbə bildirir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bu yağların ölkəyə gəlişinə qadağa qoymasına rəğmən bir sıra işbazlar özlərinin gömrükdə çalışan əlaqələrindən istifadə edərək başqa məhsul adı altında bu yağları Azərbaycan bazarına gətirə bilirlər.

Ramin DEKO