İlqar Əliyevin sifarişi ilə həbs olunduğunu deyən Böyükağa Abdullayevdən ölkə başçısına sensasion müraciət
Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin sifarişi ilə həbs edilən və hazırda Gəncədəki 2 saylı Istintaq Təcridxanasında saxlanılan Böyükağa Abdullayev ölkə başçısına növbəti dəfə müraciət edib. Redaksiyamıza da daxil olan bu müraciətdə Aqil Əliyevin başqa bir şərikinin ölümü ilə bağlı şok faktlar yer alıb. Böyükağa Abdullayevin müraciətini ixtisarla oxucuların diqqətinə çatdırırıq:
“2004-cü ildə təsis edilmiş ”EKO SERVIS KO” MMC-nin 25 faiz pay hüququna malik təsisçilərindən biri olmuşam. Cəmiyyətin digər təsisçiləri 25 faiz paya malik Dəyanət Səlimov, 50 faiz paya malik Əliyev Aqil Əlirza oğlu olub. Aqil Əliyevin ölümündən sonra cəmiyyətin prezidenti oğlu Ilqar Əliyev olub. Bundan sonra digər təsisçilərə təzyiqlər başlayıb. Cəmiyyətin 25 faiz payçısı Səlimov Dəyanət Ismayıl oğlu “məlum” sifariş əsasında 17 noyabr 2008-ci il tarixdə qətlə faciəli şəkildə qətlə yetirilib. Növbəti qurban mən olacağımı hiss etdiyim üçün baş vermiş cinayət olayları barədə dövlət orqanlarına dəfələrlə rəsmi məlumat vermişəm. Həmçinin təxminən 6-7 ay qaçıb gizlənmişəm. Əgər qaçıb gizlənməsəydim, aidiyyəti orqanlara müraciət etməsəydim, gələcəkdə başıma gətiriləcək oyunları, kimlərin məni öldürtmək istədiyi, şərikimi kimlərin öldürdüyü ilə bağlı audio-video materiallar hazırlamasaydım məni də qətlə yetirib qanımı batırardılar. Mən bütün bunları edəndən sonra həmin qüvvələri xəbərdar etmişdim ki, məni öldürtməklə heç nəyə nail ola bilməyəcəksiniz. Bilin ki, bu barədə artıq dövlət qurumlarını və ictimaiyyəti məlumatlandırmışam.
Baş verənlər barədə hüquq-mühafizə orqanlarının və Dəyanət Səlimovun qətli ilə bağlı məhkəmə istintaqını aparan Bakı Ağır Cinayətlər Məhkəməsinin məlumatı var idi. Bilirdilər ki, mən niyə gizlənirəm.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu qətllə bağlı ifadə vermişəm. Lakin 2-3 dəqiqə müddətində anlamışam ki, dediklərim qeyd olunmur, məhkəmədə iştirakım formal xarakter daşıyır.
Dəyanət Səlimovun ölüm işi ilə bağlı məhkəmə istintaqı təxminən 2009-cu ilin iyul-avqust aylarında başa çatıb. Onun qətlinin ört-basdır olunmasından 1 il keçməmiş 4 sentyabr 2010-cu il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi tərəfindən barəmdə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 322.2 (özbaşınalıq) maddələrilə cinayət işi başlanıb. Baş vermiş olaylardan da görünür ki, Dəyanət Səlimovun qatilləri məni öldürməkdən müvəqqəti vaz keçsələr də, məni sağ-salamat buraxmaq fikrində deyillər. Bildirirəm ki, məni bu yolla susdurmaqla, mənə hədə-qorxu gəlməklə, əmlakımı əlimdən almaqla, türmələrdə girov saxlamaqla qorxutmaq olmaz. Mən haqq yolundan dönən deyiləm. Ölsəm belə mübarizəmi axıra kimi aparacağam.
Cənab Ilham Əliyev !
Sizlər üçün bu kimi haqsızlıqları bilmək maraqlı deyilmi? Mənə qarşı ittihamda göstərilir ki, 2004-cü ildə cəmiyyətin digər təsisçisi Dəyanət Səlimovla birləşib cəmiyyətin prezidenti 50 faiz paya malik mərhum Aqil Əliyev, onun vəfatından sonra isə cəmiyyətin prezidenti olmuş varisi Ilqar Əliyevdən xəbərsiz 14 min 330 ton torpağı satıb 141 min 750 manat pulu ələ keçirməklə Əliyevləri aldatmışıq. Mən cəmiyyətin təsisçisi olmuşam! Direktor vəzifəsində işləməmişəm, ümumiyyətlə, cəmiyyət üzrə inzibati, təşkilati və sərəncam verən funksiyaları həyata keçirməmişəm. Istər mərhum Aqil Əliyev, istərsə də Ilqar Əliyev tərəfindən mənə cəmiyyətin əmlakının idarə olunması səlahiyyəti verilməyib. Belə olan halda sual olunur: Mən Əliyevlərin etibarından necə sui-istifadə edə bilərəm? Indi mən mən mərhum Aqil Əliyevi hardan tapım baş prokuror Zakir Qaralova desin ki, məni heç kim aldatmayıb və aldada bilməz?! Mən Aqil Əliyevi hardan tapım Zakir Qaralova desin ki, mən əmlakımı heç kimə etibar etməmişəm ona görə də heç kim mənim etibarımdan sui-istifadə etməyib və edə də bilməzdi?! Mən Aqil Əliyevi hardan tapım Zakir Qaralova desin ki, cəmiyyətə qəbul etdiyim şəxsləri yaxşı tanımışam, onların kimliyi qabaqcadan məlum olub, onlar küçədən gəlib cəmiyyətə daxil olmayıblar, o şəxslərin mənəviyyatları kasad olmayıb, həmin şəxslərin ev-eşikləri, iş yerləri olub?! Mən Aqil Əliyevi hardan tapım Zakir Qaralova desin ki, cəmiyyətin təsisçisi Dəyanət Səlimovun qatillərini niyə cəzalandırmadın, qanını niyə batırdın? Digər təsisçi Böyükağa Abdullayevi Əliyevlərin adından niyə girovluqda” saxlayırsınız?”