Azərbaycan Neft Akademiyasında 3 il qabaq baş vermiş dəhşətli terror hadisəsi zamanı əksəriyyəti tələbə olmaqla, 12 nəfər şəhid oldu, bir o qədər də ağır yaralandı. Bu dəhşətli terror aktı Azərbaycan durduqca hafizələrdən silinməyəcək, insanlar hətta 100 il bundan sonra belə, bu kədərli günü qeyd edəcəklər. Gələcəkdə mütləq, 28 may küçəsində bir abidə qoyulacaq, bütün dünyada olduğu kimi, insanlar öz övladlarının əlindən tutaraq, sayğı dürüşü üçün növbə gözləyəcək. Bu terror Azərbaycana elan edilməmiş müharibənin tərkib hissəsidir, orada həlak olanlar isə, tərəddüdsüz-filansız ŞƏHID sayılmalıdır.
Bu ilin 30 aprelində tələbələrin anım gününü ürək ağrısı ilə izlədim. Bu kədərli gündə əllərində qərənfil tutaraq şəhid tələbə yoldaşlarının əziz xatirəsini yad etmək onların müqəddəs haqqı idi, bunu onların əlindən almağa heç kəsin nə mənəvi, nə də hüqüqu ixtiyarı çatmırdı.
Bu terrora görə mənəvi məsuliyyəti ilk növbədə hüquq-mühafizə orqanları, dövlət rəsmiləri daşıyır. Ölkənin paytaxtında insanların qanı axıdılır, dəhşətli terror hadisəsi baş verir, asayiş üçün cavabdeh olan heç bir yüksək çinli məmurun “burnu” da qanamır. Bir dəfə Rusiyadan gələn zaman özümlə keçirmək istədiyim tapançadan bir az böyük olan bir cüt balığı(!) gömrük işçiləri dartıb(!) əlimdən aldılar və… protokolla müsadirə etdilər. Balıq yüksək çinli məmur-oliqarxın monopoliyasında idi və bu səbəbdən “starateji”(!) məhsul sayılırdı. Kömrük zabitinin “mənim anamı ağladarlar, istəyirsən burda ye, sonra get” deməsindən sonra özümə yazığım gəldi…
…Amma silah keçirildi və gömrük sistemində heç cəzalandırılan belə olmadı, halbuki, lazım gələndə, toyuq hinində basdırılmış silah belə “tapılır” və “günahkarlar” cəzalandırılır.
Kədərli bir mənzərəyə şahidlik etdik, yaxaları polis və mülki geyimdə olanların əlində olan gənclər, əllərindəki qərənfillər əzilməsin deyə, müqavimət göstərmədilər. Qoca bir taksi sürücüsü isə, mülki geyimli orqan işçisinə etiraz etdi, dedi ki, bunların günahı nədir ki, sadəcə gül tutublar, silah ki, tutmayıblar…
Yəni burada silah işə düşəndə siz harda idiniz? ADNA-ya demək olar ki, bitişik MTN-in rayon şöbəsi, bir az aralıda isə polis bölməsi yerləşir.
Dəhşətli olaydan sonra, “kamufulyaj-şou” göstərməyə nə var ki…
Həyatı bahasına terrorçunu durdurmağa cəhd edən tələbələr də oldu, heç onlar ölümündən sonra təltif belə olunmadılar.
Mən ANIM GÜNÜNÜ qadağan edən hakimiyyətin arqumentləri ilə tanış olmaq istədim, lakin belə bir açıqlamanın olmadığını söylədilər, “deyirlər olmaz, gedin qəbir üstünə, vəssalam”. Qəribə məntiqdir, bəs onda niyə 20 Yanvarda, şəhərin müxtəlif yerlərinə, o cümlədən metro stansiyalarına qərənfillər düzürük. 10 aprel 2010-cu ildə aviaqəzada həlak olmuş Polşanın mərhum prezidenti Lex Kaçinskinin xatirəsinə Xatın meşəsinə də qərənfillər düzüldü…
Minlərlə soyqırım qurbanlarını yad etmək üçün insanlar gettolara, ölüm düşərgələrinə axışırlar…
Insanların hakimiyyətin iradəsindən asılı olmayan toplu hərəkəti qıcıq yaradır. Belə bir tədbirlər anım günü də ola bilər, sevinc günü də, etiraz günü də…
Bir dəstə hüznlü gənc yəni bu qədərmi təhlükəlidir? Axı onlar da 3 il öncə ölümün pəncəsindən təsadüf nəticəsində qurtula bilmişdilər, hələ bu dəhşətli sindromdan tam olaraq qurtulmayıblar, acıları böyükdür, təsəlli etməkdən yaxalarından niyə yapışırsınız, əllərindəki qərənfilləri niyə əzirsiniz? Bu “jest”in hansı anlama gəldiyini təsəvvür edirsinizmi?
Nə etdiyinizin fərqindəsinizmi?
Mən müharibə dövründə döyüşən tərəflərin analoji addımlarından yazmaq istədim, amma bacarmadım, xəcalət çəkdim, yalnız onu deyə bilərəm ki, bu müdaxiləni həmişə müharibə edən tərəf, digərinə edib.
Çünki inanıram ki, əlində qərənfil tutan gənclərin yaxasından yapışanlar, mütləq bir gün üzr istəyəcəklər.
Bir daha bu rəzilliyin şahidi olmamaq üçün, ADNA-nın köçürülməsini istəyirəm.

ADNA-nı Bibiheybətə köçürün!
•