Fransa prezidentinin 2007-ci ildə Qəzzafi ilə gizli nüvə razılaşması imzaladığı deyilir
Fransa prezidenti Nikola Sarkozinin 2007-ci ildə keçirilən prezident seçkiləri kampaniyasına Liviya diktatoru Müəmmər Qəzzafinin pul ayırmasıyla bağlı iddiaların yaratdığı qalmaqal səngiməmiş Sarkozi haqda daha bir şok iddia yayılıb. Fransada yayımlanan həftəlik “Les Inrockuptibles” jurnalı Sarkozinin Qəzzafi ilə gizli nüvə əməkdaşlığı haqda razılaşmasının olduğunu yazıb.
Jurnalın yazdığına görə, Sarkozi 2007-ci ildə Afrika ölkəsindən qaçırılan beş bolqar tibb bacısı və bir fələstinli həkimin azadlığa buraxılması qarşılığında Qəzzafi ilə nüvə əməkdaşlığı etmək üçün razılaşıb. Yaşıllar partiyası da liviyalı uşaqlara “Aids” virusu yayan iynə vurmaları ittihamıyla həbs olunan 6 həkimin azad edilməsi qarşılığında Sarkozinin Qəzzafiyə atom enerjisi təmin etməyə söz verdiyini bildirib. Sarkozi isə “bir dəliylə nüvə əməkdaşlığı edəcəyimi necə düşünə bilərlər” deyərək iddiaları təkzib etmişdi. Ancaq “Les Inrockuptibles” jurnalının ələ keçirdiyi 2007-ci il tarixli gizli diplomatik sənədlər onlar arasında belə bir razılaşmanın olduğunu isbatlayır.
Xəbərdə Sarkozinin siyasi arenada parlaq uğurlara ehtiyac duyduğu illərdə Qəzzafinin tibbi işçilərinin azadlığı qarşısında silah və bir nüvə stansiyası tələb etdiyi, Parisin də bu tələbləri qəbul etdiyi deyilir. Azadlığa buraxılan həkimlərin Fransa hökumətinə aid təyyarəylə Bolqarıstana göndərilməsindən bir gün sonra yəni 2007-ci il iyulun 24-də Fransanın o zamankı xarici işlər naziri Bernar Kuşyenin Liviya paytaxtı Tripoliyə gələrək Qəzzafi rejimi ilə hərbi və nüvə razılaşmaları imzaladığı bildirilir.
azadliq.info


