Parlament Şuşaya görə Avropaya müraciət etdi

Azərbaycan Milli Məclisi Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına və digər beynəlxalq qurumlara Şuşanın işğalının 20 illiyi ilə bağlı müraciət edib.

“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir ki, Şuşanın Azərbaycanın mədəni tarixində xüsusi yeri var.

Müraciətdə qeyd olunur ki, işğalçılıq müharibəsinin gedişində erməni millətçiləri Azərbaycan xalqına qarşı bir neçə dəfə soyqırımı həyata keçirib, o cümlədən Xocalı faciəsini törədiblər.

Müraciətdə Azərbaycan torpaqlarının işğal olunmasına son qoyulması tələb edilir: “Lakin bu günədək Ermənistan dövləti barəsində lazımi qətiyyət göstərilməyib”.

Milli Məclis Avropa Parlamentini, AŞPA-nı, dünya parlamentlərini və digər qurumları Qarabağ probleminin həllinə yardımçı olmaq üçün öz səylərini birləşdirməyə çağırır: “Biz gözləyirik ki, Cənubi Qafqaz bölgəsində, bütün Avropada sülh və sabitlik üçün təhlükə törədən bu münaqişə ocağının aradan qaldırılması, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinə sövq edilməsi üçün beynəlxalq birlik qəti mövqeyini nümayiş etdirəcək”.