Müdafiə Nazirliyi generala cavab verdi

Qurumun rəsmisi bildirib ki, Lənkəran Əliyevin qanunsuz hərəkətləri tam sübuta yetirilib

Müdafiə Nazirliyinin Hüquq Idarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyev general Lənkəran Əliyevin “Azadlıq”a  verdiyi açıqlamalarına münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamada R.Kişiyev bildirib ki, L.Əliyev öz günahını anlamaq istəmir və məhkəmənin qanuni qərarını şəxsi maraqlarına uyğun olaraq şübhə altına alır.
R.Kişiyev bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyinin ünvanına Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi qulluqçularından, onların ailə üzvlərindən daxil olan çoxsaylı şikayət əsasında, müdafiə nazirinin göstərişilə yaradılmış komissiya tərəfindən, 06 aprel 2009-cu il tarixdən 18 may 2009-cu il tarixədək Təlim və Tədris Mərkəzinin maliyyə-təsərrüfat fəaliyyəti, hərbi qulluqçuların hərbi və döyüş hazırlığı səviyyəsi, hərbi intizama və qanunçuluğa riayət olunması, hərbi qulluqçuların sosial və hüquqi müdafiəsinin vəziyyəti və digər sahələr üzrə yoxlama aparılıb. Yoxlamanın nəticələrinə dair Lənkəran Əliyev Azərbaycan Respublikası qanunlarının, hərbi nizamnamələrin və müdafiə nazirinin əmrlərinin tələblərini kobud şəkildə pozduğuna, tabelikdəki hərbi qulluqçulara qarşı mənəvi və psixoloji təzyiqlərə yol verdiyinə, vəzifəli şəxslərin xidməti vəzifələrinin yerinə yetirilməsinə zəif nəzarət etməsi nəticəsində dövlətə külli miqdarda maddi ziyan vurulmasına şərait yaratdığına görə Müdafiə naziri tərəfindən verilmiş müvafiq əmrə əsasən tutduğu vəzifədən azad edilib. “Mərkəzin mənzil komissiyasına qanunsuz göstəriş verməklə göndərtdiyi məktuba əsasən yeni order alması və bunun ardınca Mərkəzin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş binanın 114,5 kv.m yaşayış sahəsini zəbt etməsi, habelə Mərkəzin bir nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunu döyərək fiziki təhqir etməsi faktlarına bir daha toxunmağa lüzum görmürəm və hesab edirəm ki, ictimaiyyətə bu haqda verilmiş məlumatların təfsilatına təkrarən varmağa ehtiyac yoxdur”, –  deyə R.Kişiyev bildirib.
R.Kişiyev xatırladıb ki, L.Əliyev törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 331.3, 341.1 v 341.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və istintaq zamanı yuxarıda göstərilən onun qanunsuz hərəkətləri şahid ifadələri və digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilib.