“Ömrümdə ilk dəfə ən darıxdıcı auditoriya ilə qarşı-qarşıyam. Sadəcə oturub gözlərinizi mənə zilləmisiniz. Özünüzü elə göstərirsiniz ki, guya xoşunuza gəlirəm!”
(Co Bayden, ABŞ-ın vitse prezidenti)
Bu sözlər ABŞ rəsmisinin türk-azərbaycan icması ilə xeyriyyə məqsədi daşıyan səhər yeməyi zamanı çıxışının başlanğıcıdır.
Co Baydeni qınamaq da olmur, çünki xeyriyyə məqsədi daşıyan belə görüşlərdə adətən, Amerikada yaşayan ayrı-ayrı xalqların bu ölkədə üzləşdiyi problemlər qabardılır, bu dəfə isə vəziyyət tamam başqa olduğundan o, nitqinə bu cür başlamağa məcbur olur. Azərbaycan diasporu əvəzinə yuxulu (həmin vaxt bizdə məmurlar şirin yuxuda olurlar – X.Ə.), lakin bəxtəvər görünməyə çalışan məmurlarımızın saxtakarlığı, Co Baydenin nəzərindən qaçmır.
Belə yeməklər heç bir siyasi məqsədlərə xidmət etmir, sadəcə humanitar xarakter daşıyır. Obama da Milad bayramı öncəsi bu cür “ödənişli” səhər yeməklərində iştirak edir…
Nələr yazmadılar bizimkilər… – guya Obamaya… Ziya Məmmədovla, Rövnəq Abdullayev pul yollayıblar(!) ki, dost var, düşmən var, “abırlı-başlı seçki keçirsin”.
“Yeni Müsavat” qəzetində “Olixarxlar Obamaya pul verib” başlığı ilə çıxan yazıda bu iki korrupsioner məmur artıq Obamanın seçki kampaniyasının(!) fəalları kimi təqdim edilir: “Anar Məmmədovun Amerikada yeni lobbi təşkilatı quraraq onun fəaliyyətinə böyük pullar xərcləməyə başlaması da bura daxildir. Indi belə məlum olur ki, hakimiyyət Amerika seçkilərində demokratlara ”stavka” edir və Obamanın kampaniyasına dolayısı maliyyə yardımları edir… ARDNŞ də bu tədbirlərin sponsorları arasında yer alıb” (Indi bildinizmi Sulutəpə niyə sökülür, sakit olun).
Xatırladaq ki, hər biletin biri 2500 dollar olan bu səhər yeməyindən əldə olunan gəlir döş xərçəngindən müalicə fonduna keçirilir və prezident Obamanın seçkilərinin maliyyələşməsinə zərrə qədər də dəxli yoxdur.
Və yəqin ki, Obamanın rəqibləri, bu yapsayağı piardan istifadə etməyi heç vaxt ağıllarına belə gətirməyəcəklər. Orada iqtidarlar seçki yolu ilə dəyişir və sabah belə səhər yeməyində onların əyləşəcəyi mümkündür. Bütün bu spekulyasionlar daxilə, rejimə hələ də boyun əymək istəməyən sadə xalqa istiqamətlənib. Yəni Amerika ilə “dil tapdıq, hünəriniz var səsinizi çıxarın”.
…Artıq Azərbaycanda Ilham Əliyev hakimiyyəti üçün bilərəkdən belə bir rəy formalaşdırılır – “hər kəsin haqqını verir, Azərbaycanı idarə edir”.
“Ilham Əliyevin hakimiyyəti ABŞ və Rusiyanın ən yüksək dairələri tərəfindən dəstəklənir, Qərb dövlətlərinin arabir(!) ”müxalifəti dəstəkləməyi isə”, növbəti neft-qaz güzəşti(!) üçündür və s.
Və yaxud hakimiyyətin ağır günlərində məlum mətbuat orqanlarından kütləyə ünvanlanmış – “Iqtidarın Qarabağı almaq planı”, “Iqtidar-müxalifət barışığının şok planı əlimizdə”, “Vurulacaq oliqarx-məmurların siyahısı hazırlandı”, “Prezident gizli müşavirədə korrupsiyadan danışdı” və s. spekulyasion manşetlərə artıq adət etmişik.
Elə sonuncu manşetdən bir-iki gün keçməmiş prezident nəqliyyat naziri Ziya Məmmədovu “Şöhrət” ordeni ilə təltif etdi. Ziya Məmmədovun ölkənin ən iri korrupsionerlərindən biri olmasını sübut etmək üçün sadəcə, Teymur Əliyev küçəsinə getmək lazımdır, nazirin 20 illik maaşı belə, onun bu küçədə yerləşən qoşa villasından birinin (!) fasad və hasarına belə yetməz.
Bəli, rejim artıq, qeyri-ciddi arqumentlərlə ömrünü uzatmaqda qərarlıdır.
Obamanın “seçki nağılı” da bu qəbildən növbəti sayıqlamadır. Amma gəlin, məmurlarımızın “məntiqi”nə də “barmaqarası” baxmayaq. Onlar israr edirlər ki, Obamaya pul lazımdır, pul da bizdə…
Məsələn, ötən prezident seçkiləri zamanı pul lazım olduğundan Obama özünün “Chrysler 300C” markalı maşınını satdı. Xatırladaq ki, bu zaman o, senator idi.
Azərbaycanda nəinki nazir, hətta onun katibəsinin belə sadə maşında gəzməsi, təhqir (!) sayılır. Məmurlarımız “haqlı olaraq” fikirləşirlər ki, “bu kişi pul ”qazana” bilmir, Amerika kimi bir dövlətin başçısı olasan, bizim adi nazir katibəsi qədər pulun olmaya, kim olsa əsəbiləşər də?..
Həqiqət budur ki, ABŞ-a hansı sifətlə gedirsən get, səndən bir şey istəyəcəklər – demokratiya! Özünüzü yormayın!