BIR: Mixayloya “Şöhrət” ordeni verilsin;
IKI: Çempionlar Liqasının finalında oynanacaq “Bavariya”-“Çelsi” qarşılaşmasında ingilislərə azarkeşlik edənlər “Tərəqqi” medalı ilə təltif edilsin;
ÜÇ: “Bavariya”ya azarkeşlik edənlərə oyunu yalnız “20-ci sahə”də quraşdırılan monitor vasitəsilə izləməyə icazə verilsin;
DÖRD: Bu zaman həmin istiqamətdə hərəkət edən marşrutlar xətdən çıxarılsın, “badımcan” ləqəbli “London taksiləri”nin sürücülərinə isə “Bavariya” azarkeşlərini Ələt çöllərinə aparıb orada azdırmaq tapşırılsın;
BEŞ: Alman filosofu Artur Şopenhauerin intim videosu yayılsın;
ALTI: Şopenhauerin intim videosunun çəkildiyi evə Immanuel Kantın, Fridrix Nitsşenin, Karl Yaspersin, Karl Marksın mütəmadi olaraq gəlib-getdiyinə dair Baş Prokurorluğun rəsmi məlumatı açıqlansın;
YEDDI: “Olaylar” qəzetinə, Lent.az saytına və görkəmli hərşeyşünas Cümşüd Nuriyevə tapşırılsın ki, “Bavariya” pivəsinin xərçəng yaratdığı haqqında tutarlı faktlarla çıxış etsinlər;
SƏKKIZ: Remarkın damarında erməni qanı axdığı, Henrix Böllün isə nəvələrinin Qarabağ müharibəsində düşmən tərəfdən muzdlu döyüşçü kimi iştirak etdiyi ortaya çıxarılsın;
DOQQUZ: Terrorçu “Meşə qardaşları” qruplaşmasının adı bundan sonra “Qrimm qardaşları” kimi yazılsın;
ON: AzTV-də yubanmadan “41-45-ci illərdə gəlmişdiniz, gördük də” silsiləsindən verilişlərin nümayişinə başlansın.
Lazımın gəlməsi
Hazırda ölkədə bütün diqqətlər Səfər Əbiyevlə Lənkəran Əliyevin ev müharibəsinə yönəlib. Bu saat evin hər kərpici uğrunda amansız döyüş gedir.
Hazırda Müdafiə Nazirliyinin alovlu şairi Abdulla Qurbani “Gün o gün olsun, Lənkəran Əliyevin evinin mətbəxində kabab çəkək” adlı poema üzərində işləyir. Eldar Sabiroğlunun başçılığı altında bir qrup vətənpərvər jurnalist isə hazırda həmin evin qonaq otağında “Yallı” gedir.
Siz oturub gözləyirdiniz ki, Lazım gəlib Qarabağı alacaq. Di gedin, kef eləyin!
Mən kimdən inciyirəm?
Anar Rzayevin katibi, ömründə bircə dənə də istedadlı cümlənin altına imza atmamış Rəşad Məcid “Qafqazinfo” saytına müsahibə verib, müsahibəsində bəndənizi necə var, şərləyib.
Guya mənim ondan “inciməyimin səbəbi” nə vaxtsa baş redaktoru olduğu “525-ci qəzet”də şeirlərimi çap etməməsi imiş. Şaqqanaq çəkib gülmək istədim, amma Rəfaellə Coşqunun şit, duzsuz zarafatlarına oxşadığı üçün heç gülümsəyə də bilmədim. Ilham Əliyevin vəkili, Anar Rzayevin katibi, Ramiz Mehdiyevin də baş redaktoru olan adama belə mənasız, düşük özünü təmizəçıxarmalar yaraşır zatən.
Eyni səbəblə Bəxtiyar Sadıqov da iddia edə bilər ki, mənim hakimiyyət əleyhinə yazılarımın kökündə “Azərbaycan” adlı rəsmi divar qəzetinə köşə yazmağıma imkan verilməməsi dayanır.
Nə isə, sözüm onda deyil. Mənə əndrəbadi görünən Rəşadın guya, mənim ondan incidiyimi (hansı səbəblə olur olsun!) düşünməsidir.
Yanılır. Həm də çox yanılır.
Mən güvəndiyim, sayğı duyduğum, doğma bildiyim, dost sandığım insanların xətasından, yanlışından inciyə bilərəm.
Həqiqətə sırtını dönənlərdən, yalan və yaltaqlıqla bəslənənlərdən, geriçiliyi, aqrar təfəkkürü müdafiə edənlərdən, zalımın vəkili, zülmün keşikçisi olanlardan, ictimai maraqları şəxsi mənfəətə dəyişənlərdən, mövqeyini bir günün içində maddiyyat qarşılığında 180 dərəcə dəyişənlərdən incimək isə çox yumşaq səslənərdi, çox yumşaq.
Belələrindən incimək onlara qarşı lütfkarlıq olardı.
Mən belələrini sinfi düşmən hesab edirəm.
Ona görə də Rəşad Məcid və onun qəbildən olanlar bundan sonra müsahibə, çıxış, açıqlamalarında bunu mütləq nəzərə alsınlar. Ki, daha ağır cavab yazmaq ehtiyacı yaranmasın.

İlham Əliyevə Almaniya ilə mübarizədə nə təklif edirəm?
•
•