Kim YAP-dan deyilsə…

Nurəddin İsmayılov

YAP-ın icra katibi Ə.Əhmədov Ziyalılar Forumunda təmsil olunan ziyalıların ictimai-siyasi fəallığından ciddi narahat olub. Onun mətbuatda səsləndirdiyi və bir az da ictimaiyyətdə heyrət doğuran fikri ondan ibarətdir ki, ziyalıların siyasətlə məşğul olması, siyasi məsələlərə aktiv müdaxilə etməsi əxlaqsızlıqdır və ziyalılar bunu etməməlidir. Əcəb məntiqdir.
Elə isə ölkənin həkimini, müəllimini, alimini zorla siyasətə qatan, onların əli ilə seçkiləri saxtalaşdıran, məhkəməsini sifarişli hökm çıxarmağa, polisini siyasi alətə çevirməyə cəhd edən hakim partiyanın siyasi mədəniyyətlə uzlaşmayan hərəkətlərini necə başa düşmək olar? Nə üçün fikirləşirlər ki, ziyalılar ölkədə gedən ictimai siyasi proseslərə biganə qalmalıdır? Məgər siyasi mövqe bildirmək təkcə partiyalı olmaq prinsipinə söykənməlidir?
Diqqətlə izlənilsə görərik ki, alimlərin, ziyalıların millətin, dövlətin xaosa, daxili gərginliyə, xarici təhdidlərə məruz qaldığı vaxtlarda dünyanın hər yerində ziyalılar qalxır və yanlış siyasət yönədənləri ölkəni fəlakətə sürükləyən siyasətdən əl götürməyə çağırış edirlər. Ziyalılara əxlaq dərsi verənlər bilməlidir ki, ən böyük ziyalılıq qaranlıqlara işıq salmaq, xalqı oyatmaq, ona haqqını bəlirtmək, haqsızlıqla mücadilə etməkdir.
Bu gün R.Əliyevin, R.Ibrahimbəyovun və Ziyalılar Forumunda təmsil olunan digər aydınların tutduğu mövqe əsl ziyalı mövqeyidir və onlar cəmiyyətdə baş verən eybəcərlikləri qabardaraq hakim zümrəni bu eybəcərliklərin qarşısını almağa, ölkədə islahatlar keçirməyə, korrupsiya və rüşvətxorluğun kökünü kəsməyə çağırır. Bəs ziyalılar bu mübarizənin önündə getməyəcəksə, onun nəyi ziyalı oldu?
Nəyə görə dövlət rəsmiləri dünənə qədər ziyalı kimi tanıdığı şəxsiyyətləri, indiki halda onlardan fərqli fikir səsləndirdiyinə, onların yaramazlıqlarına şərik olmadıqlarını elan etdiklərinə görə bəyənmir və ziyalının siyasətlə məşğul olmasını əxlaqsızlıq adlandırırlar. Niyə istəmirlər ki, kasadlaşdlırdıqları, eyni rəngə, eyni düşüncəyə saldıqları siyasi bazara, özündə yüksək siyasi mədəniyyəti yaşadan insanlar daxil olsun.
Mövcud rejim daşıyıcılarında belə bir yanlış fikir formalaşıb ki, hakimiyyətdə təmsil edilmək, ictimai-siyasi fəaliyyətlə məşğul omaq yalnız onlara məxsusdur. Bu istək onların hələ də əski kommunist düşüncəsinin ortaya qoyduğu təkpartiyalı və təkhakimiyyətli idarəetmə sisteminə bağlı olduqlarını göstərir.
O dönəmdə də eynən indi olduğu kimi, ölkəni, əsas tərkibi fəhlə və kəndli dəstələrindən təşkil edilmiş, amma yönətimi bir qrup kommunist nomenklaturun əlində cəmləşmiş siyasi elita istədiyi qaydada idarə edir və 250 milyonluq sovet xalqını fəal ictimai-siyasi həyatdan kənarda saxlayırdı.
Sovet xalqı kommunist liderlərin ağılsız siyasi qərarlarının kor-koranə icraçısına tabe olmalı və iqtisadi göstəricilərin şişirdilmiş rəqəmlərlə ifadə olunduğu salonlarda onlara gur alqışlar yağdırmalı idi. “Yaşasın Lenin”, “yaşasın Stalin”, “yaşasın partiyamız” kimi məftunedici ifadələrin arxasında, Lenini, Stalini və onların rəhbəri olduğu partiyanı sevməyənlərə dünyanı heyrətə salan ölüm hökmü dururdu. “Bizdən deyilsənsə, bizim düşmənimizsən” kimi idbar düşüncə hər kəsi öz mənini itirib, sovet “bizi” olmağa sürükləyir, yaradıcı düşüncə, fərqli baxış, siyasi plüralizm dünyadan təcrid edilmiş sovet rejiminin qurbanına çevrilirdi.
Qloballaşmaya məcburi uyğunlaşmanı nəzərə almasaq Azərbaycanda sovet idarəçiliyinin kopyalaşdırıldığını görmək çətin deyil. Hakim zümrə ictimai sferanın bütün sahələrini monopoliyaya götürüb. Ölkənin iqtisadi sistemi bir qrup oliqarx və monopolistlərin əlində cəmləşdiyi kimi, ölkənin siyasi sistemi də hakim siyasi elitanın əlində mərkəzləşib. Ölkədə sanki YAP-dan özgə bir partiya yoxmuş və hər hansı  digər bir siyasi partiyanın və siyasi fikir daşıyıcısının mövcudluğu onları əndişələndirir. Belə olmasaydı cənab Ə.Əhmədov ziyalıların ictimai-siyasi proseslərə aktiv müdaxiləsindən bu qədər narahat olmazdı.