Cabbar Savalanlını əsgər apardılar

“Komissarlıqda dedilər ki, sifariş “yuxarıdandır”

AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı bu gün hərbi xidmətə aparıldı. Bu barədə “Azadlıq”a məlumatı Cabbar Savalanlının anası Təravət Əliyeva verib. Onun sözlərinə görə, bu gün oğluna hərbi komissarlığa çağırıblar: “Bizə aldatdılar, dedilər ki, gəlin müayinədən keçin. Birdə gördüm Cabbar zəng edib dedi ki, məni aparırlar. Bizim əlimizdə sənədlər var. Cabbar əsgərliyə aparıla bilməz. Ancaq komissarlıqda yaxın bir adamımıza dedilər ki, sifariş “yuxarıdandır”.
Vəkil Əshabəli Mustafayev “Azadlıq”a açıqlamasında bildirdi ki, Cabbar Savalanlının bir qulağı eşitmir: “Biz ixtisaslaşmış klinikanın verdiyi rəyi Hərbi Komissarlığın tibbi komissiyasına təqdim etmişik. Neçə gün idi Cabbarı komissarlığa dəvət edirdilər. Bu gün də çağırmışdılar. Cabbar getdi, məlum oldu ki, həkim yoxdur. O dayısıgilə getdi, sonradan zəng edib deyiblər ki, saat 1-də komissarlıqda olmalısan. İkinci dəfə gedəndə ona bildiriblər ki, saat 3-də hərbi xidmətə gedirsən. Hazırda Cabbarı Qobustana aparıblar”.
Əshabəli Mustafayev deyir ki, qanunsuzlıuqla bağlı məhkəməyə müraciət edəcəklər: “Məhbəs həyatı yaşayan adam reabilitasiya dövrü keçməlidir. Buna imkan vermədilər. Hər şeyə primitiv yanaşırlar. Deyirlər ki, hər bir adam gecə yatanda da əsgərliyə getmək haqda düşünməldir. Yəni, bu insanlar Cabbar Savalanlının sağlamlığı barəsində düşünmürlər. Bu insanın qulağı eşitmir və bu ona hərbi xidmətdə problemlər yaradacaq. Biz bundan narahatıq. Ona görə də məhkəməyə müraciət edib, məsələni hüqiq müstəvidə həll etmək istəyirik”.

Ramin DEKO