Ziya Məmmədovun “Şöhrət”lənməsinin sirri

İlham Əliyev naziri mitinqlərə yaratdığı maneələrə görə təltif edib?

Bu günlərdə Ilham Əliyev nəqliyyat naziri Ziya Məmmədovu  “Şöhrət” ordeni ilə təltif etdi. “Şöhrət” ordeninin statusu və təsvirinin təsdiq edilməsi haqqında qanunda qeyd edilib ki, bu orden Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə; sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə; sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə; elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.
Ilham Əliyevin Ziya Məmmədovun fəaliyyətində bu xidmətlərdən hansını gördüyünü deyə bilmərik, amma ölkə başçısının nəqliyyat nazirini “Şöhrət” ordeni ilə təltif etməsi cəmiyyətdə qıcıq doğurub. Çünki Ziya Məmmədovun xidmətləri hər kəsə bəllidir. Bu o şəxsdir ki, hətta qar yağanda yolların bərbad vəziyyətə düşməsinə görə rəsmi qəzetlərdə tənqid olunmuşdu. Bu o şəxsdir ki, taksi sürücülərinin üsyanına səbəb olub. Bu o şəxsdir ki, Qubadakı üsyanda bilavasitə təqsiri var. Bu o şəxsdir ki, nəqliyyat sahəsində yaratdığı biabırçı vəziyyətə görə dəfələrlə yenə də rəsmi mətbuatda tənqid edilib. Bu o şəxsdir ki, nəqliyyat qoçularını evinə çörək pulu aparan taksi sürücülərinin üzərinə göndərir, onları döydürür, qanına qəltan etdirir.
Ziya Məmmədovun xidmətləri budur. Bu xidmətlər isə “Şöhrət” ordeninin statusuna daxil deyil. Bəs onda Ilham Əliyev hansı məntiqlə naziri bu ordenlə təltif edib? Aydındır, Ziya Məmmədovun ad günü olub, ona nəsə hədiyyə etmək lazımdır. Amma “Şöhrət” ordenini sıradan bir ad günü hədiyyəsinə çevirmək elə bu ordenə hörmətsizlik deyilmi? Bəlkə Ilham Əliyev Ziya Məmmədovun yuxarıda sadaladığımız xidmətlərindən xoşhal olub? Ya da, bəlkə ölkə başçısı nəqliyyat nazirini avtobus və taksilərə qadağa qoymaqla Ictimai Palatanın mitinqlərinə yaratdığı maneələrə görə təltif edib? Ola bilər…