Köhnə bir lətifə var. Sovet vətəndaşı ilə amerikalı mübahisə edir. Amerikalı deyir ki, onlarda yüksək inkişaf və dəqiq həyat ritmi var. Sovet vətəndaşı isə deyir ki, bizdə yerin altı ilə gedən elə bir qatar var ki, hər 5 dəqiqədən bir dayanacaqdan keçir. Mübahisə uzanır və gəlirlər Moskva metrosuna. Gözləyirlər, 5 dəqiqə keçir, amma qatar gəlmir. Düz 11 dəqiqədən sonra qatar gəlib çıxır. Bu zaman sovet vətəndaşı onu sual dolu baxışla süzən amerikalıya deyir: “Nə olsun, sizdə də hinduları qırıblar”.
Almaniya mətbuatındakı tənqidlərə tap gətirməyən bizim iqtidar təbliğatçıları məhz belə edirlər. Həqiqət qarşısında söz tapmayıb Hitleri və faşizmi Almaniyanın başına qaxan bu adamlar guya bilmirlər ki, müasir Almaniya dünyanın ən demokratik ölkələrindən biridir. Vaxtilə özü də bundan zillətlər çəkmiş alman xalqı faşizmə görə üzr istəyib və indi öz gələcəyinə ən mütərəqqi dəyərlərlə gedir.
Amma görün faşizmi bəyənməyənlər kimlərdir. Öz xalqını zülmlərə düçar edənlər. Oğru siyasi sistem. Bu azmış kimi, siyasi ayrı-seçkiliyi faşizm səviyyəsinə qaldıran bir iqtidar…
Tək bizdə deyil, indi bütün dünyada avtoritar rejimlər küncə sıxışan kimi başlayırlar terrorizmi pisləməyə, faşizmi lənətləməyə. Guya öz əməlləri çox yaxşıdır. Yeniyetmənin polis bölməsində döyülüb öldürülməsi, müxalifətçinin şərlənməsi, jurnalistin oğurlanması isə sanki mininci dərəcəli, əhəmiyyətsiz bir məsələdir.ÿÿ
Ən dəhşətlisi odur ki, bu cür avtoritar hakimiyyətlərin mahiyyəti faşizmə çox yaxındır. Görəsən, insanların azadlığını, malını, canını almağın müxtəlif növlərinin mahiyyətcə nə fərqi var? Yəqin ki, yalnız bir fərqi ola bilər, hansı daha amansızdır, hansı daha çox qurban tələb edir. Amma mahiyyət çox yaxındır. Ən yumşaq avtoritar hakimiyyətlər də müxtəlif üsullarla insanların həyatını, rifahını, canını məhv edir. Faşizm bunu açıq şəkildə və silahla edirsə, digərləri başı pambıqla kəsməyi də bacarırlar. Aralarında xeyli fərq olsa da, oxşarlıq da kifayət qədər çoxdur.
Faşizm haqda biz dəhşətlə danışırıq. Amma o da totalitarizmin, mürtəce hakimiyyətlərin bir növüdür. Azadlıqları qəsb edən digər hakimiyyətlərlə onların yaxınlığını daha yaxşı anlamaq istəyənlər məşhur yazıçı Umberto Ekonun “Əbədi faşizm” adlı essesini oxusun. Eko bizim çağımızda da dünyada mövcud olan faşizm nişanələrini, faşizməbənzər təzahürləri, ur-faşizmləri bəşəriyyət üçün təhlükə sayır. Yazıçı bununla heç də Amerika açmır.
“Bizim çağımızda ur-faşizm özünü ən günahsız növ və formalarla təqdim edə bilər” deyən Umberto Eko dünyadakı avtoritar rejimləri haqlı olaraq faşizmin fərqli təzahürləri sayır. Indi bizdə də ur-faşizmin təzahürü kimi var olan bir rejim və partiya Hitleri bəyənmir, Hitlerə görə kimisə günahlandırır.
Bilmirəm təsadüfdürmü, Hitler də asfalt və beton yollarla öyünürdü. Körpülərlə, inkişafla qürrələnirdi. Amma onun yaratdığı iqtisadi inkişaf doğrudan da real idi – sonucda almanlara xoşbəxtlik gətirməsə də. Bizi körpülər və fontanlarla, səkilər və parklarla xoşbəxt etmək istəyən YAP-çılar isə, deyəsən, heç beton yolun faşizmlə ciddi şəkildə bağlı olan tarixini də yadda saxlamaq istəmirlər. Özlərinin saldıqları beton yol isə tarixin gülüş obyektinə çevrilib. Elə özlərinə də belə bir tarix yaratmaqdadırlar, tarixdə özləri də 3 ilə dağılan beton yolla birlikdə xatırlanacaqlar.
Şanlı YAP-çılar daxili siyasətdə Qarabağ problemini ritorikaya çevirib, digər problemləri unutdurmağa çalışdıqları kimi, beynəlxalq arenada da terrorla mübarizənin arxasında gizlənir, faşizmi öz arqumentinə çevirirlər. Hətta baxırsan ki, Avropa ölkələrinin birində bir bomj tapırlar ki, görün Avropada da ac və evsizlər var. Öz vətəndaşlarının evini başına uçurur və Avropadakı bir evsizi göstərib onların da bədbəxt olması fikrini yaratmaq istəyirlər. Hətta bu qədər primitiv şəkildə.

YAP-çılar faşizmi bəyənmir
•