Mayın 1-dən Bakıda taksi kimi fəaliyyət göstərən Rusiya istehsalı olan avtomobillər tamamilə dövriyyədən çıxarılacaq. Bu barədə məlumatı trend.az-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov verib: “Nazirliyin təyin etdiyi tələblərə cavab verən başqa ölkələrin istehsalı olan avtomobillər hələlik paytaxtın küçələrində taksi kimi fəaliyyət göstərəcəklər”.
Nazirliyin nümayəndəsi qeyd edib ki, bunun yekunu olaraq Bakıda taksi kimi işləmək üçün yalnız beş min avtomobilin lisenziyası təsdiqlənəcək: “Bu say Bakıda taksilərə tələbatı təmin etmək üçün kifayət edəcək”.
Bakıda işləmək üçün lisenziya bütün texniki tələblərə uyğun gələn, xüsusi fərqlənmə nişanları və taksometrlərlə təchiz olunmuş xarici markadan olan ağ rəngli avtomobillərə veriləcək.
“Rüşvət və tanışlıq əsas rol oynayır”
Artıq Bakıya ağ və bənövşəyi rəngli avtomobillərin gətirilməsinə başlanıb. Nazirlik sürücülərin yalnız bu rəngdə olan maşınlardan istifadəsinə icazə verir.
Lisenziya olmadan və Rusiya istehsalı olan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə Inzibati Xətalar Məcəlləsinin 150.4 maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq ediləcək və onların taksi fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulacaq.
Məlumatlara görə, hazırda şəhərdə min ədəd “London taksisi” fəaliyyət göstərir. Bu ilin sonunadək bu taksilərin sayının 3 minə çatdırılacağı planlaşdırılır.
Xatırladaq ki, Nəqliyyat Nazirliyi bəzi şirkətlərin taksi fəaliyyəti üçün ölkəyə gətirəcəyi avtomobil modellərinin razılaşdırıldığını bəyan edib. Bura “Daewoo Nexia”, “Daewoo Lacetti”, “Fiat”, “Toyota Yaris” və bir neçə şirkətin avtomobilləri aiddir.
Ağ rəngli “Daewoo Nexia”nı, ilkin ödəniş 20 faiz olmaqla 3 illiyə kreditlə almaq mümkündür. Qiymətlər isə 8700-11500 manat arasında dəyişir. Deməli, sürücülər “taksovatlıq” eləmək üçün ya əvvəlki maşınlarını satıb yenisini almalıdırlar, ya da kreditə götürməlidirlər. Sürücülər bununla da razılaşmır. Onların fikrincə, bu işdə də nazirliyin öz maraqları qorunacaq: “Hesablamalara görə, paytaxtda 40 mindən çox adam sürücülük edir. Nazirlik isə deyir ki, 5 min adam sürücülük edə biləcək. Deməli, burada da rüşvət və tanışlıq rol oynayacaq. Əgər hamıya deyilsə ki, həmin maşınlardan alın sürücülük edin, razılaşırıq. Ancaq deyilən sayla bağlı tərəddüdlər var”.
“Dilənçilik edəcəyik”
“Juquli” avtomobilindən və ağ rəngdə olmayan müxtəlif markalı maşınlardan istifadə edən sürücülər nazirliyin bu qərarını pisləyir. “Azadlıq”ın əməkdaşının söhbət etdiyi sürücülər qərarın ədalətsizliyindən və dolanışıqlarının çətin olmasından gileyləndilər.
“Onsuz da qazandığımızın müəyyən bir hissəsini avtomobilin yanacaq vasitələrinə, avadanlıqlara xərcləyirik. Dolanışıq çətinləşir, əsəblərimiz tarımar olur, stress içində yaşayırıq. Ürək dayanmasın, neyləsin? Hələ bir yandan da polislər və Nəqliyyat Departamentinin əməkdaşları fəaliyyətimizə mane olurlar, bizi çox incidirlər. Əgər Nəqliyyat Nazirliyi qərarında israrlı olsa, sürücülər də aksiya keçirəcək”, – metronun “Nizami” stansiyasının önündə “taksovatlıq” edən Imran dayı belə deyir.
Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında sürücülük edən Aydın Feyziyev nazirliyin qərarından sonra dilənçilik edəcəyini deyir: “Maşınları yığışdırsalar, gedib ”Eurovision”un qarşısında əlimi açıb dilənçilik edəcəm. Başqa cür ailəni dolandırmaq mümkün deyil. Onlar elə bir şərait yaradırlar ki, belə bir addım atmağa məcbur olursan”.
Ramin DEKO


