Ağdamın polis rəisi Elçin Qasımov və Kəlbəcərin sabiq polis rəisi, hazırda Gədəbəy polisində çalışan Elçin Abdullayev qəzaya düşüb. “Azadlıq”a daxil olan məlumatlara görə, hadisə aprelin 27-si gecə saatlarında Bərdədəki Olimpiya Kompleksinin yaxınlığında baş verib. Elçin Abdullayevin idarə etdiyi avtomobil yerli sakinlərdən birinə məxsus VAZ 2106 markalı “Jiquli” maşını ilə toqquşub. Məlumatlara görə, “Jiquli” avtomobilinin sürücüsü dünyasını dəyişib. Elçin Abdullayev və onun maşınında olan Elçin Qasımov isə xəsarət alıblar.
Məlumatı dəqiqləşdirmək üçün Dövlət Yol Polisi Idarəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyev iş günü olmadığı üçün hər hansı məlumat verə bilməyəcəyini söylədi. Bundan sonra DIN-in sözçüsü Ehsan Zahidova zəng vurduq. Onun sözlərinə görə, qəzaya düşən Elçin Abdullayev olub. “Elçin Qasımov orada olmayıb. Hadisə zamanı ölən olmayıb”,- deyə Elsan Zahidov əlavə edib.
Informasiya şöbəsi