Oqtay Gülalıyevə beynəlxalq dəstək

«Hüquq Müdafiəçilərinin Mühafizəsinə Beynəlxalq Nəzarət» təşkilatı  bəyanat verdi

“Hüquq Müdafiəçilərinin Mühafizəsinə Beynəlxalq Nəzarət» (HMMBN) – Insan Haqları üzrə  Beynəlxalq Federasiya və  Işgəncələr Əleyhinə  Ümumdünya  Təşkilatının birgə proqramı – aprelin 26-da Azərbaycan vətəndaş cəmiyyətinin fəalı Oqtay Gülalıyevin həbsi ilə əlaqədar bəyanatla çıxış edib.
Azərbaycan Hüquq Müdafiəsi Mərkəzinin rəhbəri Eldar Zeynalovun “Turan”a verdiyi  sənəddə Gülalıyevin işinin mahiyyəti  və aprelin 8–də Sabirabad rayonunun Minbaşı kəndində həbsinin təfərrüatı, polis və  iqtidarın ona qarşı «Kütləvi iğtişaşlara çağırış» maddəsi üzrə cinayət işinin qaldırılması ilə bağlı sonrakı fəaliyyəti şərh edilir.
Bəyanatda Gülalıyevi polis idarəsində şöbə rəisinin müavini Rauf Məcidovun döydyü, həmçinin iqtidarın onu müstəqil vəkillə təmin etmədiyi, iqtidarın təyin etdiyi vəkilin isə Gülalıyevin fiziki təzyiqlərə  məruz qaldığını ictimaiyyətdən gizlətdiyi vurğulanır.
«Hüquq Müdafiəçilərinin Mühafizəsinə Beynəlxalq Nəzarət» Gülalıyevin həbs və təqibələrə məruz qalması, həmçinin ona qarşı fiziki zorakılığın tətbiq  edilməsi ilə əlaqədar dərin narahatlıq keçirdiyini bildirir. Aydındır ki, bu addımlar nəinki onun hüquqlarının pozulması, həm də onun korrupsiya faktlarının monitorinqi  və sosial ədalət uğrunda mübarizə sahəsində apardığı fəaliyyətinin dayandırılması deməkdir», – deyə bəyanatda qeyd edilir.
 Hüquq müdafiəçisinin təqiblərə məruz qalması ilə əlaqədar olaraq HMMBN beynəlxalq birliyi Azərbaycan hakimiyyətindən tələb edir: “Oqtay Gülalıyevin, həmçinin Azərbaycanın bütün hüquq müdafiəçilərinin fiziki və psixoloji təhlükəsizliyinə zəmanət vermək; Gülalıyevi dərhal azad etmək; Gülalıyevin və  Azərbaycanda digər hüquq müdafiəçilərinin təqib olunması təcrübəsinə son qoymaq; ona qarşı zorakılıq işlədilməsi faktını araşdırmaq və bunda müqəssir olanları cəzalandırmaq”.
«Hüquq Müdafiəçilərinin Mühafizəsinə  Beynəlxalq Nəzarət» həmçinin BMT-nin  Insan Haqları üzrə Ümumi Bəyannaməsinin müddəalarının icrasını və insan haqları və  azadlıqları üzrə  bütün standart və  normaların Azərbaycanda tətbiqinin təmin olunmasını tələb edir.