Mərkəzdə meydan verin və 100 minləri görün

Hər dəfə müxalifətin mitinqindən sonra YAP funksionerləri və YAP-ı yapçılardan çox sevənlər hoppanıb düşürlər ortaya və başlayırlar mitinqçilərin sayı barədə moizə oxumağa.
Bibiheybətdə özləri də mitinq keçiriblər bir dəfə. Adamları avtobuslara doldurub əl çalmağa aparıblar. Nə polis mane olub, nə də polisə işverənlər.
Görün, nə qədər qorxurlar ki, icazə verdikləri mitinqə belə adamların gəlməsini yüz üsulla əngəlləyirlər. Avtobuslar marşrutdan çıxarılır, fəallar polis bölməsinə aparılır. Dörd tərəf polis və işverənlər, icra hakimiyyətlərinin əli videokameralı muzdurları və ən əsası, o zatların nifrətli baxışları. Sanki soydaşları yox, ermənilər etiraz mitinqi keçirəcəklər.
Fədakar insanlar, haqqı və ədaləti hər şeydən üstün tutanlar bütün maneələri dəf edib meydana gəlir. Dənizin dadını bilməkdən yana bir qurtum su da kifayət edər. Psixoloji və fiziki basqılar altında minlərlə insan meydana toplaşır, YAP-ın bəsit düşüncəliləri isə müxalifəti lağa qoymağa girişirlər. Başı ilə düşünən hər bir kəs yaxşı bilir ki, basqılar, maneələr olmasa, Bibiheybətə yox, lap belə Səngəçala 10 minlərlə insan yığışıb bu rejimə etirazını bildirər.
YAP-ın Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov triosu, hətta, ələkçilərə qılverənlik edən Aydın Mirzəzadə də çox gözəl bilir ki, bu ölkədə YAP iqtidarının bıçağı xalqın sümüyünə dirənməkdədir.
Və onu da bilirlər ki, rejimin rüşvət və korrupsiya, saxtakarlıq və məddahlıq maşını elə “məhsuldarlıqla” çalışır ki, dayanması əsla mümkün deyil.
Bu maşının dayanması YAP-ın ölümcül qəzaya uğraması ilə sonuclanacaq. Odur ki, nəyin bahasına olursa-olsun qorxu, xof yaratmağa cəhd edirlər. Düşünürlər ki, müxalifətin yolunu kəsməklə, tayfa telekanallarından cəmiyyətə yalan sırımaqla rejimin ömrünü uzadacaqlar.
Yanılırlar. Ona görə ki, bu xalq artıq ağı-qaradan seçməyi bacarır.
Ona görə ki, bu xalq artıq milyonluq villaların, obyektlərin, bahalı maşınların sahibləri olan cinayətkar, rüşvətxor məmurlara həsəd aparmır, onlara nifrət edir.
Ona görə ki, bu xalq neftin bir dəstənin deyil, bütün Azərbaycanın sərvəti olduğunun fərqindədir.
Və bu xalq INSAN kimi yaşamaq istəyir. Qul kimi, kölə kimi, muzdur kimi yox, INSAN kimi yaşamaq istəyir. Və buna haqq edir.
Bakının ucqar Bibiheybətinə toplanan müxaliflərin sayı əhmədovları, qurbanovları, novruzovları, mirzəzadələri qane etmir. Görünür, onlar meydana toplananların sayının qat-qat artıq olmasını arzulayırlar.
Cənablar, arzunuzun tez gerçəkləşməsini istəyirsinizsə, Bakının mərkəzi meydanlarının birini verin müxalifətin ixtiyarına və qurduğunuz rejimə müxalif olan 100 minləri görün o meydanda.
Onsuz da ox yaydan çıxıb, nə sizlərin haqq yoluna gəlməsi mümkündür, nə də müxalifəti tamamən məhv etmək iqtidarındasınız. Bir müxalifətçini sındırırsınız, yüzləri, minləri müxalif sırada səf tutur.
Azərbaycanın az qala 90 faizi yürütdüyünüz siyasətdən məmnun deyil.
Məgər bunun fərqində deyilsiniz?
Bilmirsiz ki, ayı 90 manatla yaşatdığınız pensionerlər, itə bir əppək borcu olan, yarımac ziyalılar, stipendiyası nəqliyyat sərflərinə və gündə bir qutab yeməyə ancaq çatan tələbələr, işsizlər, qul bazarlarındakılar, evi başına uçurulanlar, cəlayi-vətənlər iqtidarınıza müxalifdir?
Bu rejim kal armud kimi xalqın boğazına pərçimlənib. Işğaldakı vətən torpaqları şit şoularla, gərəksiz festivallarla, müsabiqələrlə, yarışlarla, lentkəsmələrlə unutdurulur. Və mənəviyyatsızlıq çiçəklənir Azərbaycanda.
Bunları görmürsünüzmü, Əli Əhmədov, Mübariz Qurbanlı, Siyavuş Novruzov, Aydın Mirzəzadə?
Görmürsünüz ki, narkomanların sayı nə qədər artıb? Görmürsünüz ki, məmurlara məxsus restoranlar, hotellər həm də priton funksiyasını yerinə yetirir?
Sizləri 100 minlərin meydanlara çıxması sakitləşdirəcək, susduracaq. Çabalarınız əbəsdir. O 100 minləri görəcəksiniz, inşallah. Apardığınız mənfur siyasət nə vaxtsa 100 minləri, milyonları bir yerə yığacaq. Əmin olun.
Daha tez görmək istəyiniz varsa, müxalifətə Bakının mərkəzindəki meydanların birində mitinq keçirməyə icazə verin.