Bərdənin xanı Vidadi Isayev ulu öndərin adını daşıyan küçənin adını dəyişmək istəyir
Bərdənin icra başçısı Vidadi Isayev rayonda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adını dəyişmək istəyir. Bu barədə “Azadlıq”a Bərdənin bir qrup ziyalısı məlumat verib.
Onların sözlərinə görə, icra başçısının artıq bu barədə göstərişi var. Güman ki, yaxın vaxtlarda küçənin adını dəyişəcək. Bərdə ziyalıları Vidadi Isayevin bu addımının yolverilməz olduğunu və buna qarşı ciddi müqavimət göstərəcəklərini bildiriblər. Onlar həmçinin qəzetimiz vasitəsilə ölkə başçısı Ilham Əliyevə müraciət edərək ondan Vidadi Isayevin bu hərəkətinin qarşısını almağı xahiş edirlər. “Biz bunu ayrı-seçkilik kimi qiymətləndiririk. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının öndəridir, Şərqdə ilk demokratik cümhuriyyətin banisidir. Onun adını daşıyan küçənin adını dəyişmək Azərbaycan xalqına hörmətsizlikdir. Ona görə də, biz qəzetiniz vasitəsilə Ilham Əliyevdən xahiş edirik ki, bu məsələni diqqətdə saxlasın və Vidadi Isayevin özbaşınalığının qarşısını alsın”, – deyə Bərdə ziyalıları bildirib.
Azad