«İttihamların yalan olduğunu «düz deyil» deməklə isbat etmək olmaz»
Bugünlərdə DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin (“Bandotdel”) rəisi, polis general-mayoru Mirqafar Seyidov rəhbəri olduğu idarə ilə bağlı mətbuatda yer alan ittihamlara münasibət bildirmişdi. M.Seyidov demişdi ki, belə məlumatların yayılmasının arxasında müəyyən qüvvələr dayanır. Və kimlərsə bu idarə haqda mənfi informasiyaların yayılmasında maraqlıdır.
Polis general-mayoru bu açıqlamanı Quba olaylarına görə həbs edilən “Xəyal TV”nin əməkdaşı Zaur Quliyevin dediklərinə cavab olaraq bildirmişdi. Z.Quliyev Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində işgəncələrə məruz qaldığını demiş və başına gələnlərlə bağlı “Insan Haqları Uğrunda” Ictimai Birliyinə məktub göndərmişdi. Jurnalist məktubunda göstərmişdi ki, sözügedən idarədə onu mənəvi-psixoloji, həmçinin fiziki işgəncələrə məruz qoyublar. Və indi tək qorxusu yenidən “Bandotdel”ə aparılıb onunla qeyri-insani rəftar etmələridir.
Bugünlərdə ona olan təzyiqlərlə bağlı mətbuat konfransı keçirən Goranboydan olan iş adamı Füzuli Qasımovun açıqlamalarında da “Bandotdel”in adı keçmişdi. Nəqliyyat naziri Ziya Məmmədovun təzyiqlərinə məruz qaldığını deyən iş adamı bildirmişdi ki, nazirin nəzarətində olan “ZQAN” Holdinqin basqılarından sonra onu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə aparıblar və ona hansı “problemlə” üzləşdiyini və onu həll etməli olduğunu “başa salıblar”.
Füzuli Qasımovun dediyinə görə, “Bandotdel”də nə fiziki, nə də mənəvi təzyiqə məruz qalıb. Amma məsələ burasındadır ki, iş adamını “başa salmaq” da bu idarənin səlahiyyətində olan məsələ deyil.
Hüquqşünas Əyyub Kərimov hesab edir ki, məlum idarə ona ünvanlanan ittihamların həqiqət olmadığını iddia edirsə, daha ciddi açıqlamalar verməlidir: “Deyilən ittihamların qarşılığında ”düz deyil” deməklə kifayətlənmək olmaz. Bu, isbat deyil. Mətbuata daha tutarlı cavablar verilməlidir. Çox istərdim ki, həmin idarə mətbuat konfransı keçirsin və jurnalistləri maraqlandıran bütün suallara cavab versin.
Sual var cavabı gözdən salır, cavab var, sualı. Orada bilinəcək ki, həqiqət bunların hansıdır. Demirəm, mütləq idarənin rəisi mətbuat konfransı keçirsin, müavini də keçirə bilər. “Bandotdel”də olmuş adam deyir ki, işgəncələrə məruz qalmışam, vəkili də deyir, mən müdafiə etdiyim adama inanıram. Idarənin rəisi isə bildirir ki, belə şey yoxdur. Bütün bunlara DIN-in hansısa əməkdaşının açıqlaması son qoya bilməz. Bunun üçün dediyim üsul ən uğurlu çıxış yoludur”.


