Sülhəddin Əkbər: «Hakimiyyətin bu hədələrinin arxasında real hərəkət dayanmır»
«Rəsmi Bakının aqressiv olmasının bir səbəbi də Almaniyanı özü kimi avtoritar hesab etməsidir»
“Yeni Azərbaycan” qəzetinin son saylarının birində Almaniyanın, xüsusən bu ölkənin Azərbaycandakı səfiri Herbert Kvellenin əleyhinə geniş məqalə dərc olunduğu barədə məlumat vermişdik. Məqalə müəllifi səfirin ölkəmizdəki fəaliyyətinin anlaşılmaz olduğunu deyərək bunu belə əsaslandırmışdı: “Bir tərəfdən ”Mən Almaniya-Azərbaycan dostluğunun gələcək inkişafına böyük nikbinliklə baxıram” deyir, digər tərəfdən də Əli Kərimliyə Avropa Şurasının və Avropa Ittifaqının Azərbaycana qarşı təzyiqlərini vəd edir. Aprelin 24-də xarici ölkələrin səfirləri və səfirlik əməkdaşlarının müxalifətlə görüşü zamanı cənab Kvellenin xüsusi canfəşanlığı isə heç anlaşılan deyil”.
Məqalədə Almaniyanın səfiri hədəfə alınmış və hətta üstüörtülü şəkildə Azərbaycandan rəsmi Bakının onu ölkədən persona non-qrata elan edə biləcəyinə də işarə vurulmuşdu: “Səfir Kvelle böyük ehtimal 1961-ci il ”Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”nın müddəaları, xüsusilə də, onun 3-cü və 41-ci maddələri ilə yaxından tanışdır. Buna baxmayaraq, cənab səfirə bir daha xatırlatmaq istərdik ki, 3-cü maddə diplomatik nümayəndəliyin funksiyalarını nəzərdə tutur və bu funksiyalar sırasında səfirin akkreditə olunduğu ölkənin daxili işlərinə müdaxilə hüququ verən müddəa yoxdur. Heç bir beynəlxalq təşkilatın normativ sənədləri bu Konvensiyadan üstün ola bilməz”.
Maraqlıdır, Azərbaycan Almaniyanın səfirini ölkədən çıxara bilərmi və çıxararsa, bu nə ilə nəticələnər?
Siyasi ekspert Sülhəddin Əkbər hesab edir ki, hakimiyyətin bu hədələrinin arxasında real hərəkət dayanmır: “Azərbaycanın Almaniyaya qarşı bu cür davranacağını düşünmürəm. Almaniya Avropanın aparıcı dövlətlərindən biridir. Eyni zamanda böyük iqtisadi gücdür. Sadəcə olaraq, Almaniya mətbuatında Azərbaycan əleyhinə məqalələr rəsmi Bakını qıcıqlandırır. Bu cür yazılar da o məqalələrə cavab reaksiyasıdır. Lakin Azərbaycan hakimiyyətinin cavabı Almaniyanın tənqidlərinə adekvat deyil. Burada rejimlər fərqi var. Almaniya demokratik dövlətdir, azad mətbuatı var. Azərbaycanda isə avtoritar bir rejim var, hakimiyyət düşünür ki, Almaniyada da mətbuat hökumət tərəfindən idarə olunur. Reaksiyanın belə aqressiv olmasının bir səbəbi də budur”.
S.Əkbərin fikrincə, Azərbaycan hakimiyyətinin bu cəhdləri lazım olan nəticəni verməyəcək: “Sadəcə olaraq, mövcud hakimiyyət müasir tarixin axışını düzgün oxuya, dünyada gedən prosesləri düzgün qiymətləndirə bilmir. Tutulan yol yanlışdır və nəticəsi də yanlış olacaq. Azərbaycan hökuməti hesab edirsə ki, bu yolla Almaniyaya təzyiq edəcək, onlar da bundan ehtiyat edib Bakını tənqid etməyəcəklər, bu, yanlış düşüncədir və əks-effekti olacaq”.


