Prezidentə “sonra gec olar” mesajı

Hüquq müdafiəçiləri ölkə başçısını ciddi kadr islahatı aparmağa, siyasi məhbusları azat etməyə çağırdılar

Insan hüquqlarını müdafiə Monitorinq Qrupu Qadın Hüquqlarını Müdafiə Cəmiyyətində (QHMC) ölkədə insan və mülkiyyət hüquqlarının pozulması haqda mətbuat konfransı keçirib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu ölkədə baş verən bütün neqativlərin səbəbi kimi məmur özbaşınalığını göstərərək, hakimiyyətə ciddi kadr islahatı aparmaq təklifi səsləndirib. “Əhalini əzablara məruz qoyan bir icra başçısını başqa rayona icra başçısı təyin etməklə kadr işi qurmaq olmaz”, – deyə N.Cəfəroğlu mövqeyini ifadə edib.
Daha sonra 2011-ci ilin yayında Naxçıvan MTN-də müəmmalı şəkildə vəfat edən Turac Zeynalovun məsələsi xatırladılıb. T.Zeynalova vətənə xəyanət ittihamı irəli sürülüb. Vəfat etdiyi üçün iş məhkəmə prosesinə çıxmayıb, cinayəti sübut edilməyib. Buna baxmayaraq, T.Zeynallının əmək kitabçasına işindən məhz “vətənə xəyanətə görə” azad olunması qeyd edilib. Bu fakta görə T.Zeynalovun ailəsi təqaüd və sosial yardım almaqdan məhrum olub. T.Zeynalovun ailəsi bu məsələni Avropa Məhkəməsinə qaldırmaq uğrunda mübarizə aparır.
Ölkədə vətəndaşların mülkiyyətlərinin əllərindən alınması faktları ilə bağlı hesabatların beynəlxalq qurumlara çatdırıldığı vurğulanıb. Konkret olaraq “Sulutəpə” yaşayış sahəsində vətəndaşların fərdi ev tikintisi üçün icra hakimiyyətindən, bələdiyyədən sənəd aldıqları bildirilib. Vətəndaşların evlərinin zor gücünə dağıdılması cinayət sayılıb. Hökumət vətəndaşlara ədalətli kompensasiya verməyə çağırılıb. Vətəndaş mülkiyyətinə qəsd əhalini hakimiyyətdən narazı salmağa hesablanan addım adlandırılıb.
Dövlət başçısı Ilham Əliyevin bu yaxınlarda Nazirlər Kabinetinin iclasında müxalifətə 20-ci sahədə yer verilməsini “onların yeri oradır” deyə təhqir etməsinə cavab olaraq I.Əliyevə müxalifətdən çox illər öncə YAP-ın həmin ərazidə iki aksiya keçirməsi xatırladılıb.
Siyasi məhbuslar məsələsinə gəlincə, hüquq müdafiəçiləri hakimiyyətə “Eurovision” müsabiqəsinə kimi 24 siyasi məhbusu azad etməyə çağırıblar. Əks halda, müsabiqə çərçivəsində Bakıya gələcək xarici jurnalistlərin zəngin neft ölkəsində təkcə iqtisadi durumla yox, demokratiyanın səviyyəsilə də maraqlanacaqları nəzərə çatdırılıb. Hüquq müdafiəçiləri həbsdə olan Oqtay Gülalıyevin, jurnalistlər Əvəz Zeynallı, Vüqar Qonaqov, Zaur Quliyev, Fuad Hüseynovun azadlığa buraxılmalarını təklif ediblər. Bu olmadığı halda, siyasi məhbus sayının artacağı xatırladılıb(Turan).