Mehman Əliyev: «Demək istəyir ki, Azərbaycan hökumətinə münasibətimiz ölkədəki rejimin xüsusiyyətinə adekvat olacaq»
Beynəlxalq aləm Azərbaycan hökumətinə açıq mesaj verir ki, “biz səni diktator kimi, avtoritar rejim kimi tanıyırıq”. Bunu, “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın və Avropa Parlamentinin prezidenti Martin Şultsun son açıqlamalarını qiymətləndirərkən deyib.
T.Yaqland açıqlamasında bildirmişdi ki, Azərbaycan “Eurovision”u təşkil etməyi üzərinə götürdüyü andan ölkədəki daxili vəziyyətlə bağlı müakirələrin olacağına hazır olmalı, bunu gözləməli idi: “Bilməli idi ki, media və müəyyən QHT-lər mətbuat və sərbəst toplaşma azadlıqları kimi məsələləri qaldıracaqlar”.
Martin Şults isə daha kəskin açıqlama verərək Azərbaycandakı rejimi avtoritar adlandırmışdı: “Azərbaycan kimi ölkələrə beynəlxalq təzyiqlər son dərəcə ehtiyatla edilməlidir. Təcrübəm əsasında deyə bilərəm ki, həddən artıq avtoritar, diktatura rejimlərində insanların gündəlik həyatlarını yüngülləşdirmək üçün son dərəcədə ehtiyatlı olmaq lazımdır. Adətən belə rejimlərə beynəlxalq təzyiqlərin artması onların öz xalqlarına təzyiqi artırmalarına səbəb olur”.
Mehman Əliyev hesab edir ki, beynəlxalq aləm belə açıq danışmağa başlayıbsa, bunun Azərbaycan hökuməti üçün ciddi fəsadları olacaq: “Bu mövqe ölkədə hər şeyə öz mənfi təsirini göstərir. Turizmə də, sərmayə qoyuluşuna da, başqa şeylərə də. Söhbət, təkcə dövlətdən getmir. Bu, vətəndaşlara da aiddir. Bu o deməkdir ki, mən Mehman Əliyev avtoritar dövlətin vətəndaşıyam. Bu tipli söhbətlər adətən qapalı danışıqlarda gedirdi. Indi bunu açıq şəkildə bildirirlərsə, demək istəyirlər ki, bizim sizə münasibətimiz ölkənizdəki rejimin xüsusiyyətinə uyğun olacaq. Qərb dünyasının avtoritar rejimlərə münasibətinin və onlarla bağlı siyasətinin nə olduğunu isə bütün dünya görür”.