Adətən xəbərlər bu məzmunda olur:
Polis (kimisə) döyə-döyə öldürdü…
Polis mitinq iştirakçılarını qanına qəltan elədi.
Polis evi sökülənləri amansızcasına döyərək küçəyə atdı.
(Bu tip xəbər başlıqlarını sonsuz sayda uzatmaq olar…)
Bu dəfə isə xəbər belədi:
“Bələdiyyə işçiləri polisi döydü. Ramil Usubovun Sulutəpədə evinin damını düzəltmək istəyən işçisini al qanına boyadılar”…
Həyat həmişə bu cür zarafatlar eləməyi xoşlayır. Xüsusilə Çevik Polis Alayının polislərinin adı dəfələrlə ən acınacaqlı hadisələrdə bu cür hallanıb. Indi isə həmin alayın polis nəfəri və ya xəbərdə deyildiyi kimi əməkdaşı Əhməd Abbasov evinin damını təmir etmək istəyərkən döyülüb.
Inanmıram ki, bu xəbərə sevinən biri olsun. Hətta polisin əlindən olmazın işgəncə görən adamlar da sevinməzlər. Ancaq mütləq bu sözləri dillərinə gətirəcəklər: “Bəs polis bilmirdimi ki, ədalətsiz, qanun-qayda tanımayan rejim bir gün onların da başına bu işləri gətirə bilər?… Qoy dərs olsun. Bilsinlər ki, biz küçələrə çıxanda təkcə özümüzün yox, həm də bu ölkənin vətəndaşı sayılan polislərin də hüququnu müdafiə eləməyə çalışırıq. Qoy dərs olsun! Dərs olsun…”.
Bu həmin Sulutəpədi ki, 5-6 gün qabaq oralarda Rövnəq Abdullayevin sayı 4800 civarında olduğu bildirilən qoçu dəstəsinin qoluzorluları ən amansız işgəncələrə əl atmışdılar. Orada xalqı qorumalı olan polis qoçularla eyni cərgədə canfəşanlıq eləmiş, heç olmasa ölümünə döyülən jurnalistləri atəş altından çıxarmamışdılar. Çünki kiçik fasilədən sonra Aparatdan “Sökün” izni gəlmişdi, Rövnəq Abdullayevin idarəsindən isə qoçulara qəti tapşırıq verilmişdi: “Jurnalistlərə bir kadr çəkməyə belə imkan verməyin!”.
Bəli, Abdullayev “imkan verməyin” deyərkən, heç də “öldürün, şikəst eləyin” deməmişdi, ancaq başıpozuq, müxtəlif ünsürlərdən toplanmış qoçular nə dərəcədə dərin düşüncəli olmalıydılar ki, “imkanı” çox mədəni şəkildə “verməyəydilər”. Onlar üçün ağalarının “imkan verməyin”i elə “öldürün” anlamına gəlir. Indi bütün dünya Rövnəq Abdullayevin qoçu dəstəsinin bu rəşadətindən danışır. Noolar, dövlətimizin başucalığıdı. Qoy bilsinlər ki, Ilham Əliyevin qurdla quzunun bir yerdə otladığı bu ölkəsində ən yüksək səviyyədə sabitlikdi və Lazım gələrsə Qarabağı bir həmlədə ala biləcək şir kimi oğullar var.
Nə isə. Mənimçün maraqlıdı. Görəsən həmin olay baş verən günü, yəni Idrak Abbasov əynində peşə forması şikəst edilincəyədək döyüldüyü vaxt indi amansızcasına döyülmüş bu zərərçəkmiş polis orada olub, ya yox? Hesab eləyək ki, olmayıb. Bəs o hadisə haqda nə düşünüb? “Əcəb eləyib döyüblər”mi deyib, ya “Belə də alçaqlıq olar?”…
Görəsən sabah vətəndaşların mülkiyyət hüququnu müdafiə eləyən hansısa mitinqdə, aksiyada həmin bu polis qardaşımıza “Imkan vermə” əmri veriləndə o necə hərəkət eləyəcək? Ya məsələn, Sulutəpədə deyil, hansısa başqa bir yerdə evləri başına uçurulanların üstünə göndərilsə, özünü necə aparacaq? Özünə olunan amansızlığı başqalarına tətbiq edəcəkmi, yoxsa…
Yoxsa… hətta bu “yoxsa”dan sonranı təsəvvür eləmək belə olmur. Prezident polisin zorakılığını israrla müdafiə eləyir. Onları istənilən aksiyaçıya qarşı amansızlığa ruhlandırır. Onları getdikcə xalqın gözündən salır. Halbuki sayı az qala “yüz min”lə ifadə edilən polis də xalqın övladıdı. Bəs xalqın bu övladı döyüləndə necə olacaq? Bu dəfə də yəqin ki, prezident bələdiyyə işçilərini ruhlandıracaq. Görəsən sabah o bələdiyyə işçisini başqa bir situasiyada polis qanına bələyəndə məsələ necə olacaq?..
Bu sualların cavabı yoxdu. Anti-bəşəri rejimlərdə belə sualların cavabı olmur. Əslində isə bu rejimdə hüququ pozulan bir varlıq varsa… o da bu dövlətin qanunlarıdı. Dərhal xilas olunacaq biri varsa, o da elə qanunlardı. Rejimin qulluğunda əli-qolu bağlı qul kimi dayanan Qanunlar…

Xilas ediləcək biri varsa…
•
•