Bu gün Ukraynada 4 ardıcıl partlayış törədilib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, birinci partlayış Dnepropetrovsk şəhərinin mərkəzindəki tramvay dayanacağında törədilib. Partlayıcı qurğunun işə salınması nəticəsində 5 nəfər yaralanıb.
Növbəti partlayış saat 12:20 radələrində Dnepropetrovsk dəmiryol vağzalında törədilib. Nəticədə 7 nəfər yaralanıb. Üçüncü partlayış şəhərdəki texnikum binasının yanında baş verib. Zibil qabında yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 nəfər yaralanıb. Sonuncu partlayış isə Qlob parkı yaxınlığında olub. Bu partlayış zamanı xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.
Ukrayna daxili işlər naziri Vitaliy Zaxarçenko təcili təyyarə ilə Kiyevdən Dnepropetrovska uçub. Hadisə yerinə təhlükəsizlik qüvvələrinin və Ukrayna Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər.