Polisin adından kim danışıb?

“Azadlıq”ın dünənki sayında Çevik Polis Alayının əməkdaşı Əhməd Abbasovun Xocasən bələdiyyəsinin işçiləri tərəfindən döyülməsi barədə məlumat vermişdik.
Bildirmişdik ki, Sulutəpə qəsəbəsində tikdiyi evin damını təmir etdirmək istəyən Əhməd Abbasov bələdiyyə işçilərinin zorakılığı ilə üzləşib. Özü də bu məlumat redaksiyamıza daxil olduqda Əhməd Abbasovun mobil nömrəsinə zəng vurmuşduq. Dəstəyi götürən şəxs də Əhməd Abbasov olduğunu bildirərək faktı təsdiqləmişdi. Həmçinin hadisənin detallarını danışmışdı.
Lakin dünən Əhməd Abbasov redaksiyamıza gələrək “Azadlıq”a açıqlama vermədiyini bildirib. “Sizin yazdıqlarınıza etiraz etmirəm. Belə bir olay olub. Amma bunları mən sizin qəzetinizə deməmişəm. Kimsə sizinlə mənim adımdan danışıb. Özü də mənim adım Əhmədxandır, amma hamı məni Əhməd deyə çağırır.”, – deyə Əhməd Abbasov bildirib. Polis əməkdaşı xahiş edib ki, onun söylədiklərini qəzetimizdə dərc edək. Əhmədxan Abbasov özü ilə bağlı hadisə barədə isə danışmaq istəməyib.