“Bütün avtoritar rejimlər son saatına qədər öz gücünü, birliyini nümayiş etdirməyə çalışı”
Zəfər Quliyev: «Diplomatlar müzakirə etdiyimiz məsələləri öz hökumətləri və Azərbaycan hökuməti qarşısında qaldıracaqlar»
Ictimai Palatanın keçirdiyi iki mitinq, həmçinin Ziyalılar Forumu ilə bir araya gəlməsi cəmiyyətdə də müsbət qarşılanıb. Lakin bütün bunlar, eyni zamanda diplomatik korpusun Ictimai Palata ilə keçirdiyi görüş hakimiyyəti ciddi narahat etməkdədir. Gündəmi zəbt edən bu məsələlərlə bağlı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, politoloq Zəfər Quliyevin fikirləri ilə tanış olduq.
– Aprel ayında Ictimai Palata ardıcıl iki mitinq keçirdi və maneələrə baxmayaraq, aksiyalar kifayət qədər izdihamlı oldu. Aksiyalar Sizi qane etdimi?
– Bir tərəfdən qane etdi. Çünki uzun fasilədən sonra Ictimai Palata güzəştə gedərək – bunu doğrudan da güzəşt kimi qəbul etmək lazımdır – şəhərdən kənarda, mitinq üçün tamamilə əlverişsiz bir şəraitdə icazəli mitinq keçirməyə razılıq verdi. Bir tərəfdən biz hakimiyyətin niyyətini yoxlayırdıq. Yəni hakimiyyət icazə verirsə, deməli, icazəli aksiyada heç bir maneəçilik törətməməlidir. Hər halda hakimiyyət üçün də bu, bir sınaq idi. Eyni zamanda biz təbii ki, öz gücümüzü də sınamaq istəyirdik. Cəmiyyətin bizim icazəli aksiyaya münasibətini, eyni zamanda insanların bu cür ağır şəraitdə, şəhərdən uzaq bir yerə bizim çağırışla gələcəkləri ya gəlməyəcəkləri və necə qəbul edəcəklərini bilmək istəyirdik. 8 aprel mitinqindən əvvəl özümüzdə də narahatçılıq var idi. Lakin 8 və 22 aprel mitinqləri göstərdi ki, insanlar hətta bu cür mitinqə uyğun olmayan bir yerdə də gəlib öz etirazını bildirməyə hazırdılar. Yeddi ildən sonra ilk dəfə olaraq icazəli mitinqlər keçirilirdi və kifayət qədər insan toplaşmışdı. Həm də gördük ki, hakimiyyət öz sözünün üstündə durmur. Icazəli mitinqlərə icazəsiz aksiya kimi yanaşırdı. Insanlara təzyiq edilirdi, vərəqələr paylayanlar təqib olunurdu. Polis uydurma məhdudiyyətlər qoyurdu. Bütün bunlara baxmayaraq, mitinqləri uğurlu saymaq olar. Iki mitinqin keçirilməsi dinamikanı da müşahidə etməyə imkan verir. Bir mitinqdə bunu görmək çətindir. Lakin yarım ay ərzində iki aksiyanı müqayisə edəndə görürük ki, ümumi müsbət dinamika var. Insanların sayı da artır, cəmiyyətdə keçirdiyimiz mitinqlərə münasibət də çox müsbətdir. Insanlar bunu yeni dövrün, yeni fazanın başlanğıcı kimi qəbul edir. Hesab edirlər ki, bundan sonra da mübarizə güclənməlidir. Biz də daimi orada mitinq keçirmək niyyətində deyilik. Bundan sonrakı addımlarımızı ciddi müzakirə etməliyik.
“Dünyada avtoritar rejimlərə münasibət sərtləşir”
– Son mitinqlərə xarici mətbuatın da diqqəti böyük oldu. Bu nəyin göstəricisidir? Bunu Azərbaycandakı demokratik dəyişikliklərin gündəmə gəlməsi ilə izah etmək olarmı?
– Bu ilk növbədə Azərbaycana artan diqqətdir. Buna “Avroviziya” müsabiqəsinin də təsiri var. Bu kontekstdə beynəlxalq qurumlar, xarici ölkələr tərəfindən Azərbaycana diqqət artır. Ölkədəki proseslər daim diqqət altındadır. Ümumiyyətlə, idman və incəsənət sahəsində dünya miqyaslı böyük tədbirlər olan ölkəyə diqqət artır. Ancaq bu, təkcə “Avroviziya” konteksti deyil. Ümumiyyətlə, dünyada avtoritar rejimlərə qarşı münasibət get-gedə sərtləşir. Dünya özü dəyişir. Ərəb ölkələrindən sonra başqa regionlara, postsovet məkanına bu prizmadan baxılacağı, insan haqları, demokratiya prizmasından diqqətin artırılacağı gözlənilirdi. Son vaxtlar beynəlxalq təşkilatlar öz hesabatlarında Azərbaycanla bağlı vəziyyəti xüsusi vurğulayırlar və öz narahatçılıqlarını Azərbaycan hakimiyyətinə çatdırırlar. Eyni zamanda Ictimai Palatanın önündə getdiyi islahatlar uğrunda mübarizə Azərbaycana diqqəti artırır. Ictimai Palatanın özünə də diqqət artır. Bunun sübutu kimi bir il ərzində artıq üç dəfə Bakıda təmsil olunan diplomatik korpusla səmərəli, möhtəşəm görüşlərimizi göstərmək olar.
Diplomatlarla görüşü Ictimai Palataya siyasi və mənəvi dəstək kimi qəbul etmək olar
– Səfirlərlə görüşün əhəmiyyətini necə dəyərləndirirsiniz?
– Bu görüşlər mütəmadi xarakter daşımalıdır. Keçən il iki dəfə bu cür görüş keçirmişdik. Bu dəfəki görüşlər ötən ilki son görüş arasında ara çox olsa da, bu dəfə razılığa gəldik ki, bir neçə aydan bir belə görüşlər keçirilsin. Diplomatlar üçün də bu vacibdir, görüşdə bunu hiss etdim. Onların da belə görüşlərə ehtiyacı var. Özləri də vurğuladı ki, bu cür görüşlərdə onlar Azərbaycandakı proseslərlə bağlı ətraflı məlumat alırlar. Biri var məlumatı mətbuatdan, ya da hakimiyyətin öz interpretasiyasında almaq, bir də var Azərbaycanda vəziyyəti dəyişmək istəyən aparıcı qüvvələr vəziyyətlə bağlı narahatçılığını bildirib. Azərbaycanı necə görmək istədiklərini, bunun üçün hansı addımlar atacaqlarını bilmək diplomatlar üçün çox vacibdir. Suallar da verilirdi ki, siz nə etmək istəyirsiniz, əsas məqsədiniz nədir, bundan sonra hansı addımlar atılacaq. Biz bu vəziyyəti ətraflı müzakirə etdik, bütün suallar orda cavabını tapdı. Hətta diplomatlar keçən il bizim qəbul etdiyimiz avtoritarizmdən demokratiyaya yumşaq keçidə dair Yol Xəritəsi məsələsinə qayıtdı. Konkret soruşdular ki, bu sənədlə bağlı rəsmi strukturlardan hansısa reaksiya olub ya yox. Mitinqlər, bundan sonra müzakirəni hansı formada davam etdirmək fikrində olduğumuz da müzakirə olundu. Nəzərə alsaq ki, diplomatik korpus çox geniş bir tərkibdə təmsil olunmuşdu, bu görüşün baş tutmasını faktiki olaraq Ictimai Palataya və Azərbaycanda demokratiya, islahatlar uğrunda mübarizəyə siyasi və mənəvi dəstək kimi qəbul etmək olar.
“Iqtidardakılar Azərbaycana şəxsi şirkət kimi baxır”
– Görüşə hakimiyyətin də reaksiyası çox aqressiv oldu. Hətta YAP nümayəndələri səfirlərin Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrlə görüşdüyünü də deyiblər. Bu münasibəti necə qiymətləndirirsiniz?
– Bu, təbiidir. Hər dəfə biz diplomatlarla görüşəndə rəsmi mətbuatda və deputatlar tərəfindən bu cür reaksiya verilirdi ki, diplomatlar Azərbaycanda inqilaba çağırış edir, Ictimai Palataya nəyisə öyrədir, nəyəsə qızışdırır, bu cür görüşlər olmaz, bu Azərbaycanın daxili işlərinə qarışmaqdır. Əslində bu onun göstəricisidir ki, hakimiyyət bu cür görüşlərdən narahatdır. Hakimiyyət istəyir ki, heç kəs, nə daxildə, nə xaricdə Azərbaycanın işlərinə qarışmamalıdır. Azərbaycanla bağlı bütün məsələlər məhz rəsmi strukturlarla müzakirə olunmalıdır. Azərbaycana şəxsi şirkət kimi baxırlar. Yəni onun yiyəsi bizik, bütün məsələlər təkcə bizimlə müzakirə olunmalıdır, bizdən kənarda görüşlər olmamalıdır, proseslərə kimsə müdaxilə etməməlidir. Bu, düzgün yanaşma deyil. Azərbaycan dövlətinin məsuliyyətini təkcə iqtidar daşımır. Azərbaycan xalqı, hər bir vətəndaş öz taleyinə biganə qala bilməz. Azərbaycanda islahatlar uğrunda apardığımız mübarizə nə inqilaba çağırışdır, nə sabitliyi pozmaq cəhdidir. Bu, əslində iqtidarı dialoqa çağırmaqdır. Iqtidarın islahatlar yolunu tutmasına bir çağırış idi. Diplomatlarla görüşdə də xüsusi olaraq vurğulandı ki, iqtidar başqa yolun olmadığını başa düşməlidir. Azərbaycan yeniləşməlidir, korrupsiya ilə mübarizə aparılmalıdır, kadr islahatları həyata keçirilməlidir, kompleks islahatlara başlanılmalıdır. Görüşün nəticəsi kimi diplomatlar dedi ki, onlar burda qaldırılan məsələləri öz hökumətləri və Azərbaycan hökuməti qarşısında qaldıracaqlar.
Ziyalılar Forumu ilə birgə tədbir keçiriləcək
– Ictimai Palata ilə Ziyalılar Forumunun bir araya gəlməsi də cəmiyyət tərəfindən müsbət qarşılandı. Qarşıya əsas hansı məqsədlər qoyulub?
– Ictimai Palata yaranan gündən Azərbaycan üçün tamamilə yeni bir format idi. Bu format vətəndaş cəmiyyətinin bir modeli kimi ortaya qoyulmuşdu. Çünki Ictimai Palatada həm partiyalar, həm media nümayəndələri, həm qeyri-hökumət təşkilatları nümayəndələri, eyni zamanda müstəqil ziyalılar, politoloqlar, yəni vətəndaş cəmiyyətinin bütün qatları təmsil olunub. Bu baxımdan da Azərbaycanda mövcud olan aparıcı qüvvələrin, Ictimai Palatanın, son vaxtlar çox fəallaşan, ictimaiyyətin böyük rəğbətini qazanan Ziyalılar Forumunun əməkdaşlığı məntiqə uyğun idi. Bu vətəndaş cəmiyyətinin dolğunluğunun göstəricisi ola bilərdi. Əslində bu əməkdaşlıq əvvəl də var idi. Bizim tədbirlərdə Ziyalılar Forumunun nümayəndələri dəfələrlə iştirak edirdi. Eyni zamanda Ziyalılar Forumunun tədbirlərində Ictimai Palata Koordinasiya Şurasının üzvləri iştirak edirdi. Mən və Mehriban Vəzir faktiki olaraq hər iki təşkilatda da təmsil olunmuşuq. Ona görə də bu təşkitlatları daha sıx əməkdaşlığı məsələsi daima gündəmdə idi. Məqsədlər, niyyətlər eynidir. Hər iki təşkilatda Azərbaycanı müasir dünya tələblərinə yaxınlaşdırmaq, islahatlar keçirmək, ölkənin imicini yaxşılaşdırmaq, beləlikdə demokratik prosesləri gücləndirmək məqsədi əsas götürülürdüsə, bu istiqamətdə səylərimizi birləşdirmək, gücləndirmək məsələsi də daima gündəmdə idi. Bu baxımdan hər iki tərəfin razılığını, marağını bilərək bu məsələ ilə bağlı dəfələrlə Ziyalılar Forumunun nümayəndələri ilə görüşmüşdüm, Eldar Namazovla bu məsələni müzakirə etmişik. Bunun nəticəsi olaraq bir müddət əvvəl Ziyalılar Forumunun rəhbər üzvləri ilə Ictimai Palatanın Koordinasiya Şurasının üzvləri arasında görüş oldu və razılığa gəlindi ki, bütün sahələrdə əməkdaşlığı gücləndirəcəyik, birgə tədbirlər keçirəcəyik, hər iki təşkilatın tədbirlərində fəal şəkildə iştirak edəcəyik. Ziyalılar tərəfindən mitinqlərə dəstək verildi. Qərara alındı ki, hər iki qurum birgə işçi qrupu yaradaraq mayın ortalarında ümumrespublika səviyyəsində demokratik müşavirə keçirsin. Bu istiqamətdə də artıq işlər başlanıb.
“Artıq o dövrlər arxada qalıb”
– YAP-ın bu görüşə də reaksiyası sərt oldu. Ziyalılar Forumunun üzvlərinə qarşı kampaniyaya başlanılıb. Bu reaksiyaya münasibətiniz necədir?
– Onlar istəyir ki, Azərbaycan ziyalıları başını aşağı salaraq öz peşə fəaliyyəti ilə məşğul olsunlar. Digər vətəndaşların da başı çörək pulu qazanmağa qarışsın. Heç kəs cəmiyyətdə neqativ proseslərə etiraz etməyə cəhd göstərməsin. Heç kəs ictimai işlərlə məşğul olmasın, siyasi proseslərə qatılmasın. Beləliklə də onlara imkan yaradılsın ki, bundan sonra da Azərbaycanı talan etsinlər, insan haqlarını pozsunlar, istədiklərini etsinlər. Bu, mümkün deyil. Artıq o dövrlər deyil. Ilk növbədə ziyalıların əsas məsuliyyəti, vətəndaş borcu ondan ibarətdir ki, ölkədə ədalətsiz proseslər varsa, ona qarşı öz səslərini ucaltmalı, öz mövqelərini bildirməlidirlər. Çox yaxşı haldır ki, bizim aparıcı ziyalılar son dövrlər məhz bu istiqamətdə fəallaşıblar və öz sözlərini deyirlər. Ictimai Palatanın özündə də ziyalı potensialı kifayət qədərdir. Ona görə Ictimai Palata ilə Ziyalılar Forumunun bu istiqamətdə birgə mübarizə aparmağını çox normal qəbul edirəm. Bu Azərbaycan cəmiyyəti tərəfindən də müsbət qarşılanır və bunun faydası olmalıdır.
“Hakimiyyət narahatçılığını gizlədə bilmir”
– Ilham Əliyevin son müşavirədə səsləndirdiyi bəyanatlar bir tərəfdən beynəlxalq aləmə mesaj kimi, digər tərəfdən öz komandasını sakitləşdirmək cəhdi kimi qiymətləndirilir. Siz necə hesab edirsiniz?
– Hər iki motiv var. Nə qədər gizlətməyə çalışsalar da, hakimiyyətdə narahatçılıq var. Bu tipli korrupsiyaya uğramış avtoritar rejimlərdə adətən özləri də başa düşür ki, hər bir dəyişiklik hakimiyyətin zəifləməsinə, hakimiyyətin dağılmasına gətirə bilər. Ona görə də bu cür mesajlar verilir ki, Azərbaycanda heç nə baş vermir, hakimiyyət öz siyasi xəttini davam etdirəcək, sabitliyi qoruyacaq. Bu beynəlxalq ictimaiyyətə bir mesajdır ki, biz varıq, güclüyük, hər bir təzyiqlərə davam gətirə bilərik. Eyni zamanda daxili auditoriyaya ünvanlanan bir mesajdır. Həm də iqtidara bir mesajdır ki, qorxmayın, biz heç nəyi dəyişməyəcəyik, narahatçılığa heç bir səbəb yoxdur, biz öz birliyimizi saxlayacağıq. Lakin bütün avtoritar rejimlər son saatına, son gününə qədər öz gücünü, birliyini nümayiş etdirməyə çalışırlar. Lakin sonda görürük ki, narazılıq güclənibsə, bu cür mesajların xeyri yoxdur, nə də bu prosesin qarşısını zor gücünə almaq cəhdləri uğurlu olur. Azərbaycanda hələ də real imkanlar var ki, dinc, dialoq yolu ilə islahatlara başlansın. Sosial narazılığı azaltmaq və islahatlarla çətin dövrü uğurlu başa vurmaq şansı qalmaqdadır. Növbəti seçki mərhələsində isə iqtidarın siması dəyişdirilməlidir. Ictimai Palata hakimiyyəti buna dəvət etməklə kifayətlənmir. Biz o istiqamətdə bütün addımları atmağa hazırıq. Beynəlxalq aləm də Azərbaycan iqtidarını məhz bu yola dəvət edir. Diplomatlarla görüşdə də bunu gördük. Iqtidar üçün düşünməyə vaxt var. Lakin bu vaxt məhduddur. Ölkədə siyasi, sosial narazılıq sürətlə artır. Bu cür narazılığın artması vəziyyəti tamamilə idarəolunmaz həddə gətirə bilər. Nə Ictimai Palata, nə də beynəlxalq aləm bunda maraqlıdır. Iqtidar özü də maraqlı deyil ki, ölkədə sosial partlayışlar baş versin. Ona görə bu vəziyyətə çatdırmamaq üçün indidən köklü islahatlara başlamaq lazımdır. Bu istiqamətdə bütün aparıcı siyasi qüvvələrlə Azərbaycanın məsuliyyətini daşıyan hakim strukturlar dialoq aparmalıdır.
Fizzə Heydərli