Diplomatların Ictimai Palata liderləri ilə görüşü hakimiyyət düşərgəsində bu dəfə də bir çaxnaşma yaratdı. Çalışdılar ki, bu dəfə bir azca ölçülüb-biçilmiş münasibət göstərsinlər, amma bacarmadılar. Gözümə bir açıqlama dəydi və o mənə çox maraqlı göründü: “… Diplomatlar niyə başqa kateqoriyadan olan insanlarla görüşmürlər?”. Maraqlıdır, görən bu hansı kateqoriyadır? Bu fikri o qədər də başa düşmədim. Bəlkə “başqa kateqoriya” deyəndə hakim partiyanın adamlarını nəzərdə tuturlar? Bilmirəm. Bunlar onsuz da tapmaca ilə danışmağı xoşlayırlar. Bundansa etirazların dinamikası haqda danışsaq daha yaxşı olar. Mənə elə gəlir ki, proses normal gedir. Lakin mən bir detalı başa düşmürəm. Rusiyada bir-iki aksiya oldu, siyasi səhnəyə bir neçə yeni sima çıxdı. Amma biz öz səhnəmizdə hələ də 80-ci illərin fəallarını və bir də hakimiyyət sferasından uzaqlaşdırılmış məmurları görürük. Rusiyada həmin o yeni adamlar özlərini cangüdənlərlə əhatə etmədilər, hətta ölkənin ilk 100 siyasətçisi siyahısında görünmək belə onlara təsir etmədi və onlar heç kimə “Mənim ətrafımda birləşin!” – demədilər. Bu haqda bir dəfə yazmışdım.
Rusiyada əsl izotimik proses gedir. A.Navalnıy liberalların və S.Udaltsov da solların lideri olmaq iddiasında deyillər, onlar özlərini daha çox vətəndaş cəmiyyəti fəalı kimi aparırlar. Bizdə isə proseslər bir qədər fərqli gedir. Indi ciddi bir ixtilaf hiss olunmur. Amma seçki yaxınlaşanda hamı başqalarını öz ətrafında “sıx birləşməyə” çağırır. Uğursuzluq olanda da camaatımız bircə “səbəb” göstərir: “filankəsin ətrafında sıx birləşmədilər və ona görə də bir nəticə hasil olmadı, uğursuzluğa düçar olduq!”. Lakin uğursuzluğun səbəbi budurmu? Güman etmirəm. Biz ona görə “uduzuruq” ki, ölkədə seçkiləri bir qayda olaraq total şəkildə saxtalaşdırırlar və bizim də bu prosesə maneçilik törətməyə imkanımız olmur. Bir dəfə “Hansı yol azadlığa aparır?” adlı yazım dərc olunmuşdu. Orada geniş formatlı vətəndaş hərəkatı haqda yazmış və bunu bu gün üçün ən düzgün addım kimi təqdim etmişdim. Bilirsiniz, bir maraqlı məsələ var. Bizi bu ölkədə vətəndaş hesab edirlərmi? Vətəndaşlıq o vaxt olur ki, sən ölkənin idarə olunmasında iştirak edirsən, onun çox vacib funksiyası elə iştirakçılıqdır. Bu iştirak ölkədə keçirilən seçkilər, plebesitlər və referendumlar vasitəsilə olur. Bunlar formal şəkildə bizdə var. Amma tək formal şəkildə, əslindəsə bizim səsimiz və rəyimizlə heç kimsə maraqlanmır və buna məhəl qoymur. Dünya ölkələrində geniş formatlı vətəndaş hərəkatı çox olub. Misal kimi M.L.Kinqin başçılıq etdiyi hərəkatı göstərmək olar. Bəlkə M.L.Kinq sağ qalsaydı o da prezidentlik iddiasına düşəcəkdi. Amma indi biz bu haqda heç nə deyə bilmərik. Hər halda, sağlığında Kinq heç kimə demirdi ki, mənim ətrafımda birləşin, mən hakimiyyətə gələcəm! Deyirlər hakimiyyət söhbəti olmayanda adamları cəlb etmək, maraqlandırmaq olmur! Amma bu, əslində belədirmi? Əksinə mən çox adamdan eşitmişəm ki, əşşi, bunlar da elə kürsü davası eləyirlər!.. Bəli, çox adam məhz bu səbəbdən geniş format tələb edən hərəkata qoşulmur. Təbii ki, siyasətin predmeti hakimiyyətdir və heç kim bunu inkar etmir. Amma hər şeyin öz vaxtı, öz vədəsi var…
Kiçik sözardı
Bu yazını da belə bitirdik. Bilmirəm, harada oxumuşam, amma maraqlı fikrə rast gəlmişəm. Deyir ki, qaranlığın dalınca deyinməkdənsə, bir şam yandırın. Indi mən də başa düşürəm ki, çox şey yazmaq olar, lakin bir dinc aksiya və tədbir keçirmək tamam başqa məsələdir. Amma nə etmək olar? Bacardığımı edirəm. Təəssüf ki, bir çox hallarda bəzi insanların etdikləri qeyd olunmur…
Söhbət düşəndə deyirlər ki, əşşi, jurnalistlərdir də, yazırlar. Olsun. Buna da etirazımız yox, nə deyirlər, qoy, desinlər. Əsas məhz bayaq dediyim o şamı yandırmaqdır. Onun kimin əlində olmasının isə o qədər əhəmiyyəti yoxdur! Əsas odur ki, şam yanır və işıq saçır… Bizə də elə bu lazım deyilmi? Məgər biz zülmətdən qurtulmaq istəmirikmi? Bəli, mənə elə gəlir ki, əsas budur və qalan şeylər, sadəcə bir fondur…

Geniş formatlı hərəkata necə keçmək olar?
•