Aslan İsmayılov Gəncə hadisələrindən danışdı

«Mətləb Mütəllimova bildirdim ki, rəyi mənə təqdim etsin, tanış olmaq istəyirəm, o mənə dedi ki, rəy 15-20 günə hazır olacaq»

Keçmiş korpus komandiri Isa Sadıqov Gəncə hadisələri ilə bağlı “Azadlıq”da dərc olunan son yazısında maraqlı bir məqama toxunub. Isa Sadıqov bildirib ki, Gəncə hadisələri ilə bağlı yaradılan istintaq komissiyasının üzvlərindən yalnız vəkil Aslan Ismayılov onu dindirib. “Məni yalnız iyul ayında təkrarən Gürcüstan üzərindən Bakıya gedən zaman dinlədilər. Orada ifadə verə bildiyim yeganə şəxs Aslan Ismayılov oldu. Başqa komissiya üzvləri ilə də görüşdüm, amma onlara öz ”həqiqətləri” lazım idi”,- deyə Isa Sadıqov bildirib(Bu hissə qəzetdə səhvən belə gedib: Bu səfərimdə Aslan Ismayılova və komissiyanın bir neçə başqa üzvünə ifadə verdim. Amma aşkar görürdüm ki, mənim ifadələrim komissiya üzvlərini maraqlandırmır, onlara öz “həqiqətləri” gərəkdir).
Aslan Ismayılov “Azadlıq”a açıqlamasında Isa Sadıqovun dediklərini təsdiqləyib və bəzi təfərrüatları diqqətimizə çatdırıb: “Isa Sadıqovun yazılarını diqqətlə izləyirəm. Mənimlə bağlı məqam barədə onu deyə bilərəm ki, Gəncə hadisələri ilə bağlı deputat istintaq komissiyası yarananda mən Prezident Aparatının dövlət hüquq şöbəsində baş məsləhətçi vəzifəsində çalışırdım. Şöbənin müdiri isə Fazil Qəzənfəroğlu idi. O, məni otağına dəvət edərək bildirdi: ”Prezident Əbülfəz Elçibəy məsləhət bilib ki, siz hakimiyyətin tərəfindən istintaq komissiyasının işində iştirak edəsiniz”. Mən buna etiraz etdim və dedim ki, bəy, mən heç kimin tərəfindən komissiyanın işində iştirak edə bilmərəm. Mən ancaq həqiqətin tərəfində ola bilərəm. Bununla da söhbət bitdi. Bir-iki saat keçəndən sonra isə Fazil Qəzənfəroğlu yenidən məni otağına dəvət etdi və bildirdi ki, Əbülfəz bəy deyir ki, Aslan Ismayılov komissiyanın işində iştirak etsin, çünki bizə elə həqiqət lazımdır. Beləliklə də mən komissiyanın tərkibində Gəncəyə yola düşdüm. Mətləb Mütəllimovun sədrlik etdiyi deputat istintaq komissiyanın üzvləri arasında praktikanı bilən hüquqşünas yox idi. Ona görə də protokollaşdırılan bütün dindirmələri mən aparırdım. Mən orada Ixtiyar Şirinov, Sülhəddin Əkbər, Qalib Məmmədov, Qazaxlı Alik, MTN-in bütün rəhbər şəxslərini dindirdim. Və situasiya mənə bəlli oldu”.
Aslan Ismayılov deyib ki, Isa Sadıqovun adını birinci dəfə Gəncədə olarkən eşidib: “Mən Isa Sadıqovun qanuni mövqedə olduğunu bilib, onu dindirmək istədim. Lakin onu tapa bilmədim. Sonradan mən öz əlaqələrim vasitəsilə öyrəndim ki, Isa Sadıqovun həyatına təhlükə olduğu üçün o, Gürcüstandadır. Mən Bakıya qayıtdıqdan sonra da Isa Sadıqovu axtarmağa davam etdim. Bir nəticə olmadı. Səhv etmirəmsə iyul ayının 22-də – həmin vaxt Heydər Əliyevin Surət Hüseynovla Milli Məclisdə birinci görüşü idi – mən Milli Məclisdəki prezident otağında oturmuşdum. Komissiya bu otaqda işləyirdi. Mənə dedilər ki, Isa Sadıqov gəlib. Mən onunla görüşdüm və etiraflı ifadəsini aldım. Isa Sadıqov nə baş veribsə, olduğu kimi danışdı. Yəni, əsl həqiqəti söylədi. Mən baş verənlərdən məlumatlı olduğum üçün onun həqiqəti danışdığını əminliklə söyləyirəm. Isa Sadıqov mənə bildirdi ki, həyatına təhlükə olduğu üçün Qazax yolu ilə Balakəndən Azərbaycana gəlib. Isa Sadıqovun həyatına Bakıda da təhlükə var idi. Ona görə də mən o zaman Səbayel Polis Idarəsinin rəisi olan Nazim Yolçuyevi tapdım və onu parlamentə dəvət edərək Isa Sadıqovu sağ-salamat Bakıdan çıxarmasını xahiş etdim”.
Aslan Ismayılovun sözlərinə görə, komissiyanın rəyi ilə tanış ola bilməyib: “Komissiyanın üzvü olmadığıma görə Mətləb Mütəllimova bildirdim ki, rəyi mənə təqdim etsin, tanış olmaq istəyirəm. Lakin Mətləb Mütəllimov mənə dedi ki, rəy 15-20 günə hazır olacaq. Həmin ərəfədə Krasnodarda bir dostumun problemi yaranmışdı. Bununla əlaqədar mən 3 günlük ora getdim. Krasnodarda olduğumun ikinci günü evə zəng edəndə isə bildirdilər ki, rəyi oxudular və orada yazılanlar sənin dediklərin kimi deyildi. Beləliklə də bütün ifadələr, ümumiyyətlə komissiyanın işi faktiki olaraq nəzərə alınmamışdı”.   
Vəkil əlavə edib ki, həmin vaxt ona ciddi təzyiqlər var idi və o yaxın günlərdə bu və Gəncə hadisələrindəki digər qaranlıq məqamlar barədə “Azadlıq”a geniş müsahibə verərək həqiqətləri ictimaiyyətə çatdıracaq. Qəzetimizi izləyin…

Seyid