Ilham Əliyevin saatı ilə bağlı mübahisə hələ də gündəmdədir. Bu haqda yazmaq fikrində deyildim, amma bəziləri yenə də soruşur ki, “Azadlıq”“” qəzetinin əlində belə fakt olubmu. Mən təəccüb edirəm, hələ də bizim insanlar öz hüquqlarını bilmir, hələ də özlərini orta əsr təbəələri kimi aparırlar. Prezidentin hər addımını, hər sözünü, hər görünüşünü sorğu etmək, qiymətləndirmək təkcə mətbuatın deyil, bütün vətəndaşların haqqıdır. Vətəndaşlardan biri də sual edib ki, prezidentin qolundakı bahalı saat haradandır. Bahalıdır, bahalı deyil, amma vətəndaş öz gümanını sora və yaza bilər. Mətbuat da bunu yaya bilər.
Deyə bilərsiniz ki, bəlkə bu iddia və güman yanlışdır. Məsələ ondadır ki, yüksək vəzifə tutmayan vətəndaş onun haqqında belə bir xəbər yayıldıqda tələb edə bilər ki, qəzet həmin saatla bağlı iddiasını sübut etsin.
Amma bu, prezidentlə bağlı olduqda məsələ tamam başqadır. Çünki şəffaflığı təmin etmək onun öz vəzifəsidir. Prezident ondan sorulmadıqda belə, bütün gəlirləri, mülkü barədə hesabat verməlidir. Elə həmin saat barədə də. Hətta ona verilən kiçik hədiyyələr barədə. Odur ki, o, bu cür sual və iddialara cavab verməyi vəzifəsi saymalıdır. Bütün dünyada belədir. Belə olmasını qəbul etməyənlər isə prezident olmur və adi vətəndaş həyatını yaşayır. Ictimai vəsaitləri idarə edən, ölkəni yönəldən insanlar isə həmin gerçəkliyi qəbul etməlidir.
Eynulla Fətullayevin bloqçu Vəfa Cəfərovanın məsuliyyətsizlik etməklə “Azadlığ”ı pis vəziyyətdə qoyması”“nı deməsi isə “Azadlığın” qayğısına qalmaq”“ deyil, Ilham Əliyevin haqlı olmasına, faktın yalan çıxarılmasını göstərməyə xidmət edir. Guya hakimiyyət bundan yapışıb mətbuatımızın yalançı olduğunu dünyaya yayacaq. Sanki dünyanın heç nədən xəbəri yoxdur və kimin kim olduğunu da elə bu hadisədən sonra biləcəklər.
Əslində, adi bir hadisədir və “Azadlıq”“ vətəndaş mövqeyi sərgiləyib. Bu suallar bütün məmurlara verilməlidir. Avropa Insan Haqları Məhkəməsinin bir çox qərarları isə mətbuata ictimai xadimlər və məmurlar barədə bu cür mövqe sərgiləməyə əsas verir. Ortada jurnalistika xəbəri üçün əsas olan şəkil də var. Iddia da həmin şəkildən yaranıb.
Saatın qoldakı halını göstərən foto və videoları ortaya qoymaqla (təbii ki, keçmiş tarixə aid), iddianın doğru olub-olmadığını sübut etmək nə böyük işdir?! Prezidentin mətbuat xidmətinin fəaliyyəti xalqın vergiləri ilə təmin edilir. Onlar bunu niyə etmir ki?
Bu halda “Azadlıq”“” saatın qiymətinin, markasının fərqli olduğunu yazmalıdır. Tutaq ki, bloqçu da, qəzet də bu barədə heç nə yazmayıb, amma həmin şəkil əsasında xalq arasında gümanlar yayıla bilər ki, bəs o saatın qiyməti 800 min dollardır. Məgər mətbuat xidməti buna aydınlıq gətirməkdə maraqlı olmamalıdır?
Üstəlik, prezidentin mətbuat xidmətinin prezidentə görə kimisə məhkəməyə vermək hüququ yoxdur. Şəxs bununla bağlı iddianı özü qaldırmalıdır. Ya da onun özünün etibarnamə verdiyi şəxs. Mətbuat xidməti prezidentin adından çatdıra bilər ki, o, qəzeti məhkəməyə vermək fikrindədir. Amma mətbuat xidməti qəzetə ultimatumu öz adından verib.
Azərbaycanda hər şeyə orta əsr idarəçiliyi təfəkkürü ilə yanaşıb, görkəmi müasirliyə, zamanı isə mahiyyətcə bir neçə əsr geriyə çəkməklə saat davası döymək çox qəribə görünür.

Zamanı əsrlərlə geri çəkənlərin saat davası
•